Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:09

Anar Məmmədli: «Azərbaycan hakimiyyəti Avropaya inteqrasiya prosesini imitasiya edir»


Anar Məmmədli
Anar Məmmədli

-

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, vicdan məhbusu Anar Məmmədli vəkilləri vasitəsilə «Turan» İnformasiya Agentliyinin suallarına cavab verib.

- Təcridxanada saxlama şəraitiniz necədir? Hər hansı şikayətiniz varmı?

- Saxlanma şəraitindən ciddi şikayətim yoxdur. Yeganə narahatlıq futbol üzrə dünya çempionatı oyunlarını canlı izləmək imkanının məhdud olması ilə bağlıdır. Təcridxanadakı daxili rejimə əsasən televiziya yayımı sutkanın yalnız 14 saatı təmin olunur.

- Bakı Ağır Cinayətlər Məhkəməsinin sizin iş üzrə hökmündən apellyasiya şikayəti vermisiniz. Şikayətinizin təmin olunacağına ümidiniz varmı?

- Biz vəkillərimlə belə razılaşdıq ki, işin sifarişli və əsassız olmasına baxmayaraq, məhkəmədə qalmaqallara bəhanə vermədən, ittiham tərəfinin özünü ifşa etməsinə «şərait» yaradaq. Mənə belə gəlir ki, biz o istəyimizə nail olduq. Faktiki olaraq, məhkəmə hökmü istintaq zamanı təkzib olunmuş ittiham aktına cüzi redaktə etməklə tam təkrarlandı. Bununla da məhkəmə Baş Prokurorluğun, Vergilər, Maliyyə nazirlikləri və QHT-lərə Dövlət Dəstəyi Şurasının birləşmək azadlığı və yerli seçki müşahidəçiliyi əleyhinə birgə yürütdüyü siyasi ayrı-seçkiliyə töhfə vermiş oldu. Qeyd edim ki, mənim iddiam əsasında İnzibati məhkəmə Baş Prokurorluğun qanunsuz olaraq istintaqa daxil etdiyi və SMDT-yə, Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi və digər QHT-lərə aid qrant layihələrinin icrası, maliyyə hesabatlılığına dair Yoxlama Aktının etibarsız sayılması barədə işə baxıb və əsassız olaraq iddiamı təmin etməyib. Bu qurumlara qarşı iddiamız növbəti məhkəmə instansiyasında qaldırılacaq. Vergilər, Maliyyə Nazirlikləri və QHT Dövlət Dəstəyi Şurası qanunsuz və tamamilə siyasi sifariş əsasında istintaq prosesinə cəlb olunub və bu qurumu təmsil edən şəxslərin mənim, habelə SMDT və KBƏ-nin həyata keçirdiyi layihələr üzrə proqram fəaliyyəti, maliyyə idarəçiliyi və vergi ödəmələri ilə bağlı qiymətləndirmə aparmaq səlahiyyəti yoxdur. Amma bu qurumlar nəinki qiymətləndirmə aparıblar, hətta Vergi Yoxlama Aktı əsasında istintaq bizi qanunsuz sahibkarlıq fəaliyyətində və vergidən yayınmada ittiham edir. İstintaq məhz bu qanunsuz sənədə əsasən yürüdülüb və biz hazırda sözügedən 3 quruma qarşı məhkəmə çəkişməsindəyik. Bu qurumları təmsil edən «ağıllı» və «təcrübəli» ekspertlərin qənaətinə görə, SMDT və KBƏ-nin birgə həyata keçirdiyi layihə Ədliyyə Nazirliyində qeydə alınmadığından bu layihələr üzrə ayrılmış maliyyə vəsaiti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmalıdır. Bu ya analoqu olmayan siyasi qərar, ya da analoqu olmayan savadsızlıqdır. Əvvəla, bizim qrantı Ədliyyə Nazirliyi qəsdən və qərəzli olaraq qeydə almayıb. Məsələn, Ədliyyə Nazirliyindən istintaqa daxil olan məktubda KBƏ-nin 2013-cü ildəki qrantlarının hamısı göstərilir. İkincisi, hər hansı qrant qeydə alınmayıbsa, bunu Ədliyyə Nazirliyi hüquqi mübahisə predmetinə çevirə və inzibati qaydada cəzalandıra bilər. Yaxud bu qurumların birgə rəyinə dair digər bir misala nəzər salaq. Aktda yazılıb ki, qrant müqaviləsi Ədliyyə Nazirliyində qeydə alınmadığı üçün ƏDV-yə cəlb olunmalıdır. Bu cür absurd rəyə gəlmək üçün yəqin ki, ya savadsız, ya da qərəzli olmalısan. Yaxud istintaqın zərərçəkən kimi tanıdığı şəxslərə dair bizə qarşı sürülən mənimsəmə ittihamını götürək. Bu şəxslər məhkəmədə «zərərçəkən» olduqlarından xəbərsiz olduqlarını, bunu istintaqa ifadəsi zamanı bilmədiklərini və bizə qarşı iddialarının olmadığını bildiriblər. Ancaq, məhkəmə istintaqın bu cür qərəzli və absurd yanaşmasını bildiyi halda ədalətli mövqe tuta bilmədi, bununla da növbəti dəfə femidanın zorlanmasına cəlb olundu. Bir sözlə, Azərbaycan məhkəmə hüquq sisteminin qənaətinə görə, bizim seçki müşahidəçiliyi fəaliyyəti «qanunsuz sahibkarlıq» fəaliyyətidir. Bu baxımdan biz Ağır Cinayətlər Məhkəməsinin qərardan apellyasiya şikayəti vermişik və bizim timsalımızda Azərbaycan vətəndaş cəmiyyətinin, yerli seçki müşahidəçiliyi və birləşmək azadlığına hüquqi-siyasi təminatın yaradılması uğrunda mübarizə aparacağıq. Bizim hazırda məhkəmə çəkişməsi təkcə SMDT-yə qarşı deyil, eyni zamanda seçki müşahidəçiliyi və birləşmək azadlığının müdafiəsi uğrunda mübarizə məsələsidir. Bu mübarizəni ləyaqətlə aparacağıq.

