Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:15

Azərbaycan Ukrayna ilə bağlı qətnamə layihəsinin əleyhinə çıxıb


Tədbirdə 300-dək parlamentari iştirak edir.
Tədbirdə 300-dək parlamentari iştirak edir.

-

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası başlayıb. Yazı yenilənir. Ən son xəbərlər yazının əvvəlindədir.

ATƏT SƏDRİ QARABAĞ DANIŞIQLARINDA QHT-LƏRİN İŞTİRAKINI İSTƏYİR

ATƏT-in hazırki sədri, İsveçrə prezidenti Didier Burkhalter Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların canlandırılmasına çağırıb.

Bu haqda o, iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının 23-cü sessiyasında bildirib.

Burkhalter ümidvar olduğunu bildirib ki, Qarabağ nizamlanması üzrə konstruktiv danışıqlar prosesi bərpa ediləcək. Bu səbəbdən o danışıqlar prosesinə yüksək səviyyəli vasitəçilərin, dinc prosesə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsinə tərəfdar olduğunu bildirib.

ATƏT sədri Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsini də dəstəkləyib.

İLHAM ƏLİYEV ÇIXIŞ EDİB

«Azərbaycanda demokratiyanın aliliyi, insan hüquqları, media və sərbəst toplaşma azadlığı var. Ölkə əhalisinin arısından çoxu internet istifadəçisidir».

Bunu prezident İlham Əliyev iyunun 28-də ATƏT Parlament Assambleyasının 23-cü sessiyasındakı çıxışında deyib.

İlham Əliyev
İlham Əliyev

Prezident bildirib ki, cəmiyyət daxilində sabit siyasi islahatlar yaradılıb. Azərbaycan aydın xarici siyasət yürüdür. Beynəlxalq təşkilatlarla, xüsusi ilə Avropa ilə əməkdaşlıq prioritetdir:

«Bununla yanaşı dünyanın bir çox ölkələri ilə, qoşulmamaq hərəkatına üzv dövlətlə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq». Ətraflı burada

NARYSHKIN UKRAYNAYA GÖRƏ QƏRBİ İTTİHAM EDİR

Rusiya Dövlət Dumasının sədri Sergey Naryshkin Bakıda ATƏT PA prezidenti Ranko Krivokapić-lə görüşüb.

Krivokapić Naryshkin-ə Rusiya Federasiya Şurasının Ukraynaya qoşun yeridilməsi barədə qərarını ləğv etməsini alqışladığını deyib.

Krivokapić onu da deyib ki, Ukrayna böhranının parlament diplomatiyası yolu ilə çözümünə inanır.

Naryshkin Rusiyanın dialoqa hazır olduğunu qeyd etsə də, Qərbi və Qərbin informasiya vasitələrini Ukraynada baş verənlər barədə dünya ictimaiyyətinə yanlış məlumat çatdırmaqla sülhə mane olmaqda suçlayıb.

B. Muradova və R. Aslanova suallara cavab verir...
Gözlə

No media source currently available

0:00 0:07:24 0:00

BAHAR MURADOVA VƏ RƏBİYYƏT ASLANOVA RUSİYA İŞĞALI HAQQINDA

Rusiya mətbuatı Sergey Naryshkin-ə istinadən xəbər yayıb ki, o, ATƏT-in sessiyasında Azərbaycan və Rusiya nümayəndə heyətlərinin koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmələrini gözləyir.

Azərbaycan nümayəndə heyətinin Ukrayna ilə bağlı mövqeyi necə olacaq?

Milli Məclisin üzvü Bahar Muradova bildirib ki, Azərbaycan nümayəndə heyətinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalıdır:

«Biz ABŞ parlamentariləri tərəfindən irəli sürülən qətnamə layihəsi ilə bağlı fikirlərimizi söyləmişik. Bizi narahat edir ki, bu, mövqe birtərəflidir. Dağlıq Qarabağla bağlı da eyni mövqe nümayiş etdirilməlidir».

Bahar Muradova «Rusiyanın Azərbaycan ərazisini işğal etdiyini düşünürsünüzmü» sualına cavab verməyib.

Rəbiyyət Aslanova eyni suala cavabında işğalçı tərəf barədə qəti fikir söyləməyin hələ tez olduğunu deyib.

Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova

- Siz beynəlxalq ictimaiyyəti Ermənistanı işğalçı adlandırmağa çağırırsınız. Ukrayna ilə bağlı necə, işğalçının adının çəkilməsinə tərəfdar deyilsiniz?

- Gəlin ad çəkmədən öncə prosesin sonunu gözləyək.

