Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:03

Həsən Hüseynlinin məhkəməsi iyunun 13-də başlayır (VİDEO)


Həsən Hüseynlinin məhkəməsi iyunun 13-də başlayır
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Həsən Hüseynlinin məhkəməsi iyunun 13-də başlayır

-

Bu gün – mayın 5- də Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə açılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Gəncə şəhər Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə baş tutan iclasda Həsən Hüseynliyə və zərərçəkmişə prosesə aid suallar verilib. Zərərçəkmiş Arzu Qəhrəmanov ona qarşı təzyiqlərin protokola salınmasını tələb edib. Həsən Hüseynli isə hazırlıq iclasında əlavə tələb irəli sürməyib:

«Sadəcə hazırlıq iclası idi. Vəkil və zərərçəkənin sözlərini dinlədilər. Qərara gəldilər ki, iyunun 13-də ilk açıq məhkəmə olsun. Vəkillər lazımı sənədlər verilməsi üçün vəsatət qaldırdılar. Hakim də dedi ki, həmin sənədlər ərizə əsasında vəkillərə verilə bilər».

– Söhbət istintaq zamanı sizə verilməli olan sənədlərdən gedir?

– Bəli, istintaq müddətindəki sənədlər nəzərdə tutulur.

Hazırlıq iclasında videoçəkilişə icazə verilməyib. Həsən Hüseynlini müdafiə edən vəkillər Əlayif HəsənovElçin Sadıqov bununla və digər məsələlərlə bağlı vəsatət qaldırıblar. Vəkil Əlayif Həsənov deyir:
«İşin ilkin istintaqı aparan prokurora qaytarılmasına dair vəsatətimiz oldu. Bu vəsatət onunla əsaslandırılmışdı ki, Həsən Hüseynli saxlanarkən onun müdafiə hüququ kobud şəkildə pozulmuşdu. Söhbət Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan gedir. İkinci vəsatətimiz məhkəmə gedişinin tam videoyazıya alınmasıyla bağlıydı. Məhkəmə əsaslı səbəb göstərmədən vəsatəti rədd etdi və bizi məhkəmələrə inamsızlıqla qınadı. Ancaq bu faktdır ki, məhkəmədə qanun pozuntuları olur».

Dövlət ittihamçısı Alesey Abbasov işin ibtidai istintaqa qaytarılmasına dair vəkillərin vəsatətinə qarşı çıxaraq buna növbəti məhkəmə iclasında baxılmasını istədi.

Müşavirə otağına yollanan hakim növbəti məhkəmə iclasının iyunun 13-də gündüz saat 12-də keçirilməsinə qərar verdi.

Həsən Hüseynli martın 31-də Gəncədə saxlanılıb. O, öz həmyerlisi Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirməkdə günahlandırılır. Həsən Hüseynli polisdə 48 saat saxlanıldıqdan sonra müstəntiqin qərarı ilə polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli xuliqanlıqda ittiham edilir. Özü isə saxlanılmasının ictimai fəaliyyəti ilə bağlı olduğunu deyir.

Rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.
XS
SM
MD
LG