Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:55

"Təəssüf ki, Azərbaycan xalqı kreslo, qalstuk sevən xalqdır"


Şərif Ağayar və Fərid Hüseyn
Şərif Ağayar və Fərid Hüseyn
-

Azərbaycanda xeyli sayda yazıçı ədəbiyyatdan kənar peşələrdə çalışır.

Bəs yazıçı məmur olarsa, yenə də ədəbiyyatda uğurlar qazana bilərmi? Məmurluq yaradıcılığa mane olur, yoxsa yazıçıya həyat materialı verir?

Məmurun vəzifəsi artdıqda kitablarını oxutdurmaq, özünü təbliğ etmək imkanları artırmı? Rəsmiyyətlə bədiiliyin sərhədi harada bitir?

Mövzunu «Pen Klub»da məmur keçmişi olan yazıçılar - Şərif Ağayar, Fərid Hüseynli, Mirmehdi Ağaoğlu və şair-tərcüməçi Azad Yaşar müzakirə edirlər.

Şərif Ağayar

- Mən beş il nazirliklərin birinin mərkəzi aparatında işləmişəm, ora test üsulu ilə imtahan verib qəbul olunmuşam. Baxmayaraq ki, mən işlədiyim nazirlik daha yaradıcı bir qurum idi, ancaq bu təcrübədən çıxış edərək deyə bilərəm ki, bu, yaradıcı adam üçün müəyyən problemləri də özü ilə gətirir. Vaxt və nizam-intizam mənasında. Onu deyim ki, mənim Mədəniyyət Nazirliyindən istefa verməyimin əsas səbəblərindən biri istədiyim qədər mütaliə ilə, yaradıcılıqla məşğul ola bilməməyim idi. Bundan əlavə vəzifədən irəli gələn məsuliyyətlər, etik qaydalar var ki, bunlar bir yaradıcı insanın həyat və fəaliyyəti ilə mütənasib deyil.

Fərid Hüseyn

- İş elə gətirib ki, mən də Şərif bəyin işlədiyi nazirlikdə dörd aya qədər işləmişəm. Amma mənim işim daha yaradıcı bir iş idi. Amma indiki halda Azərbaycanda istər nazirlik, istərsə də ədəbiyyatla bağlı digər işlər olsun, bu iş yerlərində sırf yaradıcılıq üçün imkanlar məhduddur. Məsəlçün, bir saytda da işləsən, səhər saat 9-da işə girib axşam 6-da işdən çıxmalısan və sonra azadsan. Saytlar və ədəbiyyatla bağlı işlərdə isə axşam evə gələndən sonra da növbəti günlərin işini görmək məcburiyyətindəsən. Biz yazıçıların bəxti orda gətirməyib ki, yaxın iyirmi ildə biz yazmaqla dolana bilməyəcəyik. Bizim indiki fəaliyyətimiz yazıçılıq deyil, jurnalistika fəaliyyətidir. Bu heç bir böyük karyera vəd etməyən bir peşədir.

Səadət A.

- Dediniz ki, işlədiyiniz yerdə yaradıcılığa imkan yoxdur. İşlədiyiniz yerin rəhbərliyi sizə işləmək üçün vaxt ayırmağa məcburdurmu?

Şərif A.

- Dövlət qulluğu haqqında qanuna görə, gündə 8 saatlıq iş rejimi var, heç kimin, heç kimə vaxt vermək borcu yoxdur. Dövlət orqanlarında iş heç vaxt qurtarmır. Orda ciddi mütaliə etmək, ciddi bir yazı yazmaq mümkün deyil. Orda vaxt uçub gedir. Dəfələrlə şahid olmuşam ki, vəzifəli insanlar işləmək üçün sənədləri yığıb evə aparırlar. Məsəlçün, Elçin Əfəndiyevin adını çəkə bilərəm, o deyir ki, hər səhər saat 5-də yuxudan oyanıram, iş vaxtına qədər işləyirəm və işdən sonra yenə də işləyirəm. Məsəlçün, İsa Hüseynov deyirdi ki, mən işdən sonra saatlarla işdə qalıb, 8-9 saat işləyirəm. Mən şəxsən belə edə bilmirəm. Belə bir "kəsin kural" qoymaq olmaz ki, yazıçı məmur ola bilməz. İnsan çox ciddi məmur da ola bilər, dövlət başçısı da ola bilər, eyni zamanda məmur da ola bilər.

Fərid H.