- Sizə qarşı məhkəmə hökmü Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamasından sonraya təsadüf etdi. Bəzi ekspertlər bu cür mötəbər quruma sədrlik dönəmində Azərbaycanda siyasi təqiblərin azalacağını gözləyirdi. Bu gözləntilər sizdə də vardımı?

- Açığı, mən Azərbaycan hökumətinin hazırda Avropa Şurası və ATƏT-ə mötəbər qurumlar kimi hörmət bəslədiyini hazırda düşünmürəm. Bu baxımdan sədrlik dönəmində Azərbaycanda insan hüquqları, siyasi azadlıqlar və demokratik təşkilatlara təminat sahəsində köklü dəyişikliklərin olacağına inanmıram. Avropa Şurası və ATƏT qarşısında insan hüquqları sahəsində Azərbaycan hakimiyyətinin göstərdiyi kobud davranışa bu qurumların münasibətləri adekvat olmasa da, heç kəsə sirr deyil ki, biz getdikcə ATƏT məkanında Rusiya, Qazaxıstan və Belarusdan ibarət blokda yer alırıq. İkincisi, mən hazırda sədrlik məsələsindən Azərbaycan hökumətinin məmnun olduğu, hətta bundan daxili təbliğatda belə istifadə etdiyini müşahidə etmirəm. Görünür ki, hakimiyyət sədrliyə könülsüz və ehtiyatlı bir missiya kimi yanaşır.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Avropaya inteqrasiya prosesində maksimum şəkildə imitasiya etməyə çalışır. Bunun digər nümunəsi Avropa Birliyinin Şərq Tərəfdaşlıq təşəbbüsündə iştirakımız sayıla bilər. 2009-cu ildən bu prosesə qoşulsaq da, hələ də inteqrasiya prosesində ciddi məsafə qət etməmişik. Əksinə ölkədə bəzən aşkar, bəzən də gizli şəkildə Avropaya inteqrasiya prosesinə qarşı rəsmi təbliğat aparılır. Mən təəssüflə bildirirəm ki, hakimiyyətin vətəndaş cəmiyyəti üzərində yaratdığı hüquqi-siyasi nəzarət nəticəsində ölkəmizin Avropaya inteqrasiya prosesinə dair rəsmi siyasətə opponentlik edən QHT-lərin sayı getdikcə azalmaqdadır.

