Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:40

M.Ə.Rəsulzadənin ailə üzvlərinin taleyi (VI hissə)


Aydın Balayev
Aydın Balayev
-
Azərbaycan Cümhuriyyətinin böyük yubileyinə – 100 illiyə cəmi 4 il qalıb. AzadlıqRadiosu İstiqlalın 96-cı ildönümü ərəfəsində Rəsulzadə irsinin araşdırıcılarından tarixçi alim Aydın Balayevə üz tutur.

– Rəsulzadənin böyük oğlu Rəsulu 1938-ci ildə 19 yaşında güllələdilər... Daha sonra... Lütfən, ailənin başına gələnləri bir daha xatırladın. Rəsulzadə bu faciələrdən necə xəbər tutdu?

– Məmməd Əminin Ummulbanu ilə nikahından dörd uşağı – iki qız (Lətifə və Xalidə) və iki oğul (Rəsul və Azər) övladı dünyaya gəlmişdi. M.Ə.Rəsulzadənin ailəsinə qarşı repressiyalar 1937-ci ilin yayında, onun böyük oğlu Rəsulun həbsi ilə başladı. NKVD zindanlarında aylarla çəkən iztirab və işgəncələrdən sonra bədnam «üçlüyün» qərarı ilə Rəsul güllələnmə cəzasına məhkum olundu və hökm 1938-ci il martın 1-də yerinə yetirildi. O zaman Rəsulun 19 yaşı yenicə tamam olmuşdu... Rəsulun ardınca elə həmin 1937-ci ildə M.Ə.Rəsulzadə ailəsinin digər üzvləri - həyat yoldaşı Ummulbanu, qızı Xalidə, kiçik oğlu Azər və hətta analığı Maral xanım da həbs edildilər. Məlum olduğu kimi, Məmməd Əmin hələ uşaq yaşlarında doğma anası Zinyət xanımı itirmiş və bundan sonra atası ikinci dəfə Maral xanımla ailə həyatı qurmuşdu. Kiçik Məmməd Əmini və onun bacısı Şəhrəbanunu, faktiki olaraq, Maral xanım böyüdüb boya-başa çatdırmış, sözün həqiqi mənasında onlara doğma analarını əvəz etmişdi. Bu səbəbdən Məmməd Əmin Maral xanıma doğma anası kimi yanaşırdı.

Şahidlərin söylədiyinə görə, Maral xanım Stalin-i nəzərdə tutaraq onu həbs edən NKVD əməkdaşlarına tənə ilə demişdi: «Gedin o bığlı oğlana deyin ki, Maral arvadı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən».

Uzun müddət Azərbaycanın müxtəlif həbsxanalarında dözülməz şəraitdə saxlandıqdan sonra M.Ə.Rəsulzadənin ailəsi Qazaxıstana sürgün edilir və az keçməmiş Maral xanım orada acından vəfat edir. Məmməd Əminin həyat yoldaşı Ummulbanu xanım bütün bu məhrumiyyətlərə, xüsusən böyük oğlu Rəsulun itkisinə dözməyərək 1940-cı ildə dünyasını dəyişir. Məmməd Əminin kiçik qızı Xalidə anasını Qazaxıstan çöllərində dəfn etdikdən sonra gizli şəkildə Bakıya dönməyə qərar verir. O, buna nail olsa da, Bakıya qayıtdıqdan sonra naməlum şəraitdə itkin düşür. Beləliklə, 30-cu illərin repressiyalarından M.Ə.Rəsulzadənin böyük ailəsindən yalnız bir nəfər – kiçik oğlu Azər sağ çıxa bilir... Onun da taleyinə Qazaxıstan çöllərinin sərt və çətin şəraitində, demək olar, tək-tənha sürgün həyatı yaşamaq düşür. O, əslində, bütün şüurlu həyatını vətəndən uzaqlarda, Qazaxıstanda keçirməli olur.

Repressiyalar Məmməd Əminin böyük qızı Lətifədən də yan ötmür. Əvvəlcə onun həyat yoldaşı həbs olunur, az sonra özü və üç qızının ardınca gəlirlər. Həbs zamanı uşaq sanatoriyasında olan kiçik qızı – Sonanı ordan götürməyə belə Lətifə xanıma icazə vermirlər. Balaca Sonanın sonrakı taleyi haqqında indiyədək heç bir məlumat yoxdur. İki qızı ilə birlikdə Qazaxıstana sürgün olunan Lətifə xanım 1944-cü ilin şaxtalı yanvar gecələrindən birində ortancıl qızı Evşənlə birlikdə donaraq dünyasını dəyişir. Lətifə xanımın ailəsindən yalnız böyük qızı Firuzə sağ qalır ki, ona da yalnız uzun illərdən sonra vətənə dönmək nəsib olur...

