Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:25

Günel Mövlud. Bizim kişilər


Günel Mövlud
Günel Mövlud
-

Dostların, maarifçilərin, Dalğaçıların, Nidaçıların yanında demokratiyadan, qadın-kişi bərabərliyindən, müasirlikdən danışmağa nə var ki?

Oğulsan, bunları doqquztuman ananın, tesbehli atanın, bığlı qardaşın, namusunun küləyi adamı beş metrdən vuran yeznənin yanında danış və müasir arvadını onlara təqdim elə.



Günel Mövlud


BİZİM KİŞİLƏR

Qasığındakı tüklərə qurban gedən qadının hekayəti


Bir neçə gün əvvəl qadınlarımız barədə yazı yazmışdım. Yazının «qəhrəman»ları özlərini çox tez ifşa elədilər. Kişilər isə, gördüyüm qədərilə oxuyub, xeyli kef elədilər. Amma məsələ o qədər də sadə deyil…

Reaksiyalardan gördüyüm qədərilə qadınlı-kişili hamı elə anladı ki, mən ölkədə qadın-kişi münasibətlərinin çətinliyinin, gərginliyinin, bozluğunun bəzən də ucuzluğunun bütün günahını qadının boynuna yıxmış oluram. Belə çıxıb ki, bizim kişilərdə heç bir qüsur, problem yoxdur. Günahların hamısı Azərbaycan qadınındadır və o qadın Azərbaycan kişisini xoşbəxt olmağa qoymur. Əsla və bir daha əsla…

Gəlin, Azərbaycan kişisinə də bir nəzər salaq. Bəri başdan deyim ki, istisnalar var və onlar qaydaları dəyişmir. Hamınız kimisə misal çəkə bilərsiniz. Amma o kişilər elə misal çəkmək üçündür və istisnalardır.

Azərbaycan kişisi necədir?

Tipik Azərbaycan kişisinin həyatının leytmotivi namusdur. Namusun göstəricisi isə ailəsindəki qadınların cinsi həyatının qanuni olub-olmamağıdı. Yəni Azərbaycan kişisi bütün həyatını ona hesablayıb ki, anası, bacısı, qızının nikahdan, özü də mümkünsə mütləq molla nikahından, toydan xaric cinsi əlaqəsinə mane olsun. Özü mütləq bakirə, hətta mümkünsə, əli kişi əlinə dəyməmiş qız alsın. Daha yaxşı olar ki, o qız həm də savadsız olsun, başı heç nədən çıxmasın. Evdən, mətbəxdən başqa heç bir yer tanımasın. Harasa gedəndə ondan icazə alsın. O icazə vermədiyi halda, arvadı harasa getməyi ağlına sığışdırmasın.

İşin ən maraqlı və iyrənc tərəfi budur ki, elə bizim böyür-başımızdakı, dostlarımız, yoldaşlarımız olan, oxumuş, dünyagörüşlü, kifayət qədər ləyaqətli kişilərin çoxu da bu şərtlərlə evləniblər. Bu oxumuş, savadlı, ləyaqətli kişilərin çoxu korazehin, itaətkar, sadəlövh, kişiyə ancaq «pul qazan, məni, uşaqlarını saxla» tələbini irəli sürə bilən «ev qızları» ilə evlənməyi özləri ilə birlikdə təhsil alan, işləyən, dostluq edən savadlı, maraqlı, sərbəst, işgüzar qadınlarla evlənməkdən üstün tutublar.

Fikir verməmisinizmi, dostlarınız olan kişilərin çoxu illər uzunu dost məclislərinə, təqdimatlara, tədbirlərə, hətta toylara tək gəlirlər. Çünki özlərinin savadsız, korazehin, iki kəlmə sözü dalbadal quraşdırıb deyə bilməyən arvadlarını bütün günü elmdən, maariflənmədən, siyasətdən, demokratiyadan, insan haqlarından danışdıqları yoldaşlarının arasına çıxarmağa utanırlar. Sözün əsl mənasında arvadlarından utanırlar.

Amma belə, arvadlarından utana-utana yaşamağı dostlarının arasına, tədbirlərə, məclislərə çıxara biləcəkləri savadlı, dünyagörüşlü, müstəqil, işgüzar, müxtəlif şeylərdən danışmağı bacaran qadınlarla evlənməkdən üstün tuturlar. Çünki hamısı ikili həyat yaşayır. Dostların, maarifçilərin, Dalğaçıların, Nidaçıların yanında demokratiyadan, qadın-kişi bərabərliyindən, müasirlikdən danışmağa nə var ki? Oğulsan, bunları doqquztuman ananın, tesbehli atanın, bığlı qardaşın, namusunun küləyi adamı beş metrdən vuran yeznənin yanında danış və müasir arvadını onlara təqdim elə.

