Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:33

Gürcüstandan kartof gətirmək istəyən sürücünün başına gələnlər...


arxiv foto
arxiv foto
-
Astara sakini Elçin Babayev Gürcüstandan kartof gətirib qazanmaq istədi, ziyana düşdü. Məsələ burasındadır ki, onunla nəqliyyat nazirliyinin əməkdaşları arasında problem yaranıb. Elçin Babayevin sözlərinə görə, gömrükdə ona deyiblər ki, yüklərin standarta uyğundur, sənədlərin də yerindədir. Lakin nəqliyyat nazirliyinin işçiləri yükün çox olduğunu iddia edərək onu 700 manat cərimə ediblər:

“DEDİLƏR ÇIXMALISAN TƏRƏZİYƏ”

Elçin Babayev
Elçin Babayev
“Qanuni sürətdə gömrükdən çıxmışam, orda gömrüyün içində tərəzi də var. Tərəzi də göstərib 42 ton. Gömrüyün sənədlərini də qeydiyyatdan çıxarmışam, çıxmışam Azərbaycan tərəfinə. Azərbaycan tərəfinin 13 kilometrində tərəzi var. Sınıq körpünü keçəndən sonra Nəqliyyat nazirliyinin tərəzisi var. Dedilər çıxmalısan tərəziyə. Mən də çıxdım tərəziyə. Mənə dedilər ki, sənin maşının 38 ton olmalıdır. Mən dedim Gürcüstandan gəlirəm, qanuni möhürlənmiş yükdür. Kim buna əl dəyə bilər”.

Elçin Babayevin sözlərinə görə, bu məsələ ilə bağlı gömrük işçiləri ilə nəqliyyat nazirliyinin işçiləri arasında narazılıq yaranıb. Gömrük işçisi Gürcüstandan gələn kartofla dolu nəqliyyat vasitəsini qanunsuz saxladıqlarına görə onlara irad tutub:

“DEDİLƏR Kİ, NƏ QƏDƏR BU SÜRÜCÜLƏRİ İNCİDƏCƏKSİNİZ?”

“Gömrük işçilərindən iki nəfər gəldi çıxdı ora. Gömrük işçisi dedi ki, dəfələrlə sizə məktub gətirmişik. Sizin ixtiyarınız yoxdur Gürcüstandan gələn maşınları burda saxlayasınız. Gömrük işçiləri ilə nəqliyyat işçiləri yarım saat mübahisə etdilər. Dedilər ki, nə qədər bu sürücüləri incidəcəksiniz? Dünəndən qalıb ac-susuz. Bu qanuni yükdür. Bunu aparmalıdır. Maşının yükləri 24 saata, 36 saata olmalıdır Bakıda, gömrükdə. Bunlar da mənim sənədlərimi gətirdilər verdilər”.

Elçin Babayevin sözlərinə görə, bildiriblər ki, bu məsələ ilə bağlı onu narahat edən olmaz və ixtiyarları da yoxdur:

“ARADAN 10 GÜN KEÇMƏMİŞ...”

“Dedilər ki, əgər sənin imzan yoxdursa sənəddə, sənə heç nə edə bilməzlər. Gömrük işçisi də dedi, nəqliyyat müfəttişi də. Mən də çıxdım gəldim. Aradan 10 gün keçməmiş gördüm nəqliyyat nazirliyindən evə məktub gəlib ki, sən gəl ora. Mən də getdim ora. Dedi biz bu işi nazirliyə vermişik”.

MƏKTUBLAR VAXTINDA YETİŞMƏDİ VƏ 700 MANAT CƏRİMƏ OLUNDU...

