Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:56

Günel Mövlud. Futbol düşüklüyü


Günel Mövlud
Günel Mövlud

-

Hökumət 15 milyona hansısa futbol klubunun oyunçularının maykasında Azərbaycanın adını yazdırır.

Əsgəri orduda ac saxlayıb, 15 milyonu hansısa avara futbolçunun maykasında ölkənin adını yazdırmağa xərcləmək vətənpərvərliyə xidmət etmir.

Günel Mövlud

FUTBOL DÜŞÜKLÜYÜ

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Mənə həmişə maraqlı gəlib və gəlir ki, necə ola bilər, 22 nəfər kişi saat yarım boyunca bir topu ora-bura qovalasın?

Bu da azmış kimi, milyonlarla ailə başçısı, oğul-qız atası, partiya rəhbəri, yazıçı, şirkət meneceri, baş redaktor, nə bilim, ciddi-ciddi kişilər də oturub futbola baxırlar?

Başqa vaxt yekə-yekə danışır, qadınlara lağ edirlər. Ay nə bilim, fikir tarixində bir filosof qadın yoxdur, ay nə bilim, ciddi qadın yazıçı azdır, ay nə bilim, qadın belə, qadın elə… Amma özləri futbola baxanda kənardan necə gülməli, qeyri-ciddi göründüklərinin fərqində deyillər.

Futbolun mahiyyətcə necə boş, axmaq, saxta və ziyanlı olduğuna etirazınız varsa, gəlin məsələnin xırdalıqlarına nəzər salaq. Başlayaq futbolçulardan.

Bu adamların üzqırxan reklamına çəkilməkdən başqa bəşəriyyətə, insanlığa heç bir xeyirləri yoxdu. Əksinə, kasıbların futbola xərclədikləri pulların hesabına, milyonlar alıb, bir komandadan o birinə transfer olurlar.

Transferlərdən, reklamlardan milyonlar alırlar. Kriştianu Ronaldonun illik gəliri 122 milyon avrodur. Başqa məşhur futbolçuların da qazancları bu məbləğ ətrafında fırlanır. Əlbəttə, daha çox misal gətirmək olar. Amma mən futbol azarkeşi deyiləm. Kim neçənci ildə, hansı məbləğlə hara transfer olub, nə qədər qol vurub, hansı futbolçu hansı oyunda sarı, hansında qırmızı vərəqə alıb, bu kimi lazımsız informasiyları da beynimdə daşımıram. Maradona illər uzunu Kuba diktatoru, öz xalqını minən Fidel Kastronun “uzaqgörən” siyasətini dəstəklədi. Fidel Kastro xəstələnib, yatağa düşən kimi, Maradona Özbəkistan diktatoru, Zahid Oruc demişkən, müxalifət liderlərini bişirib yeyən İslam Kərimova avtoqraflı futbolçu maykasını hədiyyə göndərdi. Adam sözün həqiqi mənasında şahsevəndi. Diktator dostu olmadan yaşaya bilmir. Özü də, allah qoymasa, Maradona hələ guya futbolçular arasında ən ağlı, beyni işləyən adamdı.

Məsələ başqadır. Onlara bu milyonları necə, nəyin, hansı pulların hesabına verirlər? Əlbəttə ki, sadəlövhcəsinə futbola aludə olub, pullarını, dəyərli vaxtını saatlarla bu oyuna xərcləyən insanların hesabına. Futbola milyonlar xərcləyən ölkələrin sadə xalqının az və ya çox hissəsi kasıblıq, səfalət içində yaşayır. Müsəlman ölkəsi Qətərə məxsus «Qətər Hava Yolları» «Barselona»nın formasındakı reklama görə kluba 30 milyondan çox pul verib. Halbuki otuz milyona nə qədər müsəlman uşağına keyfiyyətli təhsil vermək olardı. Əhalisi səfalət içində yaşayan qardaş müsəlman ölkələrinə yardımlar eləmək olardı. Müsəlman dünyasının elminə, tibbinə, mədəniyyətinə yatırım etmək olardı. Müsəlman dünyasını savadsız, korazehin, gülməli imicdən xilas etməyə cəhd eləmək olardı.

