Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Əli Həsənov: «Azərbaycan insan haqlarına geniş meydan verən demokratik dəyərlərdən bəhrələnir»


Əli Həsənov
Əli Həsənov
-

«Freedom House» təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycan ilə bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Ona görə də bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşmışdır».

Bunu AzərTAc-a Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Freedom House» təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatını şərh edərkən deyib.

«FREEDOM HOUSE»UN İSTİFADƏ ETDİYİ METODOLOGİYA QÜSURLUDUR

Əli Həsənov bildirib ki, «hər hansı ölkədə baş verə biləcək ayrı-ayrı azsaylı halların məqsədyönlü şəkildə ümumiləşdirilməsi və əldə olunan nəticələr əsasında real vəziyyətin təhrif edilməsi heç bir təşkilata, o cümlədən «Freedom House»a başucalığı gətirmir. Bütün bunlar onu deməyə əsas verir ki, «Freedom House»un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir».

«FACEBOOK» SOSİAL ŞƏBƏKƏSİNDƏ AZƏRBAYCANDAN 1.2 MİLYON NƏFƏR İSTİFADƏÇİ VAR

Əli Həsənov ölkədə internetin vəziyyətindən də danışıb. «O ki qaldı, internetin vəziyyəti ilə bağlı iddialara, deyə bilərik ki, bu gün informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir. Ölkəmizdə yüzlərlə internet saytı, portalı və s. fəaliyyət göstərir. Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir, sosial şəbəkə istifadəçilərinin sayı isə iki milyona yaxınlaşmışdır. Təkcə «Facebook» sosial şəbəkəsində Azərbaycandan 1.2 milyon nəfər istifadəçi var və sürətli illik artım dinamikası müşahidə olunur. Bu faktlar Azərbaycanda internetin tam azad olduğunu və bu sahədə hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını açıq şəkildə nümayiş etdirir».

Prezident Administrasiyası hesabatda jurnalistlərin yazışmalarına və telefon danışıqlarına nəzarət etmələri məsələsinə də toxunub:

««Freedom House»un guya Azərbaycanda jurnalistlərin internet yazışmaları və telefon danışıqlarını nəzarətdə saxlanması, KİV-lərin yayımına peykdən müdaxilə və s. bu kimi mülahizələrinə gəlincə, deyə bilərik ki, göstərilən məsələlərə dair bütün dünyaya məlum olan digər zəngin «təcrübələr» vardır. Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən bir ölkə kimi bəzi böyük dövlətlərin bu kimi «təcrübələr»indən deyil, insan haqlarına, media azadlığına geniş meydan verən demokratik dəyərlərdən bəhrələnir. Buna görə də «Freedom House» «qaranlıq otaqda qara pişik axtarmaq» əvəzinə bu məsələləri araşdırsa və real nəticələr ortaya qoysa, bəlkə də öz nüfuzuna daha müsbət çalarlar gətirə bilər».

Ötən gün «Freedom House» «Media Azadlığı 2014: «Media azadlığı son on ilin ən aşağı həddinə çatıb»» adlı illik hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, «Azərbaycanda repressiv media mühiti daha da pisləşib».
XS
SM
MD
LG