Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Konfutsi belə buyurdu


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Aqşin Evrən


Konfutsi belə buyurdu

Cənab qrossmeyster,
bəlkə də bu ağaclar ölülərin əlləridir
Torpaqdan çıxıb yaşama doğru dartınırlar
Demək, özlərini damdan atanlar
əslində yaşamaq uğrunda mübarizəyə atılırlar
İnsanlar arasında kimyəvi reaksiyadır atılmaq
Əvvəlcə, atasının bədənindən
anasının bədəninə atılır insan
Sonra anasının bədənindən Yer Kürəsinə
Məncə, kapitalizmdə dünyaya gəlmir,
dünyaya satılır insan

Qırmızı diplom da qara çörək üçün verilmiş talondur
“Sən ey uşaqlıq”, “sən ey uzaqlıq” kimi oxunur indi
İndi daha çox sabun sata bilir Bizim Cəbiş müəllim
İndi Bakının köhnə stalinkalarında can verir SSRİ
Nəyə lazım illuzionizm?
İndi iki dünya müharibəsi görmüş nənəm də deyir ki,
bəşəriyyətin ən saxta əsəridir “Hərb və Sülh”
Yəni bu dünyada daha vacib həqiqətlər var
Məsələn, bir şagirdə test kitabçası Tövratdan daha vacib
Bir əsgər üçün bir güllə anadan daha doğmadır
Bu minvalla Adəmin cənnətdən qovulması “yol”a ən gözəl nümunədir
Demək, yol artıq aksiomadır,
əzəli doqmadır

Burada oğullar üçün yol hərəkəti qaydalarıdır ataların alın qırışları
Ölkə gözləyir bayraq işıqforunda
Ağaclar bar verdiyindən deyil,
bezdiyindən başını çırpır asfalta
Tanrı planetləri təsbehinə düzüb fırladır
Bu nəhəng dövretmə zamanı
övlad üçün ananın böyrəklərindəki daşdan qorxulu meteorit yoxdur dünyada
Hamı azdır, hamı acdır
Amma Yer kürəsindən başqa hamı toxdur dünyada

Ən axırıncı yoxluğa kimi hər şey gedəcək bu boz qalaktikadan
Əvvəlcə, zərrəciklər, molekullar, atomlar gedəcək
Elə həmin an Atomlar gələcək...
...Sonra ilk insan “Böyük partlayış”dan danışacaq
Yapışıb Tanrının təsbehindən bir qabırğa üstündə onunla qırışacaq
... Axı nə deməkdir? Axı nədir bu?
Baş daşları böyüyüb əvvəlcə bina,
sonra göydələn olur
Əslində, böyümək də bir yoldur
Bizim yolumuz daim piyada keçidləri ilə doğram-doğram,
kəsik-kəsik
Geyinib ayaqqabı tabutunu
bu dünyanın bütün asfaltları məzarlardan olana qədər yol gedəcəyik

Bakının köhnə stalinkalarında can verir SSRİ
Burda ən dəhşətli yol qəzaları
ata ilə oğul arasındakı münasibətdə baş verir.


Yeraltı çaylar dənizə axır

Uşaqlığı qocalar evində
Qocalığı uşaq evində keçən bir ömürəm, maestro
Köhnə şalvarımın cibindən çıxan 20 qəpiyə sevinmək
Oğlumun aldığı təzə çəliklə şikəst qalmaq olub peşəm
Mən qucağına körpə alıb bətninə körpə ala bilməyən anayam
Mən südəmər körpənin ağzında kəsilən döşəm

Qocalıq...
Bu məğlubun yaşadığı otel - ölü Mədain xarabaları
Sürülməmiş qəzaya uğrayan ilk maşınlar - əlil arabaları
Yəni, ayaqların itirmiş bir şagirdə ayaqqabı ölçüsü
sıradan bir rəqəmdir, iki aldığı riyaziyyatdır
Doğmaların torpaqda gizlənməsi ən dəhşətli gizlənqaç,
ən dəhşətli zarafatdır


Həvvanın dişlədiyi qadağan olunmuş meyvədir
Nyutonun başına düşən alma
Bəlkə də, budur kişi və qadın arasındakı cəzbetmənin sirri
Bəlkə də,İsaak Nyutondur Həvvanın məşuqu,
yaradılışın Adəm peyğəmbəri.
Deyirlər, Allah dünyanı 6 günə yaradıb
Mənsə 7-ci gün, yəni bazar günü doğulmuşam
Bəlkə də, elə bu səbəbdən Allahla rastlaşmamışam

Növlərin mənşəyində suda-quşda yaşayandır insan
yəni, yatağında duş qəbul etməkdir ağlamaq
maestro, vallah, dərd o deyil ki, ölürsən
Dərd odur ki, ilk ehtiraslandırdığın qadın meyitini yuyan ölüyuyandır,
gözəl bir mürdəşirdir

Nə bir qram az, nə bir qram çox:
yaşam boyu hamamda tökdüyün kir qədər torpaq tökərlər məzarına
Qayda budur: Ateistlər də kapitalist ölürlər
Əslində, qız uşağı doğan qadınlar leqal feministdirlər

Terroristlərin göbəyi saatlı bombanın yanlış məftili kimi kəsilər
Yəni, bir körpənin 10-a kimi sayması
başqa birinin son 10 saniyəsi olur bəzən
Bəzən insan yaşa dolmur, yaşla dolur
Yəni bizim yaşımız - həmişə torbada qalan lotereya rəqəmləridir
Maestro,
kainatın ən müqəddəs rəqəmləri pampers nömrələridir

Son sevgi məktubumuzu da nisyə dəftərinə yazdıq
bu, ölüb getmiş müştəridən qalan əbədi borcdur
İmsakda göz yaşımızı içməklə,
iftarda öz içimizi yeməklə
Bizim orqanizmimiz xoşbəxtliyə orucdur


Mədəni edam,
ən ağrılı pəhrizdir
qadının sevdiyi kişini bədənindən arıqlaması
Ömrü yaşamaq deyil, ömrü ölməkdi,
Tanrını yamsılamaqdı kişi tənhalığı
Çünki elə yarandığı gün kişini qabırğa şəklində tərk etmişdi qadın
XS
SM
MD
LG