Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

Parlamentdə səslənən «Xəzər və hasar» söhbəti Nardaranda əks-səda verdi


Əlçatmaz hasarlar
Əlçatmaz hasarlar
-
«Bizim buna gücümüz çatan deyil. Prezidentimiz var, o adam göndərsin ki, burda nələr baş verdiyini baxıb görsünlər».

Nardaran sakinlərinin aciz qaldığı, prezidentdən kömək umduğu məsələ Xəzər dənizinə çıxışla bağlıdır. Deyirlər ki, sahilində doğulub, boya-başa çatdıqları dənizə illərdir həsrət qalıblar. Niyə? Çünki vaxtilə sərbəst gedib-gəldikləri dənizi indi ucsuz-bucaqsız, həm də əlçatmaz hasarlar əhatələyib. Deməyinə deyirlər, amma Nardaran sakinləri vəziyyətin dəyişəcəyinə ümidlərini də kəsmirlər...

«ONDAN BAŞQA BU MƏSƏLƏNİ KİM HƏLL EDƏ BİLƏR?»

Nardaran sakinlərinin üzləşdiyi dəniz və hasar məsələsini bir gün əvvəl – fevralın 25-də deputat Zeynəb Xanlarova parlament tribunasında səsləndirib. Üstəlik, bəzi adlar da çəkib:

«Dənizin kənarında evlər tikilib. Mən dünyanı gəzib görmüşəm ki, Amerikada Ağ Evin qarşısına hasar çəkməyiblər... Camaat ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar, bu dənizi niyə alırlar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir, amma dənizi xalqın əlindən almaq olmaz. Onu istəyirlər ki, xalq qalxsın ayağa getsin külünglə o hasarları söksün. Mən bunu istəmirəm... Mən qorxuram ki, camaat ayağa qalxsın...».

Deputat Qalib Salahzadə Zeynəb Xanlarovanın söylədiklərinə belə reaksiya verib:
Hasar tikintisi
Hasar tikintisi

«Vaxtilə İsgəndər adlanan şəxs bu torpaqları alıb, indi hasar çəkir və Bilgəh camaatı da bundan narazı deyil. Bakı kəndlərində adətdir, bir kəndin nümayəndəsi başqa kəndin ərazisinə keçə bilməz. Zeynəb xanımın dediyi Bilgəh torpaqlarıdır».

NARDARAN CAMAATININ BUNLARA GÜCÜ ÇATAR?

Kənd sakinləri Nardaran torpaqlarını, Xəzərin sahillərini hasara alan neçə-neçə ad çəkirlər. Təkcə Zeynəb Xanlarovaya deyil, saysız-hesabsız ünvanlara edilən müraciətlərinə indiyədək cavab verilmədiyini bildirən nardaranlılar parlamentdə dilə gətiriləndən sonra bu məsələyə, axır ki, reaksiya olacağına ümid bəsləyirlər:

- Nardaran camaatı dəfələrlə yığıldı və gedib dedi ki, bizim dənizə çıxışımızı kəsməyin. Mümkün olmadı. Polisi tökdülər, camaatın qarşısını kəsdilər. Bu yanda Araz Ağalarovdur, Nardarandan tutmuş Kürdəxanıyacan. O yanda İsgəndərdir, AzAL-ın prezidenti Cahangirdir, Naxçıvandan Vasif Talıbovdur. Zeynəb Xanlarova düz deyir. Nardaran camaatını dövlətlə üz-üzə qoymasınlar.
Hasarın o tayında
Hasarın o tayında
Bəzi məmurlar bizi dövlətlə üz-üzə qoymaq istəyirlər. Nardaran bunu istəmir. Bizim dəniz qırağında bəzi çayxana və bəzi obyektlərimiz vardı. Dedilər, istəyirsiniz, bu qədər verirəm, istəmirsiniz, çöküb-dağıdıram. Səncə, Nardaran camaatının pula gücü çatar? Mənim AST Telmana, Araz Ağalarova, İsgəndərə gücüm çatar? Əlbəttə, çatmaz.

– Zeynəb Xanlarova iki nəfərin adını çəkdi...

– Zeynəb xanım çox gözəl bilir. Sadəcə ola bilər ki, qorxusundan digər adları çəkməyib. Araz Ağalarov prezidentin qudasıdır, onu necə desin?

«GÜCÜMÜZ ÇATAR, AMMA...»

Söhbətə bir başqa kənd sakini qarışır:

«Gücümüz çatar, onda qırğın olar. Necə ki 2002-ci ildə Nardaranda belə qarşıdurmalar oldu... Amma biz istəmirik bu baş versin. Biz istəyirik ki, bu adamlara başda prezident olmaqla hökumət özü əncam çəksin».

Sakinlərin sözlərinə görə, ucalan villalar, tikilən hasarlar Nardaranda mavi yanacağı da yoxa çıxarıb:

«Kəndə gələn qaz yönəldilib villalara. Həmin villalarda qazla 80-100 tonluq suyu qızdırırlar. Bizə qaz gəlib çıxmır.
Nardaranda villalar
Nardaranda villalar
​Qazdan özləri istifadə edir, gen-bol yandırırlar, hamısını yazırlar Nardaran sakinlərinin adına. Sonra da deyilir ki, guya Nardaran sakinləri işıqpulu, qazpulu vermirlər. – İşıq var, qaz yoxdur. Gedək, odunları da göstərək».

Sakinlər AzadlıqRadiosu müxbirinin «Dəniz kənarını hasara almaqda, zəbt etməkdə ittiham etdiyiniz şəxslərlə indiyədək görüşmüsünüz?» sualına eyni cavabı verirlər:

«Cəhd etmişik, amma görüş heç cür baş tutmayıb».

Dəniz kənarındakı hələ də hasarlanmaqda olan ərazidə suallara cavab almaq mümkün olmayıb. Buraya nəzarət edən mühafizəçilər AzadlıqRadiosunun müxbirinə «Başını ağrıdacaq işlə məşğul olma!» deyərək onu ərazidən uzaqlaşmağa məcbur ediblər...

XS
SM
MD
LG