Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54

Səsin gəlsin, ay kitab!


Gulər Sadıqova
Gulər Sadıqova

-

"Könüllülər çoxdur. Sağ olsunlar. Tanımadığım adamlardan bəzən oxunmuş, montaj edilmiş hazır səslər alıram. Hamı maddi maraq güdmədən, sevinə-sevinə kömək təklif edir".

"Əlimizdən gələni edəcəyik ki, gözdən əlil insanlar da “oxuya” bilsinlər. Heç kim gedib onlar üçün xaricdən gözdən əllillərin əlifbası ilə yazılan Borxes, Markes və b. yazıçıların əsərlərini gətirməyəcək".


Azərbaycanda audiokitab saytı - seslikitab.az-ın rəhbəri Gülər Sadıqova ilə söhbət


- Gülər, Azərbaycanda audiokitab saytı yaratmaq ideyası hardan yarandı?

- İdeya uzun müddət idi ki, vardı. Hətta 2010-cu ildə Azadlıq Radiosunun "Oxu zalı" üçün Markesin bir hekayəsini səsləndirmişdim. “Mavi itin gözləri”. Amma sonra başım qarışıq oldu və ideya yaddan çıxdı. Uzun müddətdir düşünürdüm ki, yenidən belə bir şey edim. Sayt kimi böyük bir şey. Amma maliyyə və fond tapa bilmirdim. Rusların bir radiosu var: Radio Zvezda. Dinləməyi sevdiyim radiodur. Orada qısa hekayələr səsləndirirlər həmişə. Çox gözəldir. Onun kimi bir şey etmək istəyirdim, amma sayt formasında. Sonradan bu sahəyə marağı yoxlamaq üçün bloq yaratdım. Bloqa olan maraq məni yaxşı mənada təəccübləndirdi. Və elə o andaca sayt yaratmaq barədə fikrimi gerçəkləşdirmək qərarına gəldim.

- İnternetdə kitabxana qurmaq çox əziyyətli işdir, bu işə təkbaşına başladın?

seslikitab.az
seslikitab.az



- Əslində, hər bir işin başlanğıcı çətin olur. Saytı 2 nəfər idarə edirdik. Səsləndirirdik, montaj edirdik, hətta bəzən tərcümələri də özümüz edirdik. Çoxlu təşəkkür məktubları aldım. Saytın statistiksını hər gün izləyirəm. Arta-arta gedir izləmələrin və daxil olmaların sayı.

Könüllülər çoxdur. Sağ olsunlar. Yaxın dostlardan Kamran Musa bloq üçün şəkillər hazırlayıb. Tanımadığım adamlardan bəzən oxunmuş, montaj edilmiş hazır səslər alıram. Aktrisa Nurbəniz Niftəliyeva bizim üçün mükəmməl səsləndirmələr edir. Yazıçı və ədəbiyyat adamlarımıza yazıram. Çoxundan müsbət cavab alıram. Hər kəs əlindən gələn köməyi etmək istəyir. Çoxları oxuyur, səslərini göndərir. Hər kəs maraqlanır. Maddi maraq güdmədən, sevinə-sevinə kömək təklif edir. Tanımadığın insanlardan bu qədər dəstək görmək çox xoşdur.

- Bu, ictimai bir layihədir, hobbidir, yoxsa biznes layihəsi?


- "Səsli kitab"da biznes ideyası yoxdur. Heç vaxt da olmayacaq. Bu ideya pul gətirmək üçün işlənməyib. Sırf gözdən əlil insanlar və oxumaq yox, dinləmək istəyən insanlarçündür. Əlimizdən gələni edəcəyik ki, gözdən əlil insanlar da “oxuya” bilsinlər. Heç kim gedib onlar üçün xaricdən gözdən əllillərin əlifbası ilə yazılan Borxes, Markes və b. yazıçıların əsərlərini gətirməyəcək. Çoxlarından eşidirəm ki, əngəlli dostlarına, ailə üzvlərinə kitabları ucadan oxuyurlar. Bu layihədə isə asanlıqla bloqa daxil olub, əsərləri istər canlı dinləyə, istərsə də endirib dinləyə biləcəklər. Əhatəmiz genişlənəcək. Daha böyük planlar var və həyata keçirəcəyimizə əminəm.



Layihəni maliyyələşdirmək üçün mənbə tapa bilməmişik, amma Gənclər Fondundan bu sahə ilə əlaqəli layihə udduq. Layihəyə əsasən, 3 ay boyunca 18 hekayə tərcümə edilməli, səsləndirilməli, disklərə yazılıb görmə əngəlli insanlara paylanmalıdır. Bizim sayt isə öz hesabımıza fasiləsiz olaraq internetdə fəaliyyətini davam etdirir.

- Səsləndirmək üçün hekayə seçəndə hansı meyarlar əsas götürülür?


- Hələ ki qısa hekayələrə üstünlük veririk. Uzun olanda səsləndirmə və montaj çox vaxt aparır. Studiyamız olmadığından həcmli əsərləri oxuyanda fasilələrlə oxuyuruq təbii ki. bu da sonra səs fərqliliyi yaradır. Ona görə də çox oxunan, maraqlı, öyrədici və qısa hekayələrə üstünlük veririk. Bloqumuzda kifayət qədər maraqlı əsərlər var. Məsələn, Səməd Behrənginin “Balaca qara balıq” əsəri, İtaliyalı yazıçı Dino Bussatidən hekayələr, Gi de Mopassanın hekayələri, Borxes və s. Hələ ardı da var. Siyahıda hələ oxunası çox şeylər var.

Bəzən tənqid edirlər. Məktublar alırıq ki, çox sürətlə oxuyursuz və ya intonasiya belə-elə. İzah edə bilmirəm ki, heç kim anadan peşəkar doğulmayıb. İstənilən yeni başlanılan işdə peşəkarlaşmaq üçün uzun zaman və təcrübə lazımdır. "Səsli kitab" Azərbaycanda ilk belə layihədir. Təbii ki zaman alacaq bunun elə mənim özümün də istədiyim səviyyəyə qalxması. Zamanla düzələcək. Tez-tez mənə yazırlar ki, bəs ideyamı oğurlamısan. Bu ideya çoxlarının ağlına gələ bilər. Axı yoxdu Azərbaycanda. Amma sırf oğurlamaq sözünü qəbul edə bilmirəm mən. Əgər kimsə bu adda bloq açsaydı, mən də həmin adla iş tutsaydım, bu, əlbəttə oğurluq olardı. Amma biz yoxdan yaranmışıq. Bloqu da eləcə yaratmışıq.

"Səsli kitab"ın gələcəkdə məhz peşəkarlar tərəfindən səsləndirilmiş, professional və mükəmməl layihə olması üçün çalışırıq. Çalışıram ingilis, rus saytlarında audio kitabları izləyəm. Onların çox böyük təcrübəsi var. Çünki uzun illər keçiblər.

XS
SM
MD
LG