Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:29

«Sovetski» sakinlərini qəbul edən tapılmadı...


«Sovetski» sakinlərini qəbul edən tapılmadı...
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

«Sovetski» sakinlərini qəbul edən tapılmadı...

-
Kommunist dönəminin adı filmlərdə əbədiləşmiş məhəlləsində – Bakının «Sovetski» deyilən ərazisində yaşayan insanlar fevralın 17-də Köçürülmə Komissiyasına üz tutublar. Di gəl, bircə gün öncə keçirilən etiraz aksiyasında bolluca vəd alan bu insanları Köçürülmə Komissiyasında qəbul edən tapılmayıb. Niyə? Sadəcə ona görə ki, orada heç kimi tapa bilməyiblər. Köçürülmə Komissiyası da elə gözdənuzaq yerdə deyil, Yasamal rayon icra hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yerləşir.

«DÜNƏN BAR-BAR BAĞIRIRDILAR Kİ, BURA GƏLƏRSİNİZ, İNDİ QAÇIRLAR»

Şikayətə gələnlərdən Mətanət Kazımova deyir ki, aksiyada Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri onları qəbul edəcəklərinə söz vermişdilər:

«Komissiyanın üzvləri gəlib həyətdə adamla başqa cür danışırlar. Yoldaşım deyir, buranı ölç, deyir, sən danışma. Gəlirlər, ölçünü düz aparsınlar. Bizə demir, neçə kvadratdır. Mənim hesabımla yuxarı 55 kvadratmetrdir, aşağı haradasa, 48-49 kvadratmetrdir. Komissiya üzvləri gəlirlər və «Bəsdirin! Bəsdirin!»dən başqa heç nə demirlər. Bu nə deməkdir?
Dünyaxanım Məmmədova
Dünyaxanım Məmmədova
Təklif edilən pulla razılaşmayacağam. 1500 nə deməkdir? Mən köklü bakılı, atam-babam orada yaşayıb, nəyə görə gedib ucqarlara çıxmalıyam? Dünən bar-bar bağırırdılar ki, bura gələrsiniz, indi qaçırlar».

«PREZİDENTİ BİZ SEÇDİK, İNDİ DƏ O, BİZİMLƏ MARAQLANSIN...»

Fevralın 16-dakı aksiyaya qatılan məhəllə sakinlərindən Dünyaxanım Məmmədova da qəbula gəlib geri dönənlərdən idi:

«Mənim evim 16 kvadratmetrdir. 12 nəfər ailə üzvüm var, yoldaşım da Çernobıl əlilidir. Köçürürlərsə, yerində ev versinlər. Deyirlər, eviniz söküləcək, yerində bağ salınacaq. Neyləyirlər eləsinlər, ancaq haqqına eləsinlər. Prezidenti biz seçdik, indi də o, bizimlə maraqlansın, görsün, camaat nə vəziyyətdədir»..

«Sovetski» məhəlləsi
«Sovetski» məhəlləsi
Komissiyanın divara vurulan elan lövhəsində köçürülmə ilə bağlı şikayətçilərin həftənin 5 günü, saat 4-dən 6-yadək qəbul ediləcəyi yazılmışdı. İçəridə isə şikayətçi qəbulunun 2-ci və 5-ci günlər keçiriləcəyi yazılırdı...

...Beləcə, şikayətçilər bir-bir geri qayıdırdılar...

Yasamal rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rüfət Əhmədzadə ilə əlaqə saxladıq. O, ərazidə nə tikiləcəyi, tikintini kimin aparacağı, kompensasiyanın artırılıb-artırılmayacağı barədə AzadlıqRadiosunun suallarını cavablandıra bilmədi:

«Bilmirik, hələ ki, bizdə elə bir məlumat yoxdur».

«Sovetski» gələcəkdə belə olacaq. Geniş formatda burada bax


«SOVETSKİ»NİN YERİNDƏ NƏ OLACAQ?


Məhəllənin daxil olduğu 61 saylı MKİS-nin mühəndisi Yaşar Bədəlovun sözlərinə görə, sökülən yerlərdə hökumət parklar salmağı, yolları genişləndirməyi planlaşdırır:
Yaşar Bədəlov
Yaşar Bədəlov

«Bizə rəsmi yazılı məlumat göndərməyiblər. Amma deyilənə görə, küçə genişləndiriləcək. Bir də Dram Teatrının arxasından yuxarıyadək park salınacaq. «Sovetski»nin aşağı tərəfi gedəcək, bir də Abdulla Şaiq küçəsinin yuxarı tərəfi. Orada yol genişləndiriləcək».

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, köçürülən ərazilərin yerində, əsasən, yaşıllıq salınması nəzərdə tutulur. Ancaq bu uzun proses olduğundan xeyli vaxt aparacaq:

Cahangir Qocayev
Cahangir Qocayev
«Ərazi yaşıllıq üçün istifadə olunacaq. Bunun da kökündə o dayanır ki, şəhərdə, bütövlükdə Abşeronda, o cümlədən şəhərin mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Yaşıllığın təxminən 3 dəfə artırılması nəzərdə tutulur. Cənab prezident Bakı şəhərində konfrans keçirəndə bildirmişdi ki, ictimai mərkəzlər yaradılmalı, yaşıllıq çoxaldılmalı, avtodayanacaqlar üçün yeni yerlər tapılmalıdır».

«BAKI DÜNYANIN ƏN YAŞIL VƏ ƏN GÖZƏL GUŞƏSİNƏ ÇEVRİLƏCƏK»

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da keçən ilin mayında demişdi ki, köçürüləcək binaların hamısının yerində parklar, avtomobil dayanacaqları və bağlar olacaq:​
Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

«İkinci mərhələdə «Sovetski» adlandırılan ərazidə iş gedəcək. Mirzəağa Əliyev küçəsi Füzuli küçəsinə birləşdiriləcək və beləcə, küçəni düz Hüseyn Cavidin heykəlinədək uzadacağıq. Orada da böyük park salınacaq. Üçüncü mərhələdə Füzuli küçəsindən sonrakı küçəyədək, «Kubinka» da daxil, bütünlüklə köçürülməlidir. Bu yerlər yaşıllaşdırılandan sonra Bakı, demək olar, dünyanın ən yaşıl və ən gözəl guşəsinə çevriləcək».

Daha öncə Bakının Füzuli, Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli küçələrində, Dövlət Bayrağı Meydanında və «Ağ şəhər» ərazisində də yaşayış evləri sökülüb. Bütün bu söküntülər zamanı sakinlər onlara verilən kompensasiyasının azlığı ilə bağlı etiraz aksiyaları keçiriblər. Əvvəlki söküntülər zamanı da sakinlərə hər kvadrat metr sahəyə 1500 manat təklif edilib.
XS
SM
MD
LG