Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:04

«Zaqatalada polis sələfiləri sıxışdırır»


Arxiv - foto
Arxiv - foto
-
“Küçəyə çıxa bilmirik. Maşını üstümüzə sürürlər. Səbəbsiz yerə həbs edirlər. Günaşarı ordan-burdan tutub aparıb zorla saqqalımızı qırxırlar. Bizi Suriya ilə bağlamaq istəyirlər”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Zaqataladan Elşad Musayev danışır. O, yerli polisdən şikayətçidir”.

"MƏNİ DƏ, QARDAŞLARI DA İNCİDİRLƏR"

“Məni də, məscidə gedən başqa qardaşları da incidirlər. Deyirlər, sələfisiniz, vəhabisiniz. Elə bil məscid yolunun üstündə tor qurublar. Kim ora yaxınlaşırsa, bunların toruna düşür. Aparırlar şöbəyə, polisə müqavimət maddəsi ilə 10-15 sutka verirlər, atırlar içəri”.

Elşad Musayev deyir, saqqala görə onlara sənəd almağa da çətinlik yaradırlar:

“Şəxsiyyət vəsiqəsi vermirlər ki, saqqallınızı qırxın, saqqallı şəkillə olmaz”.

Şikayətçinin sözlərinə görə, polis sonuncu dəfə “saqqallı qardaşlardan birini bir neçə gün əvvəl tutubb:

“Bizi radikal qruplarla qarışdırırlar. Bu yaxınlarda Abdulbagi ləqəbli qardaşımızı hərbi komissarlıqdan tutub apardılar. 10 sutka iş verdilər. Adam komissarlığa hərbi bileti üçün getmişdi. İlişdirib adını polisə müqavimət qoydular. Elçin Məmmədov adlı qardaşımızın üstünə bu yaxınlarda maşın sürdülər. Polislərin əlindən zorla qaçdı. Şəxsən məni 2 dəfə polisə müqavimət bəhanəsi ilə həbs ediblər. Dəfələrlə polis şöbəsinə aparıb zorla saqqalımı qırxıblar”.

"SURİYAYA GEDƏNLƏRİ PİSLƏYİRİK"

Elşad Musayev deyir, Zaqatalaya yeni polis rəisi təyin olunandan sonra onlara təzyiqlər də bir müddət səngiyib. Ancaq sonradan vəziyyət yenə əvvəlki halını alıb.

“Polis öhdəsinə düşən daha ciddi işlərlə məşğuldur. Bu adam özü narahat adamdır. Özünü gündəmdə saxlamaq üçün guya polisə aparılaraq saqqalının zorla qırxıldığını, üstünə maşın sürüldüyünü deyir. Deyilənlər cəfəngiyatdan başqa bir şey deyil”, - bunları “Qaynar xətt”ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.

Onun sözlərinə görə, əvvəllər də qadağan olunmuş dini ədəbiyyat yaydıqlarına görə belə adamlar məhkəmə tərəfindən cərimələnib və həmin səbəb üzündən polis tərəfindən dəfələrlə xəbərdarlıq alıb.


Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
HÜQUQŞÜNAS DEYİR...

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, “Polis Haqqında” qanunda polis əməkdaşının vətəndaşlarla davranış qaydaları əks olunur. Göstərilir ki, polis əməkdaşı öz hüquq və vəzifələrini həyata keçirərkən vətəndaşlarla olduqca mülayim, hörmətlə, ümumi davranış qaydalarını gözləməklə təmasda olmalıdır:

“Qanuna görə, polis əməkdaşı vətəndaşı cinayət başında yaxalayarkən onu iradəsinin ziddinə polis şöbəsinə apara bilər. Hətta bu halda da polis əməkdaşı özünü mütləq təqdim etməlidir. Digər hallarda onun vətəndaşı küçədən tutub zorla polis şöbəsinə aparması qanunaziddir. Ona çağırış vərəqəsi göndərməlidir, həmin vərəqədə vətəndaşın hüquqları qeyd olunmalıdır və s.”

Hüquqşünas deyir ki, vətəndaşın sənəd üçün şəkil çəkdirərkən məcburi şəkildə saqqalının qırxılması da qanunsuzdur:

“Vətəndaşa təklif oluna bilər ki, üz cizgilərinin aydın görünməsi üçün saqqalını azaltsın və s. Vətəndaş inadkarlıq etsə, bu zaman sənəd verən orqan sadəcə onun çəkdirdiyi şəkli qəbul etməyə bilər. Vətəndaş da məcbur qalıb, necə deyərlər, saqqalına əl gəzdirib fərqli bir şəkil çəkdirməli olacaq. Qanunvericilikdə göstərilir ki, vətəndaş sənəd üçün şəkil çəkdirərkən üz cizgiləri aydın görünməlidir”.
XS
SM
MD
LG