Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:54

İlham Əliyevdən Afaq Məsuda vəzifə


Afaq Məsud
Afaq Məsud
-

Prezident İlham Əliyev öz sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnaməni və Mərkəzin strukturunu təsdiq edib.

Tərcümə Mərkəzinin aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilib.

Rəhbəri isə indiyəcən Yazıçılar Birliyinin Tərcümə Mərkəzinə rəhbərlik etmiş yazıçı, tərcüməçi Afaq Məsud təyin edilib.

Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-cu illərdə "Azərbaycantelefilm"də direktor vəzifələrində çalışıb.

Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.

Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları" və sair əsərləri azərbaycan dilinə tərcümə edib.

"Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir. Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza" televiziya filmləri çəkilib.

2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar").

"Humay" Milli Akademiyası mükafatı laureatıdır.

Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
XS
SM
MD
LG