Həmin dövrdə ailəsi ilə əlaqə, faktiki olaraq, itirildiyindən Məmməd Əmin bəy bu faciələrdən yalnız üstündən bir müddət keçdikdən sonra xəbər tuta bilərdi. Lakin Stalin-in müdhiş «repressiya maşını»nın qurbanı olmuş doğmalarının acı taleyi də Azərbaycanın müstəqillik ideyasının gerçəkləşməsi uğrunda mübarizədə M.Ə.Rəsulzadənin qətiyyət və inamını qırmaq gücündə deyildi!..

– Rəsulzadəni, həyat yoldaşı sağ ola-ola ikinci dəfə evlənməkdə də ittiham edirlər... Bənzər ittihamlara nə dərəcədə əsas var?

– Bu sual mənə Əhməd bəy Ağaoğlunun bir fikrini xatırlatdı. Təqribən 100 il əvvəl «Üç mədəniyyət» əsərində Əhməd bəy yazırdı ki, müsəlman cəmiyyətlərində əxlaq yalnız qurşaqdan aşağı məsələlərlə məhdudlaşır. Belə ki, qadının ərinə xəyanəti ən böyük cinayət sayılır və həmin qadın ümumi qınaq obyektinə çevrilərək cəmiyyətdən tamamilə təcrid edilmiş vəziyyətə salınır. Halbuki, cəmiyyət üçün qadın xəyanətindən qat-qat təhlükəli olan rüşvətxorluq və vəzifədən sui-istifadə kimi hallara qarşı insanlar nəinki eyni təpkini göstərmir, əksinə, bu eybəcərliklərə qarşı şaşırdıcı bir münasibət sərgiləyirlər. Belə ki, hər an, hər dəqiqə həmin cinayətləri törətməkdə olan məmurların əlini sıxmağı, onların qarşısında təzim etməyi və məclislərdə onları yuxarı başda əyləşdirməyi özlərinə şərəf bilirlər. Ə.Ağaoğlunun fikrincə, bütün bunlar müsəlman cəmiyyətində ümumiyyətlə «ictimai əxlaq» deyilən bir anlayışın olmamasından xəbər verir. Üstündən 100 il keçsə də, razılaşın ki, bu mənada Azərbaycan cəmiyyətində heç nə dəyişməyib. Belə «əxlaq» sahiblərinin M.Ə.Rəsulzadəni nədəsə ittiham etməsi, açığı, məni ilgiləndirmir. Necə deyərlər, «it hürər, karvan keçər».
--Aydın bəy, lütfən, Rəsulzadənin ikinci həyat yoldaşı barədə bizə bilgi verin. Leyla xanım kim olub, Əmin bəylə yolları necə kəsişib? Bu cütün Avropa və İstanbul həyatı necə keçib?

--Təəssüflər olsun ki, M.Ə.Rəsulzadənin ikinci həyat yoldaşı Vanda (Leyla) xanım haqqında bu gün əldə olan bilgilərin böyük əksəriyyəti tarixi sənədlərə deyil, ayrı-ayrı insanların xatirələrinə əsaslanır. Bu səbəbdən də Məmməd Əmin bəylə Vanda xanımın nə vaxt tanış olmaları və ailə həyatı qurmalarının tarixini belə dəqiq müəyyənləşdirmək mümkün deyildir. Lakin bəzi faktlara əsaslanaraq güman etmək olar ki, bu hadisə 30-cu illərin II yarısından tez baş verməmişdir.
M.Ə.Rəsulzadə ikinci həyat yoldaşı Vanda ilə - 1950-ci illər
M.Ə.Rəsulzadə ikinci həyat yoldaşı Vanda ilə - 1950-ci illər
Belə ki, ötən əsrin 70-ci illərdə Vanda xanımla Ankarada qonşu olmuş türk yazarı Bülent Danışoğlu onun bir sıra xatirələrini qələmə almışdır. Və həmin xatirələr həmin dövrdən qabağa getmir.
Lakin bir şeyi tam əminliklə demək olar ki, əslən polyak olan Vanda xanım ömrünün son anlarına kimi öz həyat yoldaşına sadiq qalmış, mühacirət həyatının bütün ağrı-acılarına Məmməd Əmin bəylə birlikdə mətanətlə sinə gərmişdir. M.Ə.Rəsulzadə Vandaya «Leyla» deyə müraciət edərmiş.

