Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:09

19 yaşlı ananın Ucar xəstəxanasında müəmmalı ölümü...


-

Zərdab rayonunda ana doğuş zamanı vəfat edib. 10 ay əvvəl ailə quran Sayat Nəsirova artıq son mənzilə yola salınıb. Ana vəfat etsə də onun dünyaya gətirdiyi körpə yaşayır. Qohumlar danışırlar ki, mərhumə Sayat Nəsirova çox erkən yaşlarında atasını itirib və yetimliklə böyüyüb.

«GƏLİN ƏMƏLİYYAT OLUNDU VƏ BİR OĞLAN UŞAĞI DÜNYAYA GƏTİRDİ»

Mərhumənin qaynanası Zemfira Nəsirova:

«Keçən il iyun ayının 25-də oğlum Samir üçün toy etdim. Gəlinim həm də qardaşım qızıdır. Gəlin hamilə idi, aprel ayının 20-si axşam o xəstələndi. Mən onu Zərdab rayon xəstəxanası təmirdə olduğuna görə Ucar rayon xəstəxanasının doğum şöbəsinə apardım. Xəstəxanada ona sistem qoşdular və digər yardımları etdilər. Aradan bir neçə saat keçdi və həkimlər qeyd etdi ki, lazımı nəticə alınmadığına görə xəstə əməliyyat olmalıdır. Gəlin əməliyyat olundu və bir oğlan uşağı dünyaya gətirdi. Bütün həkimlər, tibb bacıları bizə gözaydınlığı verdi, demək olar ki, hamıya pul payladım. Xəstə lap yaxşı idi, narkozdan da ayılmışdı. Onu reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstəmi cərrah Cavanşir həkim və ginekoloq həkim Diləzbər həkim əməliyyat ediblər».

«HƏKİMLƏR İYNƏ-DƏRMANI MƏNƏ ALDIRDILAR»

Qaynana daha sonra deyir:
Sayat Nəsirova
Sayat Nəsirova
«Xəstəyə iynə-dərman lazım idi. Mən geri Zərdaba qayıtdım, xeyli iynə-dərman və bir də gəlinin anasını götürüb yenidən Ucar xəstəxanasına qayıtdım. Həkimlər bizi gəlinin yanında qalmağa qoymadılar. Bizi arxayın etdilər ki, özümüz baxacağıq, çıxın gedin. Mən də gəlini sağ-salamat orada qoyub, geri, evə qayıtdım. Ayın 22-də səhər saat 10-da gəlinim əl telefonuma zəng edib dedi ki, həkimlər bir azdan məni ayağa durğuzub gəzdirəcəklər. Gəlin bunu da mənə dedi ki, bir az tez gəlin, «akuşerka» və tibb bacısı deyinir. Həm də uşağa pal-paltar gətirməyimiz lazımdır. Bizim Ucara çatmağımız təxminən 40 dəqiqə çəkərdi. Xəstəxanaya çatanda gördük ki, xəstəxananın bütün həkimləri reanimasiya şöbəsindədir. Fikirləşdik ki, yəqin başqa ağır xəstə var. Ancaq işin nə yerdə olduğunu bildikdə, qışqır-bağır salıb içəri keçdim və gördüm ki, gəlinim ölüb».

«MƏNİM GƏLİNİMİ HƏKİMLƏR ÖLDÜRDÜ»

Qaynananın deməsinə görə, gəlin həkimlərin səhlənkarlığından yıxılıb:

