Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Nərimanovun qohumu: «Əmim işğalda iştirak etməyib!»


Nəriman Nərimanov həyat yoldaşı ilə
Nəriman Nərimanov həyat yoldaşı ilə
-
İz - «Doktor N.» və ya Böyük Kölgənin Ləkəsi
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Nərimanov üçün Azərbaycanın müstəqil dövlət olması çox vacib idi».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına N.Nərimanovun qardaşının nəticəsi, Nərimanov Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova söyləyib.

«NƏRİMANOV CÜMHURİYYƏTİN MÖHKƏMLƏNMƏSİNİ İSTƏYİRDİ»

Onun sözlərinə görə, cümhuriyyət dövründə N.Nərimanov bu hakimiyyətin güclənməsini istəyib:
«O, çox istəyirdi ki, cümhuriyyət möhkəmlənsin. Onun üçün Azərbaycanın müstəqil dövlət olması çox vacib məsələ idi. O illərdə Həştərxanda müalicə olunsa da, bütün prosesləri izləyirdi. Nərimanov cümhuriyyətin 100 tələbəni xaricə oxumağa göndərməsini alqışlayır, qazanılan uğurlara sevinirdi».

NƏSİB BƏY YUSİFBƏYLİYƏ MƏKTUB

Kamilə xanımın fikrincə, Nərimanovun fərqli davranışının müəyyən səbəbləri olub:
«Bəlkə də bu Nərimanovun uzaqgörənliyindən irəli gəlirdi. O, hadisələri daha realist qavrayırdı. O dövrdə dünyada ingilis imperializmi güclü idi. Şərq ölkələri də o imperializmin altında idi. Nərimanov ingilislərin Azərbaycana yiyələnməsini istəmirdi. 1919-cu ildən ingilis kəşfiyyatı Azərbaycanda iş aparırdı. Nərimanovun Nəsib bəy Yusifbəyliyə (o dönəm cümhuriyyətin baş nazirinə –S.İ.) məktubu var. Orada ingilislərin yaradacağı təhlükə ilə bağlı çox maraqlı məqamlar yer alıb».

«QIZIL ORDUNU BİLƏCƏRİDƏ 3 GÜN SAXLATDIRIB»

Kamilə Hüseynova N.Nərimanovun bolşevik ordusunu Azərbaycanda qarşılamasıyla bağlı xəbərlərə də aydınlıq gətirdi:
«Bolşeviklər Azərbaycana 2 dəfə ordu yeridiblər. Birinci dəfə aprelin 28-dəki işğalda Nərimanov iştirak etməyib. O vaxt onu xüsusi tapşırıqla Şimali Qafqaza göndəriblər. O, yolda eşidib ki, Anadoluya gedən Qızıl Ordu Azərbaycana girib. Mayın 16-da Nərimanov Azərbaycana gəlir və onu məlumatlandırırlar ki, burada vəziyyət çox pisdir. Ona görə də, Nərimanov vəziyyətlə tanış olmaq üçün rayonlara səfərə çıxır. İltifat nənəm danışırdı ki, ikinci dəfə ordu yeritmək istəyəndə, əmim onları Biləcəri tərəfdə 3 gün saxlayıb. Çünki Nərimanov ordunun qarşısına çıxmalıydı, onu qarşılamalıydı, amma çıxmaq istəmirdi…».

«NƏRİMANOV İŞĞALDA İŞTİRAK ETMƏYİB!»

Kamilə xanım 3 gündən sonra Nərimanovun bu işə məcbur edildiyini söyləyir:
«3 gün Leninlə telefon danışıqlarından sonra əmimi məcbur ediblər ordunu qarşılamağa. Bu, siyasətdir. Bilmək olmaz ki, onun qarşısına hansı şərtlər qoyulub… O qarşılanma fraqmentinə baxanlar, əslində, bilmirlər hadisələrin necə cərəyan etdiyini. Həmin kadrlar ikinci gəlişdə çəkilib. Nərimanov işğalda iştirak etməyib!».