Müsəlman ölkəsi demişkən, futbol görməmişliyi, futbol düşüklüyü sarıdan Qətərdən çox uzağa getməyən ölkələrdən biri də Türkiyədir. Türklər lap ağını çıxarıblar. Səksən milyonluq ölkə Fənərbağçalılara, Qalatasaraylılara, Beşiktaşlılara bölünüb. Bir komandanın azarkeşləri o biri komandanın azarkeşlərini görəndə döyür, təhqir edir, maykalarını cırırlar. Güya bunlar hər şeyin ən yaxşısını elədikləri kimi, azarkeşliyin də ən zırıltısını edirlər. Yekə-yekə kişilər verilişdə oturub, oyundan bir kadrı saatlarla müzakirə edirlər. Efir rejissorunun beynin xarab edir, bir kadrı dəfələrlə ekrana gətizdirirlər: «İsmail, burda dur, İsmail, burda dur…» Eyni kadrı saat uzunu müzakirə edirlər: «Bakın, hocam, allah aşkına, penaltimi, penalti deyilmi?!». Sonra efirə kimsə qoşulur. Yenə eyni kadr, yenə eyni sual: «Hocam, penaltimi, penalti deyilmi?!» Məşhur bir futbolçu bağlanır efirə, yenə eyni söhbət: «Hocam, penaltimi, penalti deyilmi?»…

Biz də çox fərli deyilik bu məsələdə. Azərbaycan «Atletiko Madrid» oyunçularının maykalarına «Odlar Yurdu Azərbaycan» yazdırmaq üçün kluba 15 milyon ödəyib. Azərbaycan və 15 milyon. Bu qədər pulla ölkədə nə qədər məktəb, bağça, universitet tikmək olardı. Neçə tələbəni xaricə oxumağa göndərmək olardı. Müəllimlərin maaşların artırıb, rüşvəti, məktəblilərdən pul dilənməyi yığışdırmaq olardı. Amma müəllim 200 manat maaş alır, maaşının azlığının acısın şagirddən pərdə, süpürgə, ad günü pulu yığmaqla çıxarır. Əyalətlərin çoxunda uşaq bağçaları yoxdur. Həkimlər maaş azlığını bəhanə gətirib, xəstələrin və xəstə yaxınlarının ciblərini soyur. Ölkənin əhalisi kredit borcu altında boğulur. Orduda əsgərlər ən keyfiyyətsiz, tullantıya oxşayan ərzaqlarla qidalanır.

Hökumət isə on beş milyona hansısa futbol klubunun oyunçularının maykasında Azərbaycanın adını yazdırır. Bəli, Azərbaycan o ac əsgərin vətənidir, amma əsgəri orduda ac saxlayıb, on beş milyonu hansısa avara futbolçunun maykasında ölkənin adını yazdırmağa xərcləmək vətənpərvərliyə xidmət etmir. Əksinə, ac əsgərdə, pis təhsil alan şagirdin valideynlərində, cibi soyulan xəstədə vətənə qarşı nifrət yaradır. Çünki həmin on beş milyon o əsgərin, o xəstənin, o valideynin cibindən oğurlanıb. Oğurluq pulla vətənpərvərlik ruhunu yüksəltmək olmaz.

Əziz kişilər, mən demirəm ki, futbol olmasın, insanlar futbola baxmasın. Amma futbolçu elm adamından müqayisəyəgəlməz dərəcədə varlı yaşayırsa, yazıçıdan, şairdən çox tanınırsa, nəinki tanınmaq, futbolçu insanların qəhrəmanına çevrilirsə, bu, dünyanın, insanlığın mənəvi deqradasiyasıdı. Bəşəriyyət tonqallardan, gilyotinlərdən, dar ağaclarından filosofların, humanistlərin, ədəbiyyat adamlarının sayəsində xilas ola bilib. Amma dünyanın bir yana, hansısa ölkənin taleyini yaxşıya doğru dəyişdirən futbolçu heç vaxt olmayıb və olmayacaq da.

Siz isə bu adamlara olmazın yatırımlar etməkdə, ağlasığmaz sevgi bəsləməkdə, heyranlıq duymaqdasınız. Amma heyranlıq duyub, tər iyindən ötrü öldüyünüz futbolçunun heç birinin vecinə də deyil ki, siz kirayə borcunu verə bilmirsiz, uşağınıza məktəbdə pis təhsil verirlər, məhəllə dükanına nə qədər borcunuz yığılıb, axşam evə əliboş girəndə arvad-uşaqdan utanırsınız. Bəli, siz öz vaxtınızın, pulunuzun hesabına milyonçulara çevirdiyiniz o adamların heç vecinə də deyilsiniz.

Siz özünüz də nə etdiyinizi bilmirsiniz…

P.S. Yazımda gənc və perspektivli publisist Nurlan Hüseynovun «Futbol kimə lazımdır?» adlı məqaləsindəki fakt və fikirlərdən istifadə olunub…

XS
SM
MD
LG