Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Qazdan kütləvi zəhərlənməyə görə cinayət işi açılıb


Foto: Arxiv
Foto: Arxiv
- Lökbatan qəsəbəsində məişət qazından kütləvi zəhərlənmə baş verib. Martın 6-na keçən gecə zəhərli qazdan eyni vaxtda bir neçə binanın onlarla sakini zərər çəkib, 1 nəfər həlak olub. AzadlıqRadiosu müxbirlərinin hadisə yerindən göndərdiyi xəbərlər gün ərzində aşağıdakı mətndə xronoloji ardıcıllıqla yerləşdirilir. Ən yeni məlumatlar mətnin yuxarı hissəsindədir

16.44 – CİNAYƏT İŞİ AÇILDI

Martın 5-də Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin “səhlənkarlıq” maddəsi ilə cinayət işi açılıb.

Bu barədə martın 6-da Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, baş verən hadisənin araşdırılması üçün prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

13.50 – KLİNİKADAN ZƏHƏRLƏNMƏNİN TƏHLÜKƏLİ OLMADIĞI DEYİLİR

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən AzadliqRadiosuna verilən məlumata görə martın 5-də Qaradağ rayonunda baş vermiş kütləvi zəhərlənmədən mərkəzə müraciət edənlərə ilkin tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıb. Mərkəzin direktoru Azər Maqsudov zəhərlənmənin təhlükəli olmadığını, müraciət edənlərin durumunun stabil olduğunu bildirib.

Ekspertin izahı (Audio)
İlham Şaban Lökbatandakı qaz zəhərlənməsi haqda
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00
Direct-ə keçid



13.11 - DÖVLƏT NEFT ŞİRKƏTİNİN HADİSƏ İLƏ BAĞLI MƏLUMATI

Dövlət Neft Şirkəti (ARDNŞ) Lökbatan qəsəbəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda baş verən hadisə ilə bağlı şirkət mütəxəssislərdən ibarət komissiya yaradıldığını və araşdırmalara başlanıldığını bildirir.

“Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaqdır. ARDNŞ bildirir ki, Şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan Respublikası ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-ində belə qurğular quraşdırılmışdır. ARDNŞ tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılmışdır”.

Şirkət açıqladığı rəsmi məlumata məişət qazına vurulan odarant maddəsi ilə bağlı açıqlama da əlavə edib.

“Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmamışdır. Həmin maddə qaz yanarkən tam yanır.

Şirkət bu məlumatları yazarkən 60 il əvvəl, 1954-cü ildə Leninqradda nəşr edilmiş “Sənayedə zərərli maddələr” kitabına istinad edildiyini bildirir.

12.33 - SƏHİYYƏ NAZİRLİYİNİN HADİSƏ İLƏ BAĞLI MƏLUMATI

Qaradağ rayonundakı zəhərlənmə ilə bağlı Səhiyyə Nazirliyi martın 6-da məlumat yayıb.

Məlumatında Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində məişət qazından kütləvi zəhərlənmə hadisəsi ilə bağlı 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyulduğu bildirlir.

“Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub. Daxil olmuş vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilmiş və həyati təhlükə olmadığı üçün martın 6-sı səhər saatlarında evlərinə buraxılıblar” deyə Səhiyyə nazirliyinin yaydığı məlumatda bildirilir.


11.30 - HÜQUQ-MÜHAFİZƏ ORQANLARI SUSUR

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işinin açılıb-açılmaması, saxlananların olub-olmaması ilə bağlı hələki hər hansı məlumat vermirlər.

Baş prokurorluqdan AzadlıqRadiosduna hadisə ilə bağlı bir-neçə saat sonra rəsmi məlumat yayılacağını bildiriblər.


10.00 - SAKİNLƏRDƏN 100-Ə YAXINI ZƏHƏRLƏNİB, 45 YAŞLI QADIN VƏFAT EDİB

Bakının Lökbatan qəsəbəsində 4 beşmərtəbəli yaşayış binasında kütləvi zəhərlənmə olub. Hadisə gecə saatlarında baş verib.

Lökbatan qəsəbəsi üzrə 19 saylı Şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsindən apa-ya verilən məlumata görə, zəhərlənmə ilə bağlı müraciət edən 80 nəfər xəstəxanada qeydiyyata düşüb. Onların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bir qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədova zəhərlənmədən vəfat edib.

Sakinlərin dediyinə görə, martın 5-i saat 19 radələrində qaz kəsilib. Bir saat sonra binalara qazın verilməsi bərpa olunub və bu vaxt qazdan kəskin qoxu gəlib. Bundan sonra kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerinə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət ediblər.

Hadisə yerində olan «Azəriqaz» İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildirdiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan odorant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

9.30 - SƏBƏB – ODORANTDIR.

«İlkin ehtimallara görə, kütləvi zəhərlənmə qaza vurulan odorant maddəsi ilə bağlıdır. Qaza başqa kimyəvi maddənin vurulması və ya haradasa partlayışın baş verməsi ilə bağlı yazılanlar və səslənən fikirlər doğru deyil».

Bunu AzadlıqRadiosuna «Azəriqaz»ın sözçüsü Araz Ağayev deyib:

«Burda söhbət yalnız odorantdan gedir ki, bu da qaza həmişə vurulur. Bu maddənin xüsusi iyi var, sızmaların qarşısını almaq, onu təyin etmək üçün bu maddə qaza vurulur. Ola bilər ki, odorantın miqdarı normadan artıq olub və elə bir kəskin iy yaranıb».

Araz Ağayev kiçik həcimdə odorantın insan orqanizmi üçün təhlükəsi olmadığını deyir.

«Yalnız böyük konsentrasiyalarda təhlükəlidir. Lökbatanda zərərçəkənlər, çox güman ki, immuniteti və ürəyi zəif olanlar. Bu, həm də daha çox stress və həyəcanla bağlı məsələdir. Çünki o miqdarda odorant olmayıb ki, o insan orqanizmi üçün təhlükə yaratsın».

Araz Ağayev 100 nəfərə yaxın sakinin zəhərlənməsi barədə deyilənlərin də doğru olmadığını bildirir:

«Axşam həkimlərin verdiyi məlumata görə, təxminən 30-40 nəfər xəstəxanaya müraciət edib. Onun da əksəriyyəti ilkin tibbi yardımdan sonra evə buraxılıb. Ölüm faktı ilə bağlı isə heç bir şey deyə bilmərəm. Çünki həmin şəxsin nədən öldüyü hələ dəqiqləşdirilir. Bu barədə həkimlər nə isə deyə bilər».
XS
SM
MD
LG