CÜMHURİYYƏTÇİLƏRİN YARATDIĞINI… NƏRİMANOV DAĞITMADI

Kamilə Hüseynova Nərimanovun heç vaxt Azərbaycanın rusların əlinin altında görmək istəmədiyini israrla söyləyir:
«Onun Leninlə bu barədə danışıqları da olub. Düzdür, o, sosializm tərəfdarı idi. Kasıbların tərəfində idi. Onlar Rəsulzadəylə birgə «Hümmət» təşkilatını yaradıblar. Sosial-demokrat olublar. Sonradan ayrılıblar. Məhəmməd Əmin də bizim böyük şəxsiyyətimizdir. Biz onun qarşısında baş əyirik. Onların yaratdığını – ADR-i Nərimanov dağıtmadı. Onu imkan daxilində sosializm quruluşu çərçivəsində saxlamağa çalışdı. Amma heç vaxt istəmirdi ki, ruslar gəlib burada diktə eləsinlər. 1920-ci ildə olanları görəndən sonra o, mübarizə aparmağa başladı. Yəni ruslar deyənlə oturub-durmadı.
Rus soldatları Nərimanovu çiyinlərində aparırlar
Rus soldatları Nərimanovu çiyinlərində aparırlar
Bizdə bu barədə sənədlər də qorunub saxlanır».

RUS SOLDATLARI NƏRİMANOVU NƏDƏN ÇİYİNLƏRİNDƏ APARDILAR?

Aparıcının: «Deyirlər, bir şəkil var – rus soldatları Nərimanovu çiyinlərində aparırlar, lap şah kimi, bu necə olub çəkilib» sualına Kamilə xanım belə cavab verdi:
«O şəkil vaxtilə düz şərh olunmayıb. 90-cı illərdə tarixçi Nəsib Nəsibli o şəkli qəzetdə vermişdi. Şəkil sensasiyalı bir məqalə ilə çıxmışdı. Biz baxdıq, güldük… O şəkil ordunun idmançılarınındır, yarışdan sonra qalib gəliblər, Nərimanov da o yarışda iştirak edib. Onu kresloda çiyinlərinə qaldırıb şəkil çəkdiriblər. Bunu başqa cür yozublar, halbuki bu yarışdan sonra çəkilən şəkildir».

«İKİLİ MÜNASİBƏT BİTSİN!»

Kamilə xanım N.Nərimanova ikili münasibətdən gileylidir:

«Biz çalışırıq ki, muzeyə gələnlər çox olsun. Hər şeyi sənədlərlə açıb göstərək. Ona həmişə ikili münasibət olub. Çalışırıq elə edək ki, o, bu ikilikdən qurtarsın».

«HAMI NƏRİMANOVU OLDUĞU KİMİ TANISIN»

Aparıcının: «Sizcə, ikili münasibət nə vaxt bitəcək, bəlkə Nərimanovun oğluna yazdığı yarımçıq məktub bitəndə» sualı belə cavablandı: «Deyə bilmərəm… O vaxt bitər ki, hamı Nərimanovu olduğu kimi tanısın».

NƏRİMANOV 1918-Cİ İL MART QIRĞINLARINDA…


Kamilə Hüseynova nənəsi İltifat xanımın bu dövrlə bağlı xatirələrini AzadlıqRadiosuna bölüşdü:

«Şəhərdə narahatçılıq başlayan kimi Nərimanova xəbər verirlər. Bu evdə (muzeyin yerləşdiyi ev – S.İ.) onun S.Şaumyanla çox sərt danışıqları olub. Həmin bu evdə Nərimanov Rəsulzadə ilə Şaumyanı görüşdürüb qırğının qarşısını almaq üçün… 3-4 gün ailənin xəbəri olmayıb Nərimanov haradadır. Bu evə «kommuna» deyilən erməni dəstəsi gəlib – Nərimanovu həbs edib aparmaq məqsədilə. Evi axtarıblar. Nərimanovun ortancıl qardaşı özünü Nəriman kimi tanıdıb, onu aparıblar. Görünür, o illər Nərimanov çoxlarına mane olurmuş, onu aradan götürmək istəyirlərmiş».
ƏSƏBDƏN AYAĞI TUTULUB

Kamilə xanım mart qırğınlarında Nərimanovun küçələrdə, camaatın içində olduğunu dedi:
«Amma qarşıdurmanı yox etmək mümkün olmayıb. O hadisələrdən sonra əmimin əsəb gərginliyindən ayaqları tutulub. Elə bu evdən onu xərəklə Həştərxana aparıblar. Nənəm deyirdi ki, özü getmək istəmirdi, həkimlər məcbur etdilər. Aylarla xərəkdə palçıq müalicəsi qəbul edib».

