Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:23

Kəmalə Bənəniyarlı: «30 günlük həbs məni daha da möhkəmlətdi» [Video]


Kəmalə Bənənyarlı azadlığa buraxıldı
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Kəmalə Bənənyarlı azadlığa buraxıldı

-
AXCP üzvü Kəmalə Bənəniyarlı 30 sutkalıq həbsdən sonra azadlığa çıxıb. O, mayın 6-da NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulmuşdu.

AzadlıqRadiosu onunla müsahibəni diqqətinizə çatdırır.

- Keçmiş olsun, Kəmalə xanım.... Siz, təbii ki, həm də ev xanımısınız. Həbsdə olarkən evin işlərini kim yola verib?

- Bu günlər ərzində mənə görə əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Mən həbsdə olanda qızım evdə olmayıb. Anam baxıb evə. Anama, övladlarıma ailəmə məni anladıqlarına görə təşəkkür edirəm. Onlar məni güclü etdi, anlayışla qarşıladılar. Övladlarımı hazırlamışdım ki, hər an hər şey ola bilər. Onlar bu həbsə hazır idilər.

- Həbsdə olarkən, sizə qarşı işgəncə söz-söhbəti də yayılmışdı. Bunlara bir əsas vardı?

- Bir qadına 30 sutka həbs verməklə YAP hakimiyyəti bir daha öz iç üzünü göstərdi. Kişilərə 15 sutka verərkən mənə 30 sutka verildi. Mənə ona görə belə çox iş verdilər ki, üzərimdə olan xəsarətlər itsin. Bir də istəkləri o idi ki, bəlkə mən onlarla hansısa razılaşmaya gedərəm. Həbs olunandan sonra məni Nəsimi rayon Polis İdarəsinə apardılar. Orada mənə qarşı gözləmədiyim şiddət oldu. Başımdan möhkəm vururdular. Heç əsir qadınlarla belə davranmazlar. Saxta protokola qol çəkməyimi tələb edirdilər. İstəyirdilər ki, Əli Kərimlinin əleyhinə ifadə verim. Deyirdilər ki, vətən xainisən. Mən də deyirdim ki, vətən xaini mən yox, ölkənin sərvətlərini ofşor zonalara daşıyanlardır. Bundan sonra daha da şiddətlə döyürdülər. Zərbələrdən başımda şişlər yaranmışdı. Bunları Ombudsman Aparatının əməkdaşları da görmüşdülər. İndi qolumda problem qalır. Həkimə müraciət edəcəyəm.

- Adam məhbəsə düşəndə, istər-istəməz, davranışlarına yenidən qiymət verir. 30 gün əvvəlki Kəmalə xanımla indikinin arasında nə fərq var?

30 gündə heç 30 saniyə də peşman olmadım. Öz hərəkətlərimi analiz elədim. Gecələr ağrılarım, sızıltıları artırdı. Bu sızıltılar mənə xoş gəlirdi. Ona görə ki, mənim başım həm tanrı, həm də dostlarım qarşısında uca idi. 30 gün məni daha da möhkəmlətdi. Azərbaycan cəmiyyəti bir daha gördü ki, mən bu mənəviyyat döyüşündə YAP hakimiyyətinə qalib gəldim. Bu günlər ərzində əyilmədim, sınmadım. 30 gün yox, hətta 30 il versəydilər, öz mövqeyimi dəyişməzdim. Onlar mənim vətənimi zəli kimi, mən isə dəli kimi sevirəm. Bu ölkənin sərvətləri hakim zümrə arasında bölüşdürülür. Dövləti bir ailə şirkətinə çeviriblər. Bu həqiqətləri tam çılpaqlığı ilə dediyimə görə mənə qarşı aqressiv idilər.

- Azərbaycanda sivil zəmində mübarizə aparmaq üçün nələr çatmır?

Azərbaycanda sivil yolla mübarizə mümkün deyil. Məni bu vəziyyətə salanları məhkəməyə vermişəm. Düşünürsünüz ki, Azərbaycan məhkəmələri ədalətli qərar verəcək? Təbii ki, yox. Ədalətli məhkəmə olmayan cəmiyyətdə ailələr, fərdlər ədalətsizliklə üz-üzə qalır. Məhkəmədə ədalət tapa bilməyənlər çıxış yolunu qisasda görəcək. Bu isə ölkəni fəlakətə sürükləyir. Azərbaycan barıt çəlləyinə dönüb. Xalqın qəzəbi bir gün yumruğa çevriləcək.

Daxili İşlər Nazirliyi Kəmalə Bənəniyarlıya təcridxanada işgəncə verilməsi ilə bağlı məlumatları təkzib edir.
XS
SM
MD
LG