Bülent Danışoğlu onun haqqında yazır: «Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona «madam» deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası «Leyli və Məcnun» əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmməd Əmin Rəsulzadə...».

Heç şübhəsiz ki, bu iki insanı birləşdirən həm də əqidə birliyi və ortaq dəyərlər olmuşdur. Leyla xanım Polşanın Rusiya imperiyasının işğalı altında olan hissəsində dünyaya gəlmiş və milli zülmün nə olduğunu erkən yaşlarından hiss etmişdi. Həmin torpaqlarda təhsil ancaq rus dilində aparılır, polyak dilində danışmağa belə imkan verilmirdi. Təsadüfi deyil ki, ömrünün sonlarında Ankarada tənha və maddi sıxıntılar içərisində yaşayan Leyla xanım universitetin coğrafiya fakültəsində rus dili və ədəbiyyatından dərs demək təklifini qətiyyətlə rədd etmişdi.

Bəzi məlumatlara görə, II dünya müharibəsinin sonunda M.Ə.Rəsulzadəni sovetlərə təhvil verilmək təhlükəsindən məhz Leyla xanım xilas etmişdir. Həmin dövrdə sovet qoşunları sürətlə Rumıniya sərhədlərinə yaxınlaşarkən M.Ə.Rəsulzadə bu ölkəni tərk edərək Qərbə doğru irəliləyir və amerikalıların əlinə keçir. Müttəfiqlər arasında qabaqcadan əldə olunmuş razılığa əsasən, bütün mühacirlər SSRİ-yə təhvil verilməli idilər. Belə bir təhlükə M.Ə.Rəsulzadəni də gözləyirdi. Yalnız Leyla xanımın göz yaşları M.Ə.Rəsulzadəni belə bir aqibətdən xilas edir. Hərçənd ki, bunun nə dərəcə həqiqətə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil...

Leyla xanım Varşava universitetinin fransız filologiyası fakültəsini bitirmişdi. Tələbəlik illərində öz dediyinə görə «inqilabçı» imiş. Bəzi tədqiqatçılar Leyla xanımın Polşa dövlətçiliyinin bərpasında misilsiz xidmətləri olmuş marşal Józef Piłsudski-nin qohumu olduğunu iddia edirlər. Lakin bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Leyla (Vanda) xanım 1974-cü ildə Ankarada vəfat etmiş və elə orada da dəfn olunmuşdur...

– Rəsulzadənin həyatının son ilinə qayıdaq. O, «Stalin-lə ixtilal xatirələri»ni yazmışdı. Daha nə etmişdi Əmin bəy həyatının sonlarında?

– Məmməd Əmin bəy irsinin Türkiyədə ən dəyərli tədqiqatçılarından olan möhtərəm Yavuz bəy Akpınar-ın məlumatına görə, ömrünün son illərində M.Ə.Rəsulzadə yeni tarixi əsər üzərində işləyirmiş. Həmin əsərin şərti adı – «Azerbaycan Tarihinin Gelişimi»dir. Təəssüflər olsun ki, bu əsərin əlyazması indiyədək aşkar olunmayıb.

Hələlik, Türkiyəyə 1947-ci ildə ikinci dönüşünün ilk günlərindən bəri, ömrünün sonunadək üzərində çalışdığı «Azərbaycan biblioqrafiyası»nın mətni də aşkarlanmayıb. Həmin biblioqrafiyada dünyanın ən müxtəlif ölkələrində Azərbaycan dilində nəşr olunmuş kitabların tam siyahısı yer alıbmış.

Bütövlükdə isə, ömrünün sonlarında Məmməd Əmin bəy, əsasən, elmi araşdırmalarla məşğul olmağa üstünlük verirdi. Həmin araşdırmalarda Azərbaycanın azadlıq mücadiləsinin artıq keçilmiş mərhələləri təhlil olunur, nəzəri ümumiləşdirmələr edilir, hərəkatın gələcək inkişaf perspektivləri müəyyənləşdirilirdi.

– 1955-ci ilin soyuq martı... Rəsulzadə nədən xəstəxanaya düşdü? Silahdaşları son anı – hər kəsin dilinin əzbəri olan son sözləri – «Azərbaycan...can. can...» sözlərini necə xatırlayırlar?