- Əslində dövlət strukturlarında işləmək yazıçıya mövzu verdiyinə görə bir qədər əlverişlidir. Məsəlçün deyək ki, adi insanların kənardan baxdığı məsələlərin sən içində olursan, çözülməyən məsələlərin bir imzanın altında gizləndiyini bilirsən. Buna ən yaxşı nümunə Mişel Montenin esseləridir. O, müxtəlif peşələrdə, həmçinin nazir müavini işləmişdi. Sonra işdən imtina etmiş və ömrünün geridə qalan hissəsini insanın mənəviyyat problemlərini dövlət və fərd arasındakı münasibətlə izah edirdi. O deyirdi ki, bütün problemlərin kökündə insan biganəliyi, məmur biganəliyi dayanır. Yaxud Höte özü xarici işlər naziri işləyib, dünya ədəbiyyatında belə nümunələr çoxdur. Demək olmaz ki, iş yeri vaxt itkisidir. Vaxt elə bir şeydir ki, əhatən böyüdükcə özünə, yaradıcılığa ayıracağın vaxtı da itirirsən.

Səadət A.

- İndi şair və tərcüməçi Azad Yaşar telefon xəttindədir. Azad bəy, siz necə düşünürsünüz, məmur yaradıcılıqla məşğul olan zaman düşünməyə vaxt tapa bilirmi?
Azad Yaşar
Azad Yaşar

Azad Yaşar

- Ədəbiyyat yaradıcı bir sahə olduğu üçün, bu sahə ilə məşğul olan adam maksimum dərəcədə sərbəst olmalıdır. Onun xəyalı özünü ifadə etməkdən ötrü hər-hansı bir hədd-hüdud, maneə tanımamalıdır. Əslində mən məmur deyiləm. Sosial mövzularda ölkəmizdə çıxan bir qəzetin baş redaktoruyam. Deyim ki, yazıçıların arasında məmur az olmayıb, çox maraqlı nümunələrədən biri Frans Kafkadır. O çox cavan yaşda dünyasını dəyişib, uzun illər məmurluqla məşğul olub, öz yaradıcılığını iş saatlarından sonraya salıb. Hazırda dünya ədəbiyyatında aparıcı simalardan birinə çevrilib. Çox maraqlıdır ki, Kafka dostu Maks Broda tapşırıb ki, mənim bu əsərlərimi çap etdirmə, yandır, Maks Brod əsərlərlə tanış olanda qərara alıb ki, belə əsərləri yandırmaq böyük günah olardı. Frans Kafkanın yaradıcılığının ən bariz cəhəti də odur ki, o öz əsərlərində totalitarizmə, avtoritar rejimə qarşı mübarizəni təmsil edirdi. Bəlkə də ola bilsin, işlədiyi dövlət idarəsində basqılarla qarşılaşırdı, etirazını ifadə edə bilmirdi. O bunu yaradıcılığında hərtərəfli verməyə çalışırdı. Enerji və istəyin bir sahədə basılması, başqa sahədə insanın özünü ifadə etməsinə gətirib çıxarmışdı.

Səadət A.

- Azərbaycan ədəbiyyatında Axundov nümunəsi var, məmurluğu onu basqılardan qoruyurdu. Bəs, Azərbaycanda necə yazıçılığı insanı qoruyur, yoxsa məmurluğu?

Azad Y.

- İstənilən halda insan özünü ifadə edərkən ətrafındakı mühitə baxır, hər şeyi nəzərə alır, əgər nəzərə almırsa, mövcud şərtlərlə, qoyulmuş qanunlarla buynuzlaşmağa hazırdırsa, bu əvvəl-axır onun həmin strukturdan kənara atılmasına xidmət edir. Bu cür hallar çoxdur. Sovet dövründə yazıçılar əsərinin xaricdə çap olunduğuna görə dissident adı alırdılar, Yazıçılar İttifaqından çıxarılırdılar, yaxud çalışdıqları iş yerindən çıxarılırdılar, onlara qarşı hər cür basqı, təzyiq edilirdi, məsəlçün uzun illər işlə təmin olunmurdular. Bunlara misal olaraq Soljenitsını, Andrey Platonovu, Bulqakovu göstərmək olar.

Səadət A.

- Sizcə məmur-yazıçı daha çox azaddır, yoxsa hansısa vəzifə səlahiyyəti olmayan yazıçı?

Şərif A.