AZƏRBAYCAN QƏTNAMƏYƏ QARABAĞIN DA SALINMASINI İSTƏYİR

Rusiya Federasiyasının Helsinki prinsiplərini pozmasını əks etdirən əlavə layihənin müzakirəsi zamanı bu sənədə yalnız Ukraynanın adının salınmasına etirazlar olub.

Azərbaycan və Gürcüstan nümayəndə heyətləri təklif ediblər ki, amerikalı B.Cardin-in təklif etdiyi layihəyə ATƏT regionundakı bütün münaqişələr salınsın.

Layihə müəllifi isə deyib ki, sənədə təkcə Ukraynanın adı salınsa da, ATƏT ərazisindəki bütün münaqişələr onların diqqət mərkəzindədir.

Ermənistan nümayəndə heyəti çıxışına Ukrayna ilə başlasa da, sonradan Azərbaycanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyi tənqid edib. Erməni deputat deyib ki, Azərbaycan Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minski qrupu həmsədrlərindən daha çox Amerikaya güvənir. Deputatın fikrincə, Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır.

Bahar Muradova isə həmin çıxışlardan sonra bunları deyib:

«Münaqişələr bəziləri üçün ürək ağrısı, bəziləri üçün saç tökümüdür. Ürəkağrısı insana əzab verir, amma saç tökülməsi ağırı olmadan baş verir. Azərbaycan və Moldovada olan hadisələr bəziləri üçün saç tökülməsi kimi qəbul olunur. Mən Ukrayna nümayəndə heyətinə demək istəyirəm ki, belə bir çıxış etməklə Ukrayna məsələsini arxa plana atmaq niyyətində deyildim. Sevinirəm ki, mənin bir az əvvəl etdiyim çıxışdan sonra nəzərdə tutulmamış müzakirələr başladı. Burda çıxışlarda dəvəquşu siyasəti haqda bir neçə dəfə fikir səsləndirildi. Onu deyim ki, dəvəquşu söhbətinin heç yeri deyildi. Onu deyim ki, artıq dəvəquşu başını qumdan çıxarıb, amma onun gözünün biri açıqdır. Mən isə deyirəm ki, biz iki gözümüzü açıb münaqişələrə geniş baxmalı və onun həlli istiqamətində addımlar atmalıyıq».

Müzakirələrin sonunda Bahar Muradova AzadlıqRadiosuna deyib ki, o fasilədə layihə müəllifi ilə bir daha məsələni müzakirə edib sənədə Ukrayna ilə yanaşı, Dağlıq Qarabağ məsələsinin də salınmasını istəyəcək.

Azərbaycan nümayəndə heyəti
Azərbaycan nümayəndə heyəti

UKRAYNA İLƏ BAĞLI QƏTNAMƏ LAYİHƏSİ TƏKLİF OLUNUB

İyunun 28-də Bakıda açılan ATƏT Parlament Assambleyasının sessiyasının gündəliyinə Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən pozulmasına dair qətnamə layihəsi və əlavə bənd təklif edilib.

Sənədin əsas müəllifi ABŞ-dan olan Benjamin Cardin-dir.

Layihədə qeyd olunur ki, ATƏT PA «Ukrayna ilə bağlı Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən aşkar və kobud şəkildə pozulmasını, bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün xüsusilə görünməmiş dərəcədə pozulmasını pisləyir».

Assambleya hesab edir ki, «2014-cü il martın 16-da Krımda keçirilən referendum legitim deyil və qanunsuz aktdır. Bunun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur».

Layihədə ATƏT ölkələri Krımın anneksiyasını tanımaqdan imtina etməyə çağırılır.

ATƏT layihəsində Rusiyanın nəzarətində olan qüvvələr tərəfindən Ukraynaya silahlı müdaxilə pislənilir.

Sənəddə Rusiya Federasiyası «Ukraynaya müdaxiləyə son qoymağa, öz hərəkətlərini Ukrayna və bütün ATƏT ölkələri ilə Helsinki prinsiplərinə uyğun qurmağa çağırılır».

MƏRUZƏDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ TOXUNULMADI

«Soyuq müharibənin başa çatmasından sonra yeni hərbi fəaliyyət və yeni silah sistemləri ilə bağlı yeni təhdidlər yaranıb».

Bu fikir Finlandiyadan olan məruzəçi Pta Kauman-ın ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün hazırladığı «Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi» adlı məruzədə yer alıb.

Sənəddə bildirilir ki, terrorizm, kibermüharibə, pilotsuz uçuş aparatları və bu aparatlardan istifadə müasir siyasətdə daha böyük aktuallıq kəsb etməyə başlayıb və yeni reaksiya imkanları tələb edir. Eyni zamanda mümkün kiberhücumlar insan həyatı və hüquqlarının toxunulmazlığına daha böyük təhlükələr yaradır.

ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası
ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası

Məruzədə vurğulanır ki, ordunun sayı və maddi təminat üçün xərclənən vəsait əvvəlki əhəmiyyətini itirib. Artıq bir kiberhücum bütün ölkəni iflic durumuna salmaq imkanındadır, döyüş tankları və digər texnikalar bunun qarşısında acizdir.

Sənəddə regional konfliktlərin ATƏT üçün əlavə çağırışlar yaratdığı qeyd edilib.

Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələrə toxunulmadığı məruzədə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. Məruzədə vurğulanır ki, Rusiyanın Krımı birtərəfli özünə birləşdirməsi bütün beynəlxalq qaydaları və müstəqil ölkələrin suverenliyini təhlükə altında qoyub:

«Krım Muxtar Respublikasında və Sevastopolda keçirilən referendum Ukrayna tərəfindən sanksiyalaşdırılmayıb, buna görə də qanuni qüvvəsi yoxdur. BMT Baş Assambleyası da martın 27-də qəbul etdiyi qətnamədə Ukraynanın ərazi bütövlüyünə riayət edilməsinin zəruri olduğunu vurğulayıb. ATƏT bütün tərəflər arasında vasitəçiliklə bağlı missiyanı yerinə yetirən orqan kimi bu rolu öz üzərinə götürməlidir. ATƏT yenə də təhlükəsizliyin, şəffaflığın səviyyəsinin artırılması sahəsində öz rolunu təsdiqləmək potensialına malikdir».

AZƏRBAYCANDAN KİMLƏR VAR

Sessiyaya Azərbaycandan 6 deputat qatılıb - Eldar İbrahimov, Azay Quliyev, Bahar Muradova, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Ağalar Vəliyev.

ATƏT PUL İSTƏYİR

İlk olaraq ATƏT PA-nın sədri Ranko Krivokapić çıxış edib. O gündəliklə bağlı məlumat verib. Bundan sonra bir sıra ölkələrdən olan deputatlar bəzi suallar veriblər.

Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-nın fəaliyyətinin o qədər də yetərli olmadığını bildirib:

«Bizim gündəlikdə Ukraynadakı böhranla bağlı məsələ var və biz bu məsələni müzakirə edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Hesab edirəm ki, bu məsələdə ATƏT PA-nın fəaliyyəti zəifdir. ATƏT PA-da bu sahədə fəaliyyətini artırmalıdır».

Ranko Krivokapić Bahar Muradovanın bu fikri ilə razılaşdığını bildirdi. Təmsil etdiyi qurumun bu sahədə fəaliyyətinin artırılmasına ehtiyac olduğunu deyib.

Daha sonra ATƏT PA-nın maliyyələşməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Ranko Krivokapić qurumun büdcəsinin o qədər də çox olmadığını vurğulayıb. O, bu il büdcənin 1.5 faiz artırılacağını bildirsə də, görüləcək işlər üçün bunun yetərli olmadığını söyləyib:

Çexiya nümayəndələri
Çexiya nümayəndələri

«Bütün işlərin görülməsi puldan asılıdır. Pulsuz hər hansı işi görmək mümkün deyil. Hesab edirəm ki, üzv ölkələr öz öhdəliklərinə əməl etməlidirlər».

Müzakirələrdən sonra ATƏT PA-nın 2014-2015-ci il üçün büdcəsi qəbul edilib.

ERMƏNİ DEPUTATLAR DA GƏLİB

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası başlayıb.

ATƏT PA-nın mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, müxtəlif ölkələrdən olan 300-ə yaxın parlamentarinin iştirak edəcəyi beşgünlük sessiyada insan hüquqları, demokratiya, iqtisadiyyat, elm, ətraf mühitin qorunması, ATƏT regionunda ekstremizm, radikalizm, ksenofobiya, Ukraynadakı böhranla bağlı müzakirə və debatlar olacaq.

Plenar iclasların açılışında prezident İlham Əliyev, ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter, Rusiya Dövlət Dumasının sədri Sergey Naryshkin, Ukrayna Ali Radasının sədr müavini Ruslan Koshulyansky-nin çıxışları gözlənilir.

İyulun 1-də sessiyada Ukraynadakı böhranla bağlı xüsusi müzakirə olacaq.

Sessiyasının sonuncu günü, iyulun 2-də siyasi, təhlükəsizlik, insan hüquqları və iqtisadi məsələlərlə bağlı tövsiyələrin yer aldığı yekun Bakı Bəyannaməsi qəbul ediləcək.

Sessiyada Ermənistandan da 5 deputat iştirak edir.

Sessiya ATƏT PA-nın saytında birbaşa yayımlanacaq.

XS
SM
MD
LG