Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:04

Azərbaycan/Fransa: Hollande insan hüquqlarını diqqətdə saxlamalıdır


Francois Hollande
Francois Hollande
-

Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch mayın 11-də Bakıda səfərdə olacaq Fransa prezidenti Francois Hollande-ı Azərbaycanda insan haqlarının ağır vəziyyəti ilə bağlı məsələni qaldırmağa çağırıb.

FRANSIZ ŞİRKƏTLƏRİ DƏ GƏLİR

Cənab Hollande prezident İlham Əliyevlə görüşündə enerji və digər məsələləri müzakirə etməlidir. Təsadüfi deyildir ki, Fransa prezidentini bu səfərdə müxtəlif fransız şirkətlərinin təmsilçiləri müşayiət edəcəklər.

Human Rights Watch təşkilatının bəyanatındadeyilir ki, Azərbaycan hökuməti son iki il ərzində onu tənqid edən jurnalistləri, siyasi müxalifət liderlərini və sosial media fəallarını həbs edib və ya həbsxanaya göndərib, dinc nümayişləri zorla dağıdıb.

«Hollande-ın səfəri Azərbaycanın siyasi həyatında mühüm hadisədir və buna görə də insan haqları məsələsinin qaldırılması üçün mühüm imkandır, Hollande Azərbaycan rəhbərliyi ilə şəxsi və ictimai görüşlərində Azərbaycanı qanunsuz olaraq həbs edilənlərin azad olunmasına çağırmaq imkanını əldən verməməlidir», təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Rachel Denber deyib.

HOLLANDE ƏLİYEVƏ AYDIN ŞƏKİLDƏ BİLDİRMƏLİDİR Kİ…

Human Rights Watch Fransa prezidentini Bakıda olarkən görkəmli insan haqları müdafiəçisi Leyla Yunus və onun əri Arif Yunusla görüşməkdə israr etməyə çağırıb.
«Hollande Əliyevə aydın şəkildə bildirməlidir ki, Yunusların və jurnalist Rauf Mirqədirovun azad edilməsi onun üçün və Fransa-Azərbaycan münasibətləri üçün çox mühümdür» xanım Denber deyib.

Human Rights Watch-un bu yaxınlarda cənab Hollande-a ünvanladığı məktubunda deyilir ki, Azərbaycan hakimiyyəti təkcə ötən il ərzində 30-dək siyasi fəala, jurnalistə, bloqqerə və insan haqları fəalına qarşı narkotik maddə və silah saxlamaq, xuliqanlıq, zorakılığı qızışdırmaq və hətta vətənə xəyanət kimi əsassız ittihamlar irəli sürülüb.

FRANSA HÖKUMƏTİ BU BARƏDƏ MÖVQE BİLDİRİB

Human Rights Watch təşkilatı bu halların əksəriyyətini 2013-cü il hesabatına daxil edib.

Hesabatda saxta ittihamlarla 2 ildən 10 ilədək azadlıqdan məhrum edilmiş 23 nəfərin işi barədə məlumat verilir.

Onların arasında 2013-cü ildə uyğun olaraq 7 il və 5 il müddətinə azadlıqdan məhrum edilmiş tanınmış siyasi təhlilçi İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun da adları var.

İLQAR MƏMMƏDOVUN MƏSƏLƏSİNİ QALDIRMAQ ÜÇÜN CİDDİ ƏSAS VAR

Bu da xatırladılır ki, Fransanın Xarici İşlər Nazirliyi onların məhkum edilməsini pisləyib.

Xanım Denber deyib ki, Məmmədovun məsələsi artıq Fransa hökumətinin nəzarətindədir və buna görə də Fransa prezidentinin bu məsələləri Bakıda qaldırması üçün ciddi əsas vardır.

«Biz ümid edirik ki, Hollande Azərbaycanın, Avropa Şurasında sədrliyə başladığı bir vaxtda, Avropa Şurasına üzv ölkə kimi onun dəyərlərinə əməl etməməsinə dair narahatlığını açıq şəkildə bildirəcək», – Rachel Denber deyib.
XS
SM
MD
LG