«Gəlinimlə bir palatada yatan xəstələr mənə dedilər ki, həkimlər onu gəzdirmək üçün ayağa qaldırıblar və nəzarətsiz qoyublar. Gəlin bir az gəzdikdən sonra huşunu itirib və yerə yıxılıb, başı divara dəyib beyni dağılıb. Bakıdan çağırılmış həkimlər də bu deyilənləri təsdiqlədilər. Qulaqlarından qan gəlirdi. Onu gecə saat 11-ə kimi süni aparata qoşdular, ürəyi, ciyərləri işləyirdi, ancaq baş ölmüşdü. Sonradan əraziyə 50-yə yaxın polis gəldi, meyiti «morqa» apardılar və gecə yarısı bizə yarılmış vəziyyətdə verdilər. Bu günə kimi heç kim gəlib maraqlanmır, elə bil milçək ölüb. Gəlinin 19 yaşı var idi, gözümüzün qabağında böyüyüb, tam sağlam olub, tam sağlam hamiləlik keçirib. Mənim gəlinimi həkimlər öldürdü. İndi utanmadan deyirlər ki, onda «sudurqa» olub, yalandı. Bəs əgər «sudurqa» vardısa, necə həkimsiniz ki, yoxlamamış əməliyyat edirsiniz. Kim ki, yaxşı pul verir, onun xəstəsinə yaxşı baxırlar. Elə ki, kasıb oldun baxmırlar və belə hallar baş verir. Bilsəydim gecə pilləkəndə yatardım, özüm qulluq edərdim. Onsuz da mənim gəlinim geri qayıdan deyil, ancaq istəmirəm ki, növbəti dəfə kiminsə başına belə oyun açılsın. Öz əli ilə şirniyyat alıb qoymuşdu ki, ana olub gələndə qohum-əqrəbaya paylayacam, qismət olmadı».

«İSTƏMİRƏM Kİ, GƏLƏCƏKDƏ KİMİNSƏ DƏ BALASINI ÖLDÜRSÜNLƏR»

Mərhumənin anası, Zərdab rayonu Yuxarı Seyidlər kəndinin sakini, Sevda Abdurrahmanova:

«Mən onu yetimliklə böyütmüşdüm, öz uşağı da yetim qaldı. Mən Ucar həkimlərindən şikayətçiyəm, axıra kimi də bu işi edənlərin cəzalanmasını tələb edəcəyəm. Mən prezident İlham Əliyevdən xahiş edirəm ki, qatillərin cəzalandırılması üçün göstəriş versin. İstəmirəm ki, gələcəkdə kiminsə də balasını öldürsünlər. Mənim balamı öldürdülər, o, daha geri qayıdan deyil, bu həkimlər çox evləri yıxıblar».

«İNDİ DƏ MÜHARİBƏ YOXDUR Kİ...»

Mərhumənin nənəsi, Gülüsüm Əhmədova:

«Mən şəhid anasıyam, oğlumu vətən yolunda vermişəm. İndi də müharibə yoxdur ki, belə şeylər olur. Yenə vətən yolunda olsaydı bu qədər yanmazdıq. Heç kəs bu sirri açmaq istəmir. Bu necə olub ki, sağlam adam birdən-birə ölüb? Bunu kim yıxıb, bəyəm 1 gün əvvəl əməliyyat olunan adam təkbaşına ayağa qalxa bilər?».

«MƏN BURADA HƏKİM SƏHLƏNKARLIĞI GÖRMÜRƏM»

Ucar rayonu mərkəzi xəstəxanasının baş həkiminin müavini, Ata Hacıyev:

«Bəli, o, bizim xəstəxanada əməliyyat olunub. Bir sutka sonra da, öz palatasında yıxılıb. Ölümün dəqiq səbəbi kəllə-beyin travmasıdır. Ümumiyyətlə reanimasiya şöbəsində heç kimə xəstənin yanında qalmağa icazə verilmir. Bu qayda bütün dünyada qəbul olunmuş qaydadır. Mən burada həkimlik bir şey görmürəm, xəstəni əvvəl yeridiblər, normal yeriyib və oturub. Xəstə yıxılanda, onun yanında tibb bacısı olub, onu sistemə hazırlayırlarmış. Həmin an xəstə ayağa durub, ayaqyoluna getmək istəyib və yıxılıb, başı divara dəyib. Bu bədbəxt hadisədir, heç kəs istəməzdi ki, belə olsun. Hər halda mən burada həkim səhlənkarlığı görmürəm. Gələcəkdə araşdıracaqlar ki, xəstə yıxılmağına görə ölüb, yoxsa onun yıxılmağına başında baş verən hansısa proseslər səbəb olub?».

Ucar rayon prokurorluğundan isə bildirdilər ki, məsələ ilə bağlı araşdırma getdiyi üçün hələlik açıqlama verə bilməzlər.
XS
SM
MD
LG