Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

«Qəzetdə orfoqrafik səhv tap, 5 manat qazan» [Video]


Saatlı rayon İcra Hakimiyyəti «Dönüş»ün həmtəsisçi olmasaydı, nəinki 600, heç 60 abunəçi tapmaq müşkülə çevrilərdi.
Saatlı rayon İcra Hakimiyyəti «Dönüş»ün həmtəsisçi olmasaydı, nəinki 600, heç 60 abunəçi tapmaq müşkülə çevrilərdi.

-

Yüz mindən çox əhalisi olan Saatlıda mətbuat adına bircə qəzet var – «Dönüş». Bu qəzet sovet dönəmində həftədə 3 dəfə 6 min nüsxə ilə çıxıb. Məhsul yığımı dövründə gündəlik bülletenlər də çap edib. İndi ayda bir-iki dəfə işıq üzü görür və cəmi 600 abunəçisi var.

Redaksiya yerləşən bina və köhnə saylarının bir hissəsi yanıb. Yeni dövrdə işə yaramayan mətbəə də ləğv edilib. Daha əvvəlki jurnalist kollektivi və ştatdankənar müxbirlər qalmayıb. Qəzetin qapısını çox az adam döyür. Beləcə, «Dönüş» qəzeti, itirə-itirə, quru adı və yaşlı nəslin yaddaşında buraxdığı xatirələrlə 60 yaşına gəlib çıxıb.

AzadlıqRadiosu Milli Mətbuat Günü ərəfəsində bu əyalət qəzetiylə maraqlandı. «Dönüş»ün redaksiyasını soraqlasan, gəlib Dövlət Sosial Müdafiə Fondunun Saatlı şöbəsinin yerləşdiyi inzibati binaya çatacaqsan. Binanın ikinci mərtəbəsində qəzetə 2 otaq ayrılıb.

İKİ RAYON ARASINDA QALAN BİRVƏRƏQLİK QƏZET

Qəzetin redaktoru Mahir Allahyarov «Muğan pambıqçısı»nın «Dönüş»ə çevrilməyinə aydınlıq gətirir:

«Yerli qəzetlərin yaranmağı rayonların tarixi ilə bağlıdır. Saatlı 1943-cü ilin mayın 25-də rayon statusu alıb. 1954-cü ildə bu rayonda «Muğan pambıqçısı» adı ilə mətbu orqan fəaliyyətə başlayıb. 1963-cü ildə Saatlı və Sabirabad rayonlarının birləşdirilməsi nəticəsində redaksiya Sabirabada köçürülüb. İki il sonra Saatlı yenidən müstəqil rayona çevrilib. «Dönüş» adını qəbul etməyi də məhz bununla bağlı olub».

Mahir müəllimin sözlərinə görə, «Muğan pambıqçısı»nın həcmi 2 səhifə, yəni 1 vərəq olub. 1966-cı il mayın 1-də qəzetin təkcə adında deyil, fəaliyyətində də dönüş yaranıb: səhifələrinin sayı 4-ə, tirajı 6 minə yüksəlib, işçilərinin sayı isə 4-5 dəfə artıb.

1965-ci ildə Saatlı yenidən müstəqil rayona çevrilib. «Dönüş» adını qəbul etməyi də məhz bununla bağlı olub.
1965-ci ildə Saatlı yenidən müstəqil rayona çevrilib. «Dönüş» adını qəbul etməyi də məhz bununla bağlı olub.

ƏYALƏT QƏZETİ DAHA BÖYÜK YARDIM UMUR

Amma əvvəldə qeyd etdiyimiz kimi, bu göstəricilər uzaq keçmişdə qalıb. Uzun illərdir ki, qəzet yalnız varlığını qorumaq qayğısına qalır. Çox güman, Saatlı rayon İcra Hakimiyyəti «Dönüş»ün həmtəsisçi olmasaydı, nəinki 600, heç 60 abunəçi tapmaq müşkülə çevrilərdi. Müqayisə üçün: bu rayonda 3 min nəfərdən çox YAP üzvünün olduğu deyilsə də, onlardan cəmi 68 nəfəri «Yeni Azərbaycan»a abunə yazılıb.