SON

Kamilə xanım nənəsinin son günlər Moskvada Nərimanovun yanında olduğunu da bildirdi:
Nəriman Nərimanov
Nəriman Nərimanov

«Nərimanov 1925-ci ildə – Bakıya son dəfə gələndə mənim anam təzəcə dünyaya gəlibmiş. Əmim nənəmi özüylə Moskvaya aparıb ki, bir-iki ay mənim yanımda qalsın (Qardaşı və bacısının əri vaxtsız öldüyündən, onların 9 uşağını Nərimanov böyütmüşdü—S.İ.). Moskvaya çatandan 3 gün sonra əmim vəfat edib. Nə olubsa, həmin gün keçirilən iclasda olub. Nənəm deyirdi ki, əmim işdən gəldi, nahar elədik, uzandı dincəlsin, dedi, bir saatdan sonra maşın gələcək, iclas var. Getdi saat 7-də, 9-un yarısında zəng elədilər ki, doktorun halı pisdir. Gülsüm xanımla getdik--biz gedəndə xərəkdəydi, keçinmişdi... Sürücüsü danışırmış ki, iclasdan yarımçıq çıxıb. Nə olubsa, o iclasda olub. Bəlkə də, Azərbaycanla bağlı məsələyə baxılırmış, Stalinlə mübahisəsi olub».

NƏRİMANOV ZƏHƏRLƏNİB?!

Kamilə xanım Nərimanovun zəhərlənməsi ilə bağlı hələ sovetlər dönəmində yayılan iddiaya da münasibət bildirdi:
«Musa Bağırov (tarixçi alim—S.İ.) Moskvada olanda ona da deyiblər ki, guya zəhərləyiblər... Çünki sürücüsünü ailəsi ilə birgə sonra heç kəs görməyib. Bizim ailədə isə zəhərlənmə məsələsi danışılmayıb».

NƏNƏM O DÖVRÜN GERÇƏYİNİ ÖZÜYLƏ MƏZARA APARDI

Kamilə xanım nənəsinin çox şeylər gizlədiyini söylədi:

«Nənəm o dövrün tarixini özüylə məzara apardı – bunu hamı deyirdi. O dövrdə Nərimanovun bütün tədqiqatçıları bizim evə gəlib-gedirdilər. Kitab yazmazdan əvvəl gəlib İltifat xanımla görüşürdülər. Çalışırdılar ondan nə isə öyrənsinlər. Amma dövr elə dövr idi ki, nənəm heç kəsə çox şeyi demədi. Nənəm rəhmətə gedəndə, hamı dedi İltifat xanım Azərbaycan tarixinin çox vacib məqamlarını özüylə məzara apardı…».

BİR GECƏNİN İÇİNDƏ BAKIDAN QAÇDILAR…


Verilişin qonağı doktorun ailəsinin aqibətindən də söz açdı:
«Əmim 1925-ci ildə rəhmətə getdi. Bir ildən sonra ona «millətçi» damğası vurdular, onu unutdurmağa çalışdılar. Qohumlarımız da çox əziyyət çəkdi. Dəfndə Tiflisdən, Bakıdan olan qohumlarımız iştirak etdi (Nərimanov Moskvada Qızıl Meydanda dəfn olunub – S.İ.) . Nənəm danışırdı ki, qayıdanda Gülsüm xanımla Nəcəfi (Nərimanovun xanımı və oğlu—S.İ.) özümüzlə gətirmək istəyirdik. Amma mənim babam Qəzənfər Nərimanova deyiblər ki, Bakı onlar üçün daha təhlükəli olar. Üstündən bir neçə il keçəndən sonra Gülsüm xanım Nəcəfi də götürüb Bakıya gəlir. Bir gecənin içində onları Bakıdan qaçmağa məcbur edirlər. Onlar qaçdılar və bir də Azərbaycanın üzünü görmədilər… (N. Nərimanovun yeganə oğlu 2-ci Dünya müharibəsində həlak olub—S.İ.)».
XS
SM
MD
LG