Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:59

İşçi müqaviləsiz çalışarsa, işəgötürən həbs oluna bilər...


Foto: Arxiv
Foto: Arxiv
-
Bir neçə il əvvəl Xəzər Dəniz Gəmiçiliyi İdarəsində işdən çıxarılan Tofiq Məhərrəmov illərdir öz hüquqlarının bərpasına nail ola bilmir. Üz tutmadığı dövlət qurumu qalmasa da, heç bir müraciət onun dadına çatmayıb:

«Məni attestasiya adıyla işdən çıxarıblar. Vermirlər deyə, bugünədək nə sonuncu əməkhaqqımı, nə də məzuniyyət pullarımı almışam. Pozulan hüquqlarımla bağlı prezidentə də, onun xanımına da müraciət etmişəm. Həmin müraciətlər prokurorluğa yönəldilib, prokurorluq da göndərib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə».

Ötən ilin dekabrında Milli Məclisin Cinayət Məcəlləsinə etdiyi dəyişikliklər prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla qüvvəyə minib.

Dəyişikliyə əsasən, əmək müqaviləsi hüquqi qüvvə qazanmadan xeyli sayda işçini hər hansı işlərin yerinə yetirilməsinə cəlb edən qurum on min manatadək cərimə olunacaq və ya sahibkara üç ilədək həbs cəzası veriləcək. Eyni pozuntuya yenə yol verən işəgötürəni yeddi ilədək həbs gözləyir.

Dövlət Əmək Müfəttişliyi rəisinin müavini Məhərrəm Məhərov dəyişikliyi müsbət qiymətləndirir:

«Bu dəyişiklikdə nəzərdə tutulan cəza 10 nəfərdən artıq işçini müqaviləsiz işə cəlb edən işəgötürənlərə tətbiq olunur. Müqaviləsiz çalışanların sayı 10 nəfərədək olarsa, sözügedən qurum İnzibati Xətalar Məcəlləsinə uyğun pul cəriməsi ödəyir».

«DAHA ƏVVƏL XEYLİ TƏDBİRLƏR GÖRMƏK LAZIM İDİ...»

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov həbs cəzasının effektli qayda-qanun yaradacağına çox da əmin deyil:

«Bundan əvvəl İnzibati Xətalar Məcəlləsində əmək müqaviləsinin bağlanmamasına görə, işəgötürən yerli qurum 25 min manat, əcnəbi qurum 35 min manat cərimələnə bilərdi. Baxın, pul cəzaları Cinayət Məcəlləsindən daha üstündür, amma heç bir effekti yoxdur. Azərbaycanda ərköyün şirkətlər və arxasında himayəçiləri var. Belə şirkətlər minlərlə müqaviləsiz adamı işlədir və hər hansı bir dövlət qurumunun nümayəndəsi ora heç yaxın da dura bilmir.
Sahib Məmmədov
Sahib Məmmədov
O üzdən qanunların sərtləşməsindən yenə də orta və xırda şirkətlər zərər çəkəcək. Deyə bilmərəm ki, qanunların belə sərtləşdirilməsi düz deyil, amma daha əvvəl xeyli tədbirlər görmək lazım idi. İndi Azərbaycanda işləyən hər 3 adamdan yalnız birinin əmək müqaviləsi var. Yəni 70 faiz elə-belə işləyir. Bunu tənzimləmədən cərimələri artırmaq, çətin ki, istənilən effekti versin».

«İŞÇİYƏ MİN MANAT VERİLİR, MÜQAVİLƏDƏ 150 MANAT GÖSTƏRİLİR»

Sahib Məmmədov işəgötürənlərin işçilərlə əmək müqaviləsi bağlamamasının səbəblərinə də toxunaraq deyir ki, əmək bazarındakı vəziyyətə görə, işçilər belə bir müqavilənin bağlanmasında maraqlı deyillər:

«Şirkət işçiyə deyir ki, bax, səninlə müqavilə imzalamasaq, 500 manat alacaqsan. Müqavilə imzalasan, sosial fonda, vergiyə pul ödəyəcəksən və bu səbəbdən sənə az maaş veriləcək. İşçi də daha çox pul alması üçün əmək müqaviləsinin imzalanmasına maraq göstərmir. Şirkət də işçini müqaviləsiz çalışdıranda xeyli ödənişdən canını qurtarır. Beləcə, vergidən və sosial ödəmələrdən yayınmaq üçün tərəflər əmək müqaviləsi imzalamaqdan yayınırlar. İmzalanan hallarda da ikili mühasibatdan istifadə olunur. Misal üçün, işçiyə 1000 manat verilir, amma müqavilədə 150 manat göstərilir».

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
AZƏRBAYCANDA 210 ƏMƏK MÜFƏTTİŞİ VAR...

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikrincə, əmək hüquqlarının qorunmasına nəzarət edən Dövlət Əmək Müfəttişliyi və həmkarlar ittifaqları öz işlərini normal qursalar, bu sahədə irəliləyiş tez bir zamanda görünəcək. Amma komitə sədri işəgötürənin sərtləşən tələblərə tam əməl edəcəyinə o qədər də inanmır:

«Cəzalar o qədər sərtdir ki, bundan qaçmaq üçün şirkət ya qanuna əməl etməli, ya da rüşvət verməlidir. Qanuna əməl etdiyi halda da, işçidən fərqli olaraq, işəgötürən xeyli itirir və həbsə düşməmək üçün problemi rüşvətlə həll etməyə meyllənəcək. Bu baxımdan cəzanı sərtləşdirmənin rüşvətə yol açacağından narahatam».

Ekspertlər əmək bazarına nəzarət edən müfəttişlərin say azlığının da dəyişikliyin səmərə dərəcəsini əngəlləyəcəyini düşünürlər. İndi bütövlükdə ölkə üzrə 400 minə yaxın işəgötürən olduğu halda bu sahəyə cəmi 210 müfəttiş göz qoyur. Bu, bütün işəgötürənlərin daim nəzarətdə saxlanmasını mümkünsüz edir.
XS
SM
MD
LG