– Yəqin ki, bu suala mənim cavabım çoxlarını təəccübləndirəcək və ya çoxlarının təəssüfünə səbəb olacaq. Ancaq tarix faktlara əsaslanmalıdır, kiminsə ən xoş məramla olsa belə uydurduğu «əfsanə»lərə yox. Bu baxımdan tarixə hətta M.Ə.Rəsulzadə kimi böyük şəxsiyyətin xatirinə belə «düzəliş» etmək yolverilməzdir.

Məlumdur ki, ayrı-ayrı tarixi şəxsiyyətlərin böyüklüyünü daha da qabartmaq məqsədilə, zaman-zaman, müxtəlif «əfsanə»lər uydurulub. Belə «folklor nümunə»lərinə bütün xalqların tarixində rast gəlmək mümkündür. Lakin xalq yaradıcılığının məhsulu olan belə «nümunə»ləri, məncə, tarixi fakt kimi təqdim etmək düzgün deyil.
Məhəmməd Əmin Rəsulzadənin dəfni. Türkiyə, Ankara
Məhəmməd Əmin Rəsulzadənin dəfni. Türkiyə, Ankara

Fakt ondan ibarətdir ki, M.Ə.Rəsulzadə uzun illər ərzində şəkər xəstəliyindən əziyyət çəkib. Və məhz qanda şəkərin kəskin artması ucbatından 1955-ci ilin martında xəstəxanaya yerləşdirilib. O da faktdır ki, ömrünün son günlərində və bu dünyanı tərk edərkən, Məmməd Əmin bəy koma vəziyyətində olub. Belə bir vəziyyətdə insanın nəsə deməsi mümkünsüzdür.

Digər tərəfdənsə, düşünürəm ki, Məmməd Əmin bəyin böyüklüyünü qabartmaq üçün doğrudan da xoş niyyətlə düşünülmüş belə bir «əfsanə»yə ehtiyac yoxdur. Axı öz həyatı və mücadiləsi ilə M.Ə.Rəsulzadə onsuz da Azərbaycan tarixinin, sözün həqiqi mənasında, ən böyük ƏFSANƏlərindən biridir.

– Aydın bəy, bir daha təşəkkürlər. Sonda bilmək istərdim ki, araşdırmalar davam edəcək, yoxsa hər şey yazılıb qurtardı?

– Mən də yaratdığınız imkana görə sizə təşəkkür edirəm və oxucuları da tarixi kitabları daha aktiv şəkildə mütaliə etməyə çağırıram. Sizin saytdakı şərhlərin məzmunundan da belə qənaətə gəlmək olar ki, hətta tarixlə maraqlanan insanlar belə son illərdə nəşr olunmuş tarixi araşdırmalardan xəbərsizdirlər. Halbuki, yalnız son 3-4 ildə Ş.Hüseynov, C.Həsənli, G.Mamulia, S.İsxakov və digər dəyərli tədqiqatçıların Azərbaycan Cümhuriyyətinin liderlərinə həsr olunmuş çoxsaylı əsərləri işıq üzü görüb. M.Ə.Rəsulzadənin adını bu gün bazarlıq predmetinə çevirmiş bəzi «siyasət dəllal»ların hay-küyünə rəğmən, bu insanlar sakit və səssiz öz peşə borclarını yerinə yetirməklə məşğuldur. Və onların əməyinin nəticəsidir ki, bu gün əminliklə demək olar ki, Azərbaycan Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən yaxşı tədqiq olunmuş və öyrənilmiş mərhələlərindən biridir. Sadəcə, Azərbaycan cəmiyyətinin tam əksəriyyəti bütün bunlardan xəbərsizdir.

Hərçənd, həqiqət naminə etiraf etmək gərəkdir ki, belə bir vəziyyətə görə yalnız cəmiyyəti də qınamaq olmaz. Çünki bu gün M.Ə.Rəsulzadə deyib «yaxa cıranlar» və özünü onun «varisi» kimi qələmə verənlər belə həmin əsərlərin təbliğində maraqsızdırlar.

O ki qaldı araşdırmaların davamına, əlbəttə, heç vaxt hər şeyin yazılıb qurtardığını iddia etmək olmaz. Lakin onu da nəzərə almaq lazımdır ki, hər bir araşdırıcı, əgər yerində saymaq istəmirsə, ən azı 5-6 ildən bir öz tədqiqat obyektini dəyişməlidir. Bu həm də ona görə vacibdir ki, sözün həqiqi mənasında, Azərbaycan tarixinin «qızıl dövrü» olan XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bir çox görkəmli şəxsiyyətlər hələ də öz tədqiqatçılarını gözləməkdədirlər.

SON
XS
SM
MD
LG