Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:50

Sumqayıtda Qarabağ əlili özünü yandırmaq istəyib


Foto: Arxiv
Foto: Arxiv
-
Sumqayıtda üstünə benzin töküb özünü yandırmaq istəyən 1-ci qrup Qarabağ müharibəsi əlili Malik Məcidovun vəziyyəti kafidir.

Sumqayıt Mərkəzi Xəstəxanasından AzadlıqRadiosuna deyiblər ki, o, fevralın 14-də kimyəvi yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib:

«İndi palatadadır, bədənində kimyəvi yanıq xəsarətləri var, vəziyyəti kafidir».

«Qarabağ qaziləri» İctimai Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev deyir ki, Malik Məcidov ev problemi ilə əlaqədar şəhər icra hakimiyyətinin nümayəndələri ilə görüşüb. Həmin görüşdən sonra isə intihara cəhd edib:

«Malik Məcidov icra hakimiyyətinin binası qarşısında özünü yandırmaq istəyib. O, Daşaltı əməliyyatından sağ çıxan bir neçə nəfərdən biridir. Əsəbləri çox gərgindir. Yaxşı ki, həmin vaxt yanında olanlar ona alışqanı çəkməyə imkan verməyiblər. İndi xəstəxanadadır. Görünür benzinli paltar əynində çox qalıb və bədəninə zəhərlənmə verib. Bədənində qızartılar var. Əsəbləri çox gərgindir. Həkimlər onun bir qədər müalicəyə ehtiyac olduğunu deyirlər».

Son iki ayda bir neçə Qarabağ müharibəsi əlili özünü yandırmaqla intihara cəhd edib. Onlardan biri - ötən ilin dekabrında Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran 2-ci qrup Qarabağ əlili Zaur Həsənov xəstəxanada vəfat edib.

«ÖZÜNÜZÜ YANDIRMAYIN»

Fevralın 15-də «Qarabağ qaziləri» və «Vətən Müharibəsi Əlilləri» ictimai birlikləri birgə müraciət yayıblar. Müraciətdə deyilir ki, problemlərin həlli üçün intihar çıxış yolu deyil.

«Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlillərinin problemlərinin effektli həlli istiqamətində dövlət orqanları ilə çox ciddi işlər aparılır. Bütün Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranlarının həyatına müsbət təsir edəcək daha konkret işlərin görülməsinin müzakirəsinə başlanıb. Görüşlər və müzakirələr davam edir. Belə bir məqamda problemlərinizə görə özünüzə qıymayın» - deyə müraciətdə deyilir.
XS
SM
MD
LG