Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

Mülk sahibi: «O nazir Azərbaycanın jandarmıdır»


Azər Əsgərov
Azər Əsgərov
-
Azər Əsgərov vaxtilə AXCP qərargahı yerləşən və «qəzalı vəziyyətdə olduğundan» sökülən binanın sahibidir. O, bu günlərdə sökülən mülkünün yerində çadır qurmaq istərkən, Nərimanov polisi tərəfindən saxlanıb. Azər Əsgərov etirazının səbəbini və daha sonra olub-bitənləri AzadlıqRadiosuna danışıb.

- Siz nədən çadır qurmaq qərarına gəldiniz?

- Mənim mülkümün altındakı zirzəminin sahibinə 177 min manat kompensasiya ödəyiblər. Hətta üç qonşuya da zərərçəkmiş kimi pul ödənib. Mənsə indiyədək bircə qəpik də almamışam. Kompensasiya ala bilmədiyimdən, hasara alınmış yeri sökdüm, girdim içəri. Çadır qurub orada yaşamaq istəyirdim. Polislər töküldü, tutdular məni. 4 saat sonra buraxdılar. Polisdən dedilər ki, icra hakimiyyəti ilə danışıblar ki, mənim problemim həll olunsun. Dedilər ki, bazar ertəsi gedərsən icra hakimiyyətinə. Getdim, qəbul etmədilər. Özbaşınalıqdır. Mənim mülkümü Fövqəladə Hallar Nazirliyi dağıdıb. Nə mülkümün pulunu ödəyirlər, nə də ki, içəridən götürdükləri əşyaları qaytarırlar.

- Deyirsiniz ki, mülkünüzün altındakı zirzəminin sahibinə, hətta qonşulara da kompensasiya ödənilib. Sizə niyə fərq qoyulur ki?

- Fərq odur ki, mən qərargahı AXCP-yə vermişəm. O vaxt fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənim yanıma adam göndərmişdi ki, qərargahı cəbhəçilərə verməyim. Onları eşitmədim deyə, məni bu günə saldılar. Cəzalandırırlar məni. Mülkümü partlatdılar, başıma bu oyunu açdılar. O nazir Azərbaycanın jandarmıdır.

- Qanun çərçivəsində çıxış yolunu nədə görürsünüz?

- Azərbaycanda qanun işləyir? İşləyirsə, mənə yol göstərin, onu edim. Mən DİN-ə, prokurorluğa, MTN-ə dəfələrlə müraciət etmişəm. Məni eşidənmi var? Heç kim maraqlanmır. Ancaq mətbuat konfransında əsəbiləşib söz işlətdiyimə görə məni «bandotdel»ə çağırıblar. Mətbuat konfransında demişdim ki, dövlət tədbir görmək istəmirsə, mənə haqsızlıq edənlərə özüm tədbir görüm, özüm cəzalandırım. Dedilər ki, bu sözlərə görə sənə cinayət işi açılacaq. Mən də dedim ki, mənim əvvəlki şikayətlərimi niyə araşdırmırsınız? İzahatımı alıb buraxdılar. Azərbaycanda dövlət var, ancaq hakimiyyət yoxdur. İcra hakimiyyətindən deyirlər ki, biz lazım olan sənədləri FHN-ə göndərmişik. Deyirlər, gedib ilişir qalır orada.

- Olub-bitənlərdən sonra mülkünüzü AXCP-yə vermənizdən peşman deyilsiniz?

- Peşman deyiləm. Bu cür hakimiyyətlə sona kimi mübarizə aparmağa hazıram. İstəyir, məni lap həbs etsinlər. Mənim mülkümü quldurcasına dağıtdılar. Bütün bu işlərin başında Kəmaləddin Heydərov dayanır.

- Bundan sonra nə etməyi düşünürsünüz?

- Həftənin sonunadək gözləyirəm. Müraciətlərimə baxılmasa, yenə gedib mülkümdə çadır quracağam. Prezidentə də müraciət etmişəm. Bakı şəhər İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişəm... Sonunda Avropa Məhkəməsinə üz tutacağam.
XS
SM
MD
LG