Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

«Müstəqil mətbuat reklam bazarına girişdən məhrumdur» [Video]


-
Yayımını dayandıran «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı, «Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev və Media Hüquqları İnstitutunun eksperti Xalid Ağəliyev medianın durumunu müzakirə edirlər.


«XƏRCLƏR GƏLİRDƏN ÇOXDUR»

Elçin Şıxlı «Ayna»-«Zerkalo» qəzetlərinin nəşrini dayandırmasını maddi çətinliklə bağlayır:

«Qəzet çapını müvəqqəti olaraq dayandırıb. Müstəqil, obyektiv fikir söyləmək üçün qəzeti gərək müstəqil maliyyələşdirə biləsən. İllərdir çalışıram ki, reklam və satışla qəzetin gəlirini təmin edim. Qəzetə biznes qurumu kimi baxmışam. Ancaq indi xərclərlə gəlirlər tərs mütənasibdir. Belə halda hər hansı biznesi davam etdirmək mümkün deyil. Texnologiyaların inkişafı ilə bağlı çap məhsullarına maraq azalıb. Bu şəraitdə peşəkar jurnalistlər saxlamaq, onların dolanmasını təmin etmək olmaz. Cəmi 32 işçimiz qalıb. Onlara kifayət qədər maaş ödəyə bilmirəm. Digər bir tərəfdən, yeni media strukturları yaranır. Onlar peşəkar işçiləri daha yüksək maaşla özlərinə cəlb edə bilirlər».

«TİRAJI AŞAĞI OLAN QƏZETLƏR REKLAM ALA BİLİR, «AZADLIQ» YOX»

Rahim Hacıyev «Azadlıq» qəzetinin durumunun heç də yaxşı olmadığını deyir:

«Vəziyyət çox pisdir. Ötən ilin ikinci yarısından təzyiqlər daha da güclənib. Metroda qəzetlərin satışı dayandırıldı. Son altı ayda 105 min nüsxə qəzet satışından məhrum olduq. KİVDF də bizə dəstəyi kəsib. Bütün bunlar hakimiyyətin siyasətinin nəticəsidir. Nəşriyyat 18 min manat borcunu bizdən istəyir. Biz isə «Qasid»in qəzetə 68 min 371 manat borcunu ala bilmirik. Hakimiyyət mediaya süni əngəllər yaradır. Ölkədə siyasi və iqtisadi plüralizm yoxdur. Tirajı bizdən aşağı olan qəzetlər reklam ala bilir, biz yox. Bu necə ola bilər? Azad mətbuat orqanları sıradan çıxır. Son iki aydır əməkdaşların maaşını verə bilmirik. «Azadlıq» qəzetinə edilən cərimələr də həddindən artıqdır. Azad mətbuat orqanlarını belə üsullarla sıradan çıxarmaq istəyirlər».

«MÜSTƏQİL MƏTBUAT REKLAM BAZARINDAN MƏHRUMDUR»

Xalid Ağaliyev ölkədə azad mətbuat üçün şərtlərin olmadığını deyir:

«Azad medianın var olması üçün müxtəlif şərtlər var. Bunun üçün ilk növbədə reklam bazarı lazımdır. İkinci şərt yayım sektorunun vəziyyətidir. Medianın basqılardan qorunması da önəmli şərtlərdəndir. Azərbaycanda çap mətbuatının reklam bazarı yoxdur. Müstəqil mətbuat reklam bazarına girişdən məhrum olur. Mətbuatın yayım sektoru çox pis durumdadır. Mətbuatın yayımı bütün ölkəni əhatə etmir. Yayım sektoru getdikcə daha da daralır. Mətbuatın basqılardan qorunması ilə bağlı da ciddi problemlər var. Bu basqıların çoxunun arxasında hakimiyyət dayanır. Ölkədə azad mətbuatın mövcudluğu üçün zəruri şərtlər yoxdur».
XS
SM
MD
LG