- Bilirsiniz, Azərbaycan reallığında ədəbiyyatın xüsusi çinovnikləri var, onlar məmur kimi işləməsələr də ədəbiyyatın çinovnikləridir. Təəssüf ki, bu adamlar dövlət strukturlarında işləyən və yaradıcılıqla məşğul olan adamlarla çox ciddi müttəfiqdirlər və ədəbiyyatın idarə olunması istiqamətində bunların düşüncələri üst-üstə düşür. Bir də Azərbaycanda müstəqil düşüncəli gənclər var ki, bu ədəbi çinovniklər və onlara dəstək olan məmurlarla mübarizədədirlər. Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycanda yazıçının məmur işləməsi çox ciddi problemlər ortaya çıxara bilər. Azərbaycanda azad söz, azad ədəbiyyat yüksək postda məmur işləməklə tərs mütənasibdir, Azərbaycan reallığı bundan ibarətdir. Ölkədə baş verən hər hansı bir ədalətsizliyə adi post belə tutmuş məmur münasibət bildirmir və bu azmış kimi onun ciddi ədəbiyyat iddiaları da var. Düzdür o susmağına bir səbəb deyə bilər, amma biz çox gözəl bilirik o niyə susur. İnsan susmaqla gizlənə bilmir. Buna görə də Azərbaycanda yazıçının böhranı karyera başlayan yerdə başlayır. Hesab edirəm ki, Anarın, Elçinin 60-cı illərdə gördükləri işlər indikindən daha dəyərliydi. Bu gün o məmurlardan, xüsusilə Anardan ədəbiyyat gözləməkdən çox, ədəbiyyatın inkişafına mane olmamasını ummaq lazımdır. Ədəbiyyatın inkişafına mane olmaq üçün AYB sədrliyi Anarın əlində bir məmur postudur. Onun əlində sanki bir Xudayar bəy şallağı var, o şallağın köməyi ilə ədəbiyyatı öz istədiyi istiqamətə yönəltməyə çalışır.

Azad Y.

- Əlbəttə, yazıçı məmur postu tutrsa onların özlərini ifadəsində problemlər yaranır, onlar tutduqları vəzifədən çıxandan sonra özlərini daha yaxşı ifadə etməyə başlayırlar. Məsəlçün Qi de Mopassan uzun illər nazirlikdə çalışıb, ən məhsuldar dövrü də məhz nazirlikdən çıxdığı dövlərə təsadüf edir. Hətta bioqrafları hesablayıblar ki, Mopassan nazirlikdən çıxdığı 10 il ərzində bir ilə min səhifə əsər yazıbmış.

Səadət A.

- İndi gəlin sözü Bakı Şəhər İcra Hakimiyyətində kiçik məmur vəzifəsində işləyən yazıçı Əlabbasa verək. Əlabbas bəy, Azərbaycan cəmiyyəti sizi necə tanıyır, yazıçı Əlabbas kimi, yoxsa məmur Əlabbas kimi?
Əlabbas
Əlabbas

Əlabbas

- Siz məni məmur kimi təqdim etdiniz, mən bu sözdən o qədər də xoşlanmıram, mənə elə gəlir bu, xarakterdən gələn bir şeydir. Məmur olub-olmamaq, mənim xarakterimə təsir edəsi bir şey deyil. Dostlar, yaxın ətrafım məni yazıçı kimi tanıyır bu mənə bəs edir. Məni məmur kimi heç kim tanımır.

Səadət A.

- Əlabbas bəy, məmurluq sizin yaradıcılığınıza mane olurmu? Söhbət təkcə yaradıcılıq vaxtından getmir, həm də yaradıcılıq azadlığından gedir.

Əlabbas

- Mən içimdə özümü məmur hesab etmədiyimə görə, o duyğunu özümə yaxın buraxmıram. Mən içimdə çox sərbəst, asudəyəm. Deyim ki, köhnə sədrimlə münasibətlərim yaxşı olduğuna görə kitabım çıxanda sədrimə yaxınlaşdım və kitabımı çıxarıb stolunun üstünə qoydum. O, eynəyini çıxarıb məni tərs-tərs nəzərlərlə süzüb dedi ki, mən elə bildim sən ağıllanmısan, tərgit bu işləri, get ailənin dolanışığı ilə məşğul ol. İndi bu fikrə şərh verməyə dəyər, ya dəyməz? Amma indi bizim müdiriyyətdə ziyalı adamlar təmsil olunub, onlar məni qiymətləndirirlər.

Səadət A.

- Məmurun vəzifəsi artdıqca, kitabları oxutmaq, özünü təbliğ etmək imkanları da artırmı?

Şərif A.