- Məhkəmə sizinlə yanaşı SMDT-nin icraçı direktoru Bəşir Süleymanlının da həbsi barədə qərar verdi. Bundan sonra SMDT-nin sonrakı fəaliyyəti necə olacaq? Qarşıdakı bələdiyyə və parlament seçkilərinə SMDT-nin hazırlığı necə olacaq?

- Bəşir Süleymanlının həbsi mənim üçün gözlənilməz oldu. Çünki həm onun, həm də Elnur Məmmədovun adı ittiham aktında yalnız 2013-cü ilin 6 aylıq dönəmi üçün çəkilir. Açığı, ittiham aktında əsas «diqqət» mənə qarşı yönəldiyindən, ona qarşı həbs qərarını gözləmirdim. İkincisi, Bəşirin 2 azyaşlı uşağı var və həmçinin o, ağır avtoqəza keçirmiş şəxsdir. Son 8 ildə o, dəfələrlə ayağından əməliyyat olunub və hələ də yeriyəndə, soyuq havada əziyyət çəkir. Bununla bağlı vəsatətləri növbəti məhkəmə instansiyalarında bir daha qaldıracağıq.

Bundan sonra SMDT-nin fəaliyyətinə gəldikdə, hazırda təşkilatın İdarə Heyətinin 2 üzvü həbsdədir və azadlıqda olan yoldaşlarımız bizim azadlığa çıxmağımız naminə ictimai kampaniya aparırlar. Ancaq mən onlardan xahiş etmişəm ki, SMDT-nin ümumi yığıncağını çağırıb yeni strukturlar formalaşdırsınlar. Hazırda SMDT-nin müxtəlif dövrlər üzrə Avropa İnsan Haqları Məhkəməsində şikayətləri üzrə prosesləri yüksək səviyyədə aparmaq lazımdır. Və bizim həbsimiz buna maneə olmamalıdır. Eyni zamanda SMDT Avropa məkanında 3 beynəlxalq QHT şəbəkəsinin - Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EDPE) və Şərq tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumunun üzvüdür. Bizim hər 3 qurumda fəal çalışmalarımız olub və bundan sonra da töhfəmizi verəcəyik. Növbəti seçkilərə gəldikdə, bizə qarşı cinayət işi göstərdi ki, hakimiyyət yerli seçki müşahidəçiliyinə dözümlü yanaşmaq niyyətində deyil. Azərbaycan hakimiyyətinin indi elədikləri onu göstərir ki, yerli seçki müşahidəçiliyinə düşmən münasibət bəsləyirlər. Bu baxımdan ilkin olaraq, hakimiyyət seçkidə siyasi partiyaların, QHT, media və vətəndaş qruplarının sərbəst şəkildə iştirakına məhdudiyyətləri aradan qaldırmalıdır.

Ancaq bir məsələ də var ki, Azərbaycan hakimiyyəti seçkilərdə aşkarlıq və şəffaflığı təbliğ edən vətəndaş cəmiyyətinə qarşı hər cür təzyiqləri rəva bilirsə, bu artıq seçki prosesi üzrə demokratik siyasi mühitin olmadığını göstərir. Bu artıq ATƏT və Avropa Şurası ölkəsi standartı deyil, dolayısı ilə seçkilərdə iştirak, seçici fəallığı və seçki yarışı ilə yanaşı, seçkinin müşahidə edilməsi də ciddi məhdudiyyətlər şəraitində mümkünsüz görünür.

XS
SM
MD
LG