Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:23

İlkin Rüstəmzadə: “Gəlin butulkalardan birini partladaq...”


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-
“Gəlin butulkalardan birini partladaq, məhkəmə onu partlatsın və kameraya çəkilsin. Beləcə əmin olarıq ki, həmin butulkalar partlayıcıdır və radiusu nə qədərdir”.

Bunu NİDA-çıların məhkəməsində təqsirləndirilənlərdən İlkin Rüstəmzadə deyib. Aprelin 8-də 8 NİDA-çının işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmə sənədlərin tədqiqinə başlayıb.

Proses zamanı üç təqsirləndirilənin – Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovun evindən götürülən butulkalar və bağlamalarla bağlı mütəxəssis və ekspertiza rəyi elan edilib.

Elan edilən mütəxəssis rəyində deyilir ki, Bəxtiyar Quliyev və Şahin Novruzlunun evindən götürülən 22 şüşə butulkanın içində çəhrayı maye olub. Butulkanın ağzı parça tıxacla bərkidilib və üstündən rezin şar keçirilib. Parça tıxacın içərisinə içində ağ tüstülü “sokol” tipli barıt doldurulmuş 10 qramlıq şpris yerləşdirilib. Rəydə mütəxəssis bildirilib ki, butulkaların içərisindəki maye uçucudur, onun benzin olması güman edilir.

Mütəxəssis rəyindən sonra həmin əşyalar ekspertizaya göndərilib. Ekspertizaya 22 ədəd şüşə butulka verilib.

“BU EKSPERTİZA RƏYİNİ SSRİ YAZIB?”

Ekspertiza rəyində bildirilir ki, butulkaların yarıdan çox hissəsi çəhrayı rəngli maye ilə dolu olub, ağzı parça tıxacla bərkidilib və üzərinə rezin şar keçirilib.

Rəydə butulkalardan ikisinin üzərinə içi ağ tüstülü “sokol” tipli barıt doldurulmuş 10 qramlıq şpris yerləşdirilmiş olduğu deyilir.

Ekspertizadan onun partlayıcı olub-olmaması, butulkanın içindəki mayenin nə olması, hansı üsulla hazırlanması, partlayıcıdırsa partlayıcı gücünün müəyyən edilməsi istənilib.

Ekspetiza mayenin benzin və az miqdarda mineral yağlardan ibarət olduğunu və partlayıcı olduğunu bildirib. Rəydə bildirilir ki, həmin partlayıcının təhlükə yükünü müəyyən etmək mümkün olmayıb. Rəydə həmçinin bildirilib ki, bu partlayıcıdan Böyük Vətən Müharibəsində, SSRİ-də zirehli texnikanı məhv etmək üçün istifadə edilib.

Ekspertiza rəyi elan ediləndən sonra təqsirləndirilənlərdən Rəşadət Axundov hakimdən söz istəyib və hakimə sual verib.

“Bu ekspertiza rəyini SSRİ yazıb? İndi SSRİ var? Bilmək istəyirəm bu rəyi bolşeviklər yazıb, yoxsa kommunistlər yazıb?”

Hakim “bilmirəm bunu bolşeviklər, menşeviklər ya kim yazıb, amma bizə də maraqlıdır” deyə sualı cavablandırıb.
Bu cavab zalda gülüşlə qarşılanıb.

Hakim ekspertiza rəylərini oxumağa davam edib.

“İSTİNTAQLA EKSPERTİZA ARASINDA ALIŞ-VERİŞ”

Ekspertiza Məmməd Əzizovun evindən götürülən bağlamanın içində marixuana, Bəxtiyar Quliyev və Şahin Novruzlunun evindən götürülən bağlamaların içində həşiş qətranı olduğunu bildirib.

Ekspertiza rəyi 2013-cü il aprelin 10-da tərtib edilsə də, istintaqa 19 iyunda təqdim edilib.

Vəkil Əsabəli Mustafayev 2 ay fərqi belə izah edib:

“Bizim fikrimizcə, bu o deməkdir ki, istintaqla ekspertiza arasında alış-veriş gedib. Yəni, əvvəlcə ekspertiza yandırıcı maddə olması rəyini verib, lakin istintaq bununla razılaşmayıb, geri göndərib. Çünki ilkin sənədlərdə butulkaların üzərində şpris göstərilməyib. Lakin ekspertiza rəyi iki butulkanın üzərinə içi ağ tüstülü “sokol” tipli barıt doldurulmuş 10 qramlıq şpris yerləşdirilmiş olduğunu bildirib”.

Məhkəmə aprelin 10-da davam edəcək.

İTTİHAMLAR

Hazırda NİDA gənclər təşkilatının 8 üzvü həbsdədir.

“Azad Gənclik” Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

NİDA-çı gənc Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qaldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” müttəhimləri “vicdan məhbusu” elan edib.

Gənclər ittiham edildikləri maddələrlə 7 ilə qədər azadlıqdan məhrum oluna bilərlər.
XS
SM
MD
LG