- Təəssüf ki, Azərbaycan xalqı kreslo, qalstuk sevən xalqdır, vəzifəli adama yaltaqlıq edən çoxdur. Azad düşüncəni, fərqli düşüncəni həzm etmək bizim millətə xas deyil. Öz maddi imkanlarından, məmur postundan istifadə edib avtoritetə çevrilmək, yeni nəslin qarşısında problemlər yaratmaq cəhdində bulunanlar var. Ancaq ədəbiyyat elə sahədir ki, öz işini görür. Bayaq Kafkadan söhbət getdi. Kafka xırda məmurluqdan bezmiş bir insan idi. Həmin zülm və zillətlər onu böyük bir pessimizmə, absurda çatdırmışdı. O absurd onu dünya şöhrətli şedevrləri olan “Çevrilmə”, “Qəsr” kimi əsərləri ortaya çıxartmağa vadar etdi. Bunlar göstərdi ki, Kafka heç vaxt səmimi şəkildə məmur olmayıb. Amma Azərbaycanda öz kreslosuna səkkiz əllə bağlanan insanlar var, onlar ədəbiyyatda da bu cür iddialarla irəli atılırlar. Bircə şeyi dəqiq bilmək lazımdır, ədəbiyyat həqiqətin, doğrunun, məzlumun, əzilənin yanında olmalıdır. Həm əzən olub, həm ədəbiyyatda avtoritet kimi qalmaq mümkün deyil. Dünyada belə təcrübə yoxdur. On görə səmimi şəkildə bu yollardan birini seçmək lazımdır.

Bu gün jurnalistlərin dostu Tağı Əhmədov vəzifədən azad olundu. Mənə elə gəlir o innən belə şeirə böyük güc verəcək.Tağı Əhmədov yüksək çinli məmur idi, həm də özü üçün şeir yazırdı, ədəbiyyatda iddialı deyildi. Burda ədəbiyyat daha çox Tağı Əhmədovun yanındadır, nəinki Fikrət Qocanın. 3-4 dənə mənasız balvankaynan Azərbaycan ədəbiyyatına hökm eləmək, gəncliyin qabağına kötük yomalamaq, kahinlik iddialarında bulunmaq olmaz. Adamlar var ki, həm məmurdular, həm də ədbiyyat iddiaları var, üstəlik ümumiyyətlə yeni düşüncəyə, azad düşüncəyə qarşı aqressivdirlər.

Fərid H.

- Bu yaxınlarda kulis.az saytında Azərbaycanın üç ən yaxşı romanı seçildi. Mənim ləzzətlə alt dodağımı dişlədiyim bir məqam baş verdi. Burda Yusif Səmədoğlunun “Qətl günü” romanı, İsa Hüseynovun “İdeal”ı və Çəmənzəminlinin “Studentlər”i ilk üç yerə çıxmışdı. İndi imkanları olan, əsərləri saysız-hesabsız tirajarla çıxan, hər yerdə əsərlərini təbliğ edən adamların romanları burda bir-iki səs ala bildi. Bu hələ bizim dövrdə qanan adamlara bir işarə idi ki, sizin indiki qiymətiniz budur. Nəzərə alın ki, əlli il sonra artıq o əsərlərə verilən bir-iki səs də olmayacaq. Bu onu göstərdi ki, zorla, siyahılara saldırmaqla, kitab çıxartmaqla bu şeylər olmur. Məsəlçün, “Qətl günü” romanını heç kəs sözü bir yerə qoyub seçməmişdi ki.

Azad Y.

- Bizim sovet dövründə yazıçı və məmur olan şəxslər Şıxəli Qurbanov, Mirzə İbrahimov, Süleyman Rüstəm olublar. Bu adamların yaradıcılıqları istər-istəməz tutduqları mövqeyə uyğun olub, çalışıblar ki, əsərlərində mənsub olduqları ideologiyanı xalqa sırısınlar. İstərdim bir məqama diqqətinizi çəkim.Son bir il ərzində yazıçı məmur Azad Qaradərəlinin başına gələn bir əhvalat var. Onu “Eteri” hekayəsinə görə Ailə, qadın və uşaq komitəsindən işdən çıxardıblar. Ona xüsusi təzyiqlər olub və ərizə yazar işdən çıxarmağa məcbur ediblər.

Səadət A.

- İndi gənc yazar Mirmehdi Ağaoğlu telefon xəttindədir. O, bank işindən ona görə uzaqlaşıb ki, yaradıcılığa daha çox vaxt ayıra bilsin. Siz necə baxırsınız, yazıçı məmur postunda işləyərsə ədəbiyyatda ciddi uğur qazan bilərmi?

Mirmehdi A.

- Bilirsiniz, mən təqribən beş il müddətində bankda kassir vəzifəsində çalışmışam. O vəzifədə baş kassir vəzifəsinə qədər yüksəlmişdim. Görürdüm ki, yaradıcılıqla iş yeri birlikdə alınmır, ikisində də uğur qazanmalıydım,bir yandan da çap olunmalıydım, amma bu çox çətindir. Buna görə də qərara aldım ki, otuz yaşımda artıq qərar verməliydim. Əgər sən roman yazmaq istəyirsənsə bu çox enerji aparan bir işdir, həmçinin dünya romançılığında baş verənləri də mənimsəməlisən, buna görə mütləq enerjini bir yana istiqamətləndirməlisən. Nəticədə mən ancaq ədəbiyyatla məşğul olmağa qərar verdim.
XS
SM
MD
LG