Bir neçə il əvvəl Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən əyalətin bu kasıb qəzetinə kompüter dəsti, diktofon və başqa əşyalar verilib. Mahir Allahyarov bu yardımın həcminin və miqyasının artırılmasını arzu edir. Daha bir arzu regionlarda mətbəələrin yaradılmağı ilə bağlıdır. Mahir müəllim deyir ki, yerlərdə çap imkansızlığından əyalət qəzetlərinin redaktorları materialları qoltuqlarına vurub Bakıya üz tutur. Bu da əlavə xərc və vaxt itkisi deməkdir.

«ORFOQRAFİK SƏHV TAP, 5 MANAT QAZAN»

Mahir Allahyarov
Mahir Allahyarov

Redaksiya vəziyyəti yaxşılığa doğru dəyişməyə cəhd göstərir. Qəzetin sözbəsöz oxunması üçün «Dönüş»də «Orfoqrafik səhv tap, 5 manat qazan» aksiyasına start verilib. Redaksiya öz işinə nə qədər məsuliyyətlə yanaşsa da, bir neçə nəfər səhv tapa bilib və kasıb qəzet vəd etdiyi mükafatı verməli olub.

Redaktor yaxın vaxtlarda qəzetin internet səhifəsinin və «facebook» sosial şəbəkəsində profilinin yaradılacağını deyir. Onun fikrincə, foto və yazı müsabiqələri keçirmək, kənar müəlliflərə yaxşı qonorar ödəməklə qəzeti oxunaqlı etmək və daha geniş oxucu auditoriyası qazanmaq olar. Amma onların nəinki bunları etmək, tez-tez ucqar kəndlərə getməyə belə maliyyə imkanları yoxdur.

«BU QƏZET BİR NƏSİL YETİŞDİRİB»

Saatlıda yaşayan yazıçı-jurnalist Qalib Bayram yerli qəzetin vaxtilə rayonun ictimai, mədəni həyatında böyük rol oynadığını deyir:

Qalib Bayram
Qalib Bayram

«İlk şeir və məqalələrim «Dönüş»də çap olunub və ilk qonorarımı da bu redaksiyadan almışam. «İstedadlar sorağında» rubrikası nə qədər istedadlar ortaya çıxarıb. Redaksiyanın nəzdində «Muğan yarpaqları» ədəbi məclisi fəaliyyət göstərir və burada bəyənilən bədii yazılar çap olunurdu. Mənim və rayonumuzun digər yazarlarının ədəbi-bədii, publisistika sahələrində püxtələşməyində, dünyagörüşümüzdə bu qəzetin böyük rolu olub. Bu qəzet bir nəsil yetişdirib».

Qalib Bayram son vaxtlar mətbu sözün kəsərdən düşdüyünü, KİV-lərin «4-cü hakimiyyət»dən daha çox «ictimai qınaq» funksiyasını yerinə yetirdiyini deyir. O, kommersiya qurumu olduğu halda qəzetlərin kommersiya yönümündə fəaliyyət göstərə bilməməyini də ciddi problem sayır.

«DAHA HEÇ BİR QƏZET OXUMURAM»

Oxunmamaq problemini «Dönüş» qəzetinin necə çıxmağında axtarmaq da doğru olmaz. Saatlıya azı 100 adda qəzet-jurnal gətirilsə də, bir köşk günboyu 3 manatlıq alver edir. Rayonda, vur-tut, 4 qəzet köşkü var. Müqayisə edin: yaşlı nəslin nümayəndələri saqqız və ya tuma bundan dəfələrlə çox pul xərcləyir. Saatlıda şəhər istirahət parkında nəvəsini əyləndirən bir kişi qəzet oxuyub-oxumadığı barədə sualı belə cavablayır:

– Sovet dövründə çox qəzet oxumuşam – «Sovet kəndi», «Kommunist», «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət»...

– Bəs indi hansı qəzetləri izləyirsiniz?

– Heç birini.

XS
SM
MD
LG