Elə buna görə də,Amerikada, Avropada, hətta Rusiyada müasir olmağı, ən azı, müasir görünməyi bacaran, qadından iki ayağının arasının namusunu, itaət, bozbaş yox, əsl qadınlıq, nəvaziş gözləyən, qadınlığı qiymətləndirən kişilər Azərbaycana qayıdandan sonra maskalarını cırıb atmalı olurlar.

Amerika, Avropa, rus qadınından gördüyü nəvazişi, qadınlığı, seksual fantaziyanı öz qadınlarından görəndə bunu əxlaqsızlıq kimi qiymətləndirirlər. Amerika, Avropa, Rus qadını üçün məziyyət ola biləcək şeylər, hərəkətləri bizimkilər eləyəndə bu, onların gözünə əxlaqsızlıq, korlanmışlıq, antimillilik kimi görünür.

Sözün ki yeri gəldi, bir hadisə danışmaq istəyirəm. Hardasa 10 il əvvəl aran rayonlarının birində qonaq idim. Həmin ərəfədə bir qətl hadisəsinin baş verdiyini eşitdim. Ər arvadını baltalamışdı. Qatil 5 ildir, Rusiyada işləyirmiş. İldə bir dəfə rayona, arvadına baş çəkir, bir həftədən sonra yenə Rusiyaya qayıdırmış. Bu dəfə də Rusiyadan evinə qayıdır və elə həmin gecə də arvadını baltalayır. Bir neçə gündən sonra qətlin səbəbi ağızdan- ağıza gəzərək, bizə də çatdı.

Sən demə, illərdir təkbaşına ər yolu gözləyən, ildə bir dəfə ər, kişi üzü görən qadın biz az şirinlik eləmək istəyib. Ərinin gələcəyini eşidib, özünə əl gəzdirib. Bədəninə əl gəzdirəndə, siz də məni bağışlayın, qasığındakı tükləri də təmizləyib. Kişinin qızı allah qoymasa, istəyib ki, seksual həyatına bir az fantaziya qatsın. Buna görə də, qasığındakı tükləri təmizləyəndə bir balaca «yaradcılıq»a yol verib. Orada bir xətt tük saxlayıb. Rusiyadan evə qayıdan ər həmin gecə arvadının aşağı hissəsini görəndə başına hava gəlib. Düşünüb ki, arvadı artıq pis yola düşüb və əxlaqsız qadınlardan belə şeylər öyrənib. Xəyanət faktının dəqiqliyinə əmin olan kişi ancaq fağır arvadı baltalayandan sonra özünə gələ bilib.

Sizə gülməli gələ bilər, amma bir qadın sözün əsl mənasında on-on beş dənə tükün güdazına gedib. On-on beş dənə tükün bədəlini öz həyatı ilə ödəməli olub. Bu da sizə Azərbaycan qadınının seksual həyatını zənginləşdirmək, rəng qatmaq istəyinin türklər demiş, hazin sonu…

Uzun sözün qısası, Azərbaycan kişimərkəzçi ölkədir. Bu ölkədə qararları kişilər qəbul edir. Qaydaları kişilər müəyyən edir. Bu ölkədə hər şey kişilər üçündür. Kişinin ailəyə, ənənələrə, mentalitetə, dinə etirazı daha az aqressivlik, daha az müqavimətlə qarşılanır. Yəni bizim kişilər istəsələr, öz qadınını müasir, işvəkar, şux qadınlara çevirə, ya da belə olmaqda onlara kömək edə bilərlər. Bu sözlər, həmçinin, qadınlara da aiddir. Onlar da müasirliklərinin yanına aqressiya yox, nəvaziş, savadlarının yanına ətiacılıq yox, qadınlıq, feministliklərinin yanına zəhlətökənlik yox, qayğıkeşlik, xoş üz, təvazökarlıq əlavə eləsələr, çox şeylərə nail ola bilərlər.

Bizim bəxtimizə elə bir ölkə düşüb ki, burada kişilər özlərinə müasir qadın, qadınlar özlərinə müasir kişi düzəltməlidirlər. Hazır qadını, hazır kişini tapmaq çətindi və bu ancaq tək-tük xoşbəxtlərə nəsib olur… çox vaxt da o xoşbəxtlər heç öz xoşbəxtliklərinin fərqində olmurlar…

Bu dəfə kişilər barədə oxuyub, məmnun qalacaq qadınlar «Birtərəfli yanaşma qadınlara qarşı ədalətsizlikdir, sən biz kişilərin də mahiyyətindən yaz» deyərək, məni bu yazını yazmağa həvəsləndirən həyat yoldaşıma təşəkkür edə bilərlər…
XS
SM
MD
LG