Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:38

Bakıda AŞPA-nın Büro iclası keçirilir


AŞPA
AŞPA
-
Mayın 22-də Bakıda AŞPA-nın Büro iclası keçirilir. İclasda Azərbaycanda siyasi məhbus məsələsinə dair qətnamə təklifinə də baxılacaq. Həmin təklif AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinə tövsiyə olunarsa, Azərbaycanda siyasi məhbus məsələsi yenidən AŞPA-nın gündəminə salına, səsə qoyula, məruzəçi təyin oluna bilər.

Monitorinq Komitəsinə tövsiyə olunacağı halda isə, siyasi məhbus məsələsi AŞPA həmməruzəçilərinin monitorinq siyahısında qala bilər.

VƏTƏNDAŞ CƏMİYYƏTİ İRLANDİYALI DEPUTATI DƏSTƏKLƏYİR

Azərbaycandan bir qrup hüquq müdafiəçisi, vətəndaş cəmiyyət təmsilçisi Avropa Şurası, AŞPA rəhbərliyinə məktub ünvanlayıb.

Məktub AŞPA sədri Anne Brasseur, AŞ Baş Katibi Thorbjorn Jagland, AŞPA Baş Katibi Wojciech Sawicki, Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin sədri James Clappison və Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono-Grech, eləcə də AŞ üzv dövlətlərinin xarici işlər nazirlərinə göndərilib.

Məktubda qeyd olunur ki, Azərbaycanın vətəndaş cəmiyyəti ölkədə ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarından istifadəyə görə davamlı həbslərdən dərin narahatlıq hissi keçirir. Bu səbəbdən onlar irlandiyalı deputat Michael McNamara-nın hazırladığı qətnamə təşəbbüsünü dəstəkləyir.

TƏMƏL PRİNSİPLƏRDƏN İMTİNA OLUNMAMALIDIR

Məktub müəllifləri AŞPA Bürosunu “bu təklifə layiq olduğu diqqəti göstərməyə və onu daha detallı hüquqi həll məqsədilə Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinə göndərməyə” çağırır.

“Siyasi məhbusların mövcudluğu Avropa standartlarına və AŞ üzvlüyünə ziddir. AŞ təməl prinsiplərindən heç bir halda imtina olunmamalıdır. Şuranın etibarı və nüfuzu böyük siyasi və etik dəyər daşıyır. Bu etibar və nüfuz qorunmalıdır. Cənab McNamara-nın təklifi Azərbaycanda siyasi məhbuslar məsələsinin həlli baxımından ciddi əhəmiyyət daşıyır,” deyə məktubda vurğulanır.

Məktubda hazırda Azərbaycanda onlarla vətəndaş cəmiyyət fəalının, jurnalistin, gənc fəalların həbsdə olduğu bildirilir, onların məhz siyasi motivlərlə həbsə atıldığı qeyd olunur.
XS
SM
MD
LG