Cərimə ilə bağlı Elçin Babayevin ünvanına 3 məktub daxil olub. Birinci məktub Nəqliyyat Nazirliyi “Azəryolservis” acıq tipli səhmdar cəmiyyəti 85 saylı Yol İstismarı MMC-dən gəlib. Məktubu Cavid Qurbanov adlı şəxs imzalayıb. Məktubda bildirilir ki, Elçin Babayev 20 noyabrda adı çəkilən təşkilatda olmalıdır. Məktub gecikib, üstündə 23 noyabr tarixini göstərən Astara poçtunun möhürü vurulub.

İkinci məktub Nəqliyyat Nazirliyinin Nəqliyyat Müfəttişliyi şöbəsinin müdiri Namiq Əliyevin imzası ilə gəlib. Bu məktubda da Elçin Babayevdən 10 dekabrda nazirliyə, 403 saylı otağa gəlməsi tələb olunur. Bu məktub da gecikib. Məktubun üstündə Astara poçtunun 16 dekabr tarixli möhürü var.
Üçüncü məktub da Namiq Əliyevin imzası ilə gəlib. Bu dəfə Elçin Babayeva inzibati tənbehin tətbiq edilməsi haqqında qərar da göndərilib. Qərarda deyilir ki, Elçin Babayev İnzibati Xətalar Məcəlləsinin 163.1.3 maddəsi ilə təqsirli bilinir və 700 manat cərimə olunur.

Elçin Babayev deyir ki, nazirlikdə olub. Nazirlikdə ona bildiriblər ki, geçikmisən. O, məktubların ona gec çatdığını deyib. Nəqliyyat nazirliyinin işçiləri isə ona bildiriblər ki, heç nə edə bilməzlər. Elçin Babayevin deməsinə görə, son 2 ayda qazandığı 700 ABŞ doları olub, onu isə 700 manat cərimə ediblər. Lisenziyaya görə də hər ay pul ödəyir. Texniki baxışa və digər ödəmələrə görə pul verir. O deyir ki, Azərbaycanda yük maşını işlətmək qazanc vermir. Buna görə də maşını Bakıda qoyub evə, Astaraya qayıdıb. İki uşağı var, onlardan biri xəstədir:

LİSENZİYA VƏ BAŞQA “HAQ”LAR...

“Mən bir ilə 700 manat qazana bilmirəm. İş də yoxdur. 10-15 gün Gürcüstanda qalmışam, nədi-nədi yük tapacağam, Azərbaycana gətirəcəyəm, bu da belə. İmkan vermirlər. Aya 1200 manat lisenziyadır. Bir ay ödəməmişdim deyə, məni 150 manat cərimə etdilər. Onu bir ilə vuranda 1500 manat edir. Daha sonra texniki baxış 750 manatdır. Ay olur heç nə qazanmırıq. 15 günlərlə İranda qalırıq”.

Nəqliyyat Nazirliyində isə bizə bildirdilər ki, Elçin Babayevin cəriməsi icra olunmaq üçün göndərilib müvafiq təşkilatlara:

“İNDİ MƏN NƏ EDƏ BİLƏRƏM”

“Bura gəlsəydi görərdik, gəlməyib. Cəriməsini icraya göndərmişik. Tərəzidə olub. Tərəzi göndərir, şəkilin də çəkir, kaseti də çəkir, hamısını sənədlə göndərir. Biz də bildiriş göndəririk sürücüyə ki, gəl bax, bəlkə narazısan, bəlkə düz çəkməyiblər. Onlar da gəlmirlər. İndi gecikib, o poçta deməlidir ki, geçikdirib. Məhkəmə çağırsa, zərfləri də göstərsin. İndi mən ona nə edə bilərəm”.

Hüquqşünas Elman Hüseynov deyir ki, sürücü məhkəməyə müraciət edə bilər.

İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, Azərbaycanda nəqliyyat vasitələrinə tətbiq edilən yüksək məbləğdə cərimələr heç də sürücünü islah etmək məqsədi güdmür. Əksinə cərimələr sahibkar sürücüləri müflis edir. Onun fikrincə bu cərimələr büdcəni doldurmaq üçündür.
XS
SM
MD
LG