Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:14

Əlilin bacısı: «Qardaşım get-gələ salınırdı, axırda özünü yandırdı»


xəstəxana
xəstəxana
-
Yanvarın 27-də Yevlax rayon sakini, 45 yaşlı Nizami Kərimov özünü Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin qarşısında yandırıb.

O, ikinci qrup əlildir.

Nizami Kərimovun bacısı Yazgül Abdullayeva deyir ki, qardaşı çox kasıb yaşayıb. Keçən il sosial müavinət alırmış. Bu il də sosial müavinət almaq üçün müraciət edib. Ancaq onu hər gün get-gələ salıblar:

«Qardaşım əlildir, 50 manatdan bir qədər çox pensiya alır. Ayağı iflicdir, get-gedə yeriyə də bilmirdi. Heç haradan gəliri yoxdur. 3 övladı var. Neçə vaxtdır gedib gəlirdi ki, bəs mənə müavinət verin. Balacası 3 yaşındadır. Vermirdilər, deyirdilər get, 10 gündən sonra gəl, 1 aydan sonra gəl, düzlədərik, 6 ayını bizə ver, 6 ay sizin olsun. Bax belə olub. Dünən də getmişdi. Bu səhər də gedib, orada nə deyiblər, nə deməyiblər, qayıdıb benzini götürüb, təzədən gedib özünü yandırıb. Deyirlər vəziyyəti yaxşı deyil. Həkim deyir, vəziyyətinin necə olmasını sizə iki gündən sonra deyə bilərik».

BƏDƏNİN YARISI YANIB...

Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə yanvarın 27-si saat 11 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından AzadlıqRadiosuna bildiriblər ki, əlilin bədənin 50 faizi yanıb:

«Bədəninin ön tərəfi, kürək nahiyəsinin ümumi yuxarı ətrafları-ümumilikdə bədənin 50% termik yanığı ilə xəstəxanaya daxil olub».

Baş həkimin müavini Niyaz Hüseynov deyir ki, hazırda o, xəstəxananın reanimasiya şöbəsindədir.

Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi ilə əlaqə saxladıq. Dedilər ki, rəhbərlikdən heç kim olmadığına görə hər hansı məlumat verə bilməzlər.

İCRA BAŞÇISININ MÖVQEYİ...

Ayrı-ayrı KİV-lərdə bu məsələ ilə bağlı Yevlax rayon İcra Hakimiyyəti başçısı Qoca Səmədovun mövqeyi yayılıb. İcra başçısı Nizami Kərimovun keçən ilin oktyabrına qədər sosial müavinət aldığını təsdiqləyib. Başçının dediyinə görə, Nizami Kərimovun sosial vəziyyəti yaxşılaşdığı üçün müavinətin verilməsi dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə məsələnin araşdırıldığını bildiriblər.

CİNAYƏT İŞİ QALDIRILIB

Yevlax rayon sakini Nizami Kərimovun intihara cəhdi ilə əlaqədar Cinayət Məcəlləsinin «özünüyandırma həddinə çatdırma» maddəsi ilə iş qaldırılıb.

Bu barədə AzadlıqRadiosuna işi aparan rayon prokurorluğunun müstəntiqi Asim Yusubov məlumat verib:

«Hazırda məsələ araşdırılır. O əlil özünü Sosial Müdafiə Fondunun rayon şöbəsi qarşısında yandırıb. İndi araşdırma aparılır ki, onun özünü orda yandırmasına nə səbəb olub».
XS
SM
MD
LG