Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

Öməri, Əbubəkri, Ayişəni niyə söyürsünüz?


Şəlalə Cavanşir
Şəlalə Cavanşir

-

"Azərbaycan Cümhuriyyətində, sanki tarix Səfəvilərdən başlayırmış kimi, bir yanaşma şəkli mövcuddur.

Türk olmanın nə önəmi var? Türk olsalar da, olmasalar da, doğru olmayan bir gələnəyin əsasını qoymuşlar..."

İran Azərbaycanından yazar