Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:46

Jalə Əsgərova. Abstrakt flirt...


Jalə Əsgərova
Jalə Əsgərova
-

- Çex gözəli... bu sənsən?!... indi niyə Kafkanın sənə dəli kimi vurulduğunu anlayıram...


Jalə Əsgərova


ABSTRAKT FLİRT...


Çox yorulmuşdum.

Ayaqlarımın üstündə daşıdığım vücudumu birtəhər itələyib park skamyasına atacaq qədər gücüm ancaq bəs etdi.

Saçlarımı ovuclarımın yumşaqlığına təslim edib yüngülcə mürgümə qapı açdım.

Burnumu acıdan qəribə qoxu burada yuxulamanın əbəs olduğunu söylədi.

Gözlərim asiman adlı dənizə atılıb baxışlarımı buludların dalğasına yuvarladı. Olanlar masmavi səmanın mesajıydı bəlkə də...

Birdən hardansa qəribə formalı ağappaq pambığa bənzər bir bulud özünü yetirdi. Ötüb keçərkən sanki illərdir tanıdığım birini xatırlatdı mənə.

Elə bil yerə, düz mənim əyləşdiyim skamyanın üstünə öz cazibə qüvvəsini göndərdi. Özümü unutdum, sonradan baş verənləri güclə xatırlayıram.

Bircə o yadımdadır ki, onun arxasınca düşmək, onu izləmək üçün skamyadan qalxdım. O getdikcə mən getdim, o itdikcə mən axtardım. Üzü səmaya elə hey gəzdim. Onunla danışdım, söhbətləşdim.

Bilmirəm haralardan keçdim, kimlərlə rastlaşdım. Hərdən havasızlıq gəlirdi mənə -dar küçədə hərəkət edən kimi. Elə bilirdim vurulmuşam ondandır. Hərdən kiməsə toxunurdum, daha dəqiq kiməsə çırpılırdım - elə bilirdim bu eşqdir, çarpılıram. Elə bil hardansa keçəndə kimsə yanımdan ötüb mənə salam da vermişdi. Nə bilim...

Hər şey bir-birinə qarışmışdı. Mənsə ancaq gözlərimin zilləndiyi o ağ buludu təqib edirdim...

- Sizi hardan tanıyıram, gözəl qadın?

- Milena... Gözəlliyimi özü ilə aparmış Kafkanın məktublaşdığı Milena...

- Çex gözəli... bu sənsən?!... özü də elə iyirmi üç yaşındakı kimi ... cod saçların ağuşuna aldığı simada qaynaşan bir cüt ala göz... indi niyə Kafkanın sənə dəli kimi vurulduğunu anlayıram... həqiqətən, uzaqların gətirdiyi darıxmalar sənin timsalında şövq vericidir...

- Oh... hoch! (çex d. - oğlan) bu qədər də böyütməəə... axı Kafkanın yeganə qadını mən olmamışam... Berlindəki diktafon şirkətində çalışan Felis Bauer, onun rəfiqəsi Marqaret, kasıb və təhsilsiz otel xidmətçisi Culi, ortodoksal yəhudi ailəsindən olan 25 yaşlı Dora və daha bilmədiyim neçə-neçə adlar... O,əsl “womaniser" (arvadbaz) idi...

- Həm də hemarroidini belə sənin məktublarının quluna çevirib yazdığı sətirləri ruhi şəfasının əlacı sayan, təhtəlşüurda xoşbəxt yaşayan zavallı Kafka...

- Burda susuram... mənim də münasibət anamnezimdə o qədər kişi adları olub ki... amma o... o...

Bu qadının səmimiyyəti məni maqnit kimi özünə çəkirdi... ayaqlarımın bir-birinə dolaşdığı küçələrdə onunla addımlamaq xoşbəxtliyi... deyəsən, Tanrım bu günü mənə lütfkarlıq etmək üçün çalışır...

- Ey, hoch, nə qəribə gözlərin var...

Milenanın nazik və axıcı avazla söylədiyi bu kəlmələr bankomatdan pul çıxaran tələbə qızın düz gözlərimə zillənmiş baxışları ilə müşayiət olunurdu. Mən gülümsünüb başımı aşağı saldım... Elə bil bulud Mila zühur edib düz yanımda dayanmışdı;nəfəs nəfəsəydik və Kafkanın bu sözlərini xatırlayırdım: "və mən bütün zamanımı və bütün zamanımdan min qat daha artığını və daha da yaxşısını, dünyada mövcud olan bütün zamanları sənə sərf etmək istəyirəm.... səni düşünmək və sənin içində nəfəs almaq üçün...”

O, doğrudan da, haqlı imiş... və həm də fərqli...

- Əgər o başqalarından fərqli idisə, nədən ayrıldın?

- Bizi bir yazı qovuşdurmuşdu və bir yazı da qopardı... onun çex dilinə tərcümə etmək istədiyim hekayəsi və son məktubundan olan bir neçə sətir...

- Bəs bu məktubu almamış kimi davransaydın necə? Davam etsəydin?

- O deyirdi: ”sizə toxunanları deyil, sizin duyğularınıza toxunanları sevin...” Bu kəlmələrin sahibi ilə fiziki birgəlik haqda düşünmək axmaqlıq olardı... Vyanada dörd günlük və Qmünddəki bir günlük intim qovuşmanı nəzərə almasam... Ən sarsıdıcı isə bax bu sonluq idi: "...mənə yazmaqdan və mənimlə görüşmək istəyindən əl çək, bu xahişimi sakitcə yerinə yetir... bəlkə bundan sonra necəsə yaşamağa davam edəm....”

Milena bu sözlərilə mənə “atılmış qadın” təsiri bağışlayırdı... onun ürkək baxışları, məsum bənizi bu zavallıya qayğıdan başqa bir şey tələb etmirdi... ona daha da bərk sarıldım və təzadlı sevgi yaşamış bir qadının buza dönmüş qəlbini öz hərarətimlə isindirmək istədim... Fəvvarələr meydanında bir skamyada əyləşdik. Əllərimi onun ayaqlarına tərəf uzatdıqda soyuq bədənin sərinliyi yorğunluğumu bir az da yüngülləşdirdi. Milenanın bu zamankı qəhqəhəsi öldürücü idi.

Ətrafıma toplaşmış camaatın mənə təəccüblə baxıb güldüyü vaxt yanımda əyləşənin tuncdan yapılmış qadın heykəlindən başqa bir şey olmadığını anladım. Başımı qaldırıb kinayəli nəzərlə qadın buluduma baxdım... o yox idi... Mənim məzəmmətimdəm qorunurmuş kimi anasından gizlənən qıvrım saçlı qızcığazın məsum baxışlarında qeyb olmuşdu. Həyəcandan yaranan tər damcıları kürəyimdə qəribə gəzişmələrlə məni ovutmağa çalışırdı. Yox, onu belə tez itirə bilməzdim. Az qala kosmosa atılmış şatl sürətilə küçələri bir-bir geridə qoyurdum. Qanımda pillə-pillə deyil, mərtəbə-mərtəbə deyil, bina-bina artan adrenalini indi çətin ki hansısa cihaz dəqiqliklə ölçə bilərdi...

“Ayə! Ay bala! A bala... Eşitmirsən? A gədə...”- kimsə qışqırmağa başladı. Mənsə heç nəyə məhəl qoymadan irəliləyirdim. Qəfil bir səs məni bu macəradan ayırdı. Beynimdəki çağrı əmri işə düşdüyündə uzun zaman şütüdüyüm fikir tunelindən məni çəkib kənara tullamışdı... indi qulaqlarımda avtomobil siqnalı əks-səda verirdi... küçənin ortasında dumanlı gözlərimə aydınlıq çökürdü yavaş-yavaş... bir avtomobil basılan əyləcdən sonra mənə toxunmamaq üçün özünü güclə saxlaya bilmişdi... ürəyim ağzımda vururdu... bu hələ son deyil. Sürücünün kimliyi məlum olduqda bilmirdim, gülüm, ya ağlayım. Atam bir söz demədən məni maşına əyləşdirib evə tərəf üz qoydu...

Yorğunluğum tamam yox olmuş, xilaskar mələyim məni atamla qovuşdurmuş, evə ictimai nəqliyyatla, narahatlıq dolu basabasda getməyimə ehtiyac qalmamışdı. O, dünya rəssamlarının yüksək peşəkarlıqla yağlı boyalarla təsvir etdiyi qadınlara bənzəmirdi... Nə rəssam Svetlana Telesin özü ilə sahiblərinə bədbəxtlik gətirən “Yağış qadın”ına... nə İvan Kromskinin tənbəl gözlərində və qalın qaşlarında lovğalıq daşıyan “Naməlum qadın”ına... Nə də Leonardo da Vinçinin üzü mələk, içi iblis “Cakonda”sına... O, kətan əvəzinə abstrakt təfəkkürümdə sirli fırça ilə çizdiyim, fikir çalarlarımla rənglədiyim, xasiyyatnaməsini isə Kafkanın məktublarından oğurladığım göylərin mələyi Bulud Milenam idi... Bulud qadın Milena...

Içimdə indiyədək rastlamadığım qəribə bir sevinc vardı... Maşının arxa oturacağında bu hüzurumla baş-başaykən Kafka hənirtilə qulağıma pıçıldadı: "məncə, istədiyin an tək qala bilmək xoşbəxtliyin ən vacib səbəblərindəndir...” Yoxsa, Milenamdan ayrılıq vaxtı öz növbəsini gözləyirdi?! Bütün yanlışlarıma baxmayaraq maşının pəncərəsindən buluduma son dəfə boylandım:

- Gecə yuxuma gəlib məni narahat etmə, Milenacan... Bu bir flirt idi... Sadəcə flirt...

O doğrudan da yox idi... səmadakı mənzilinə çəkilmişdi... Və... əlimdə tutduğum “Milenaya məktublar” kitabının üz qabığından gözlərini üzümə zilləmişdi...

Deyəsən, hələ bir müddət məni tək buraxmamaqda qərarlı idi...
XS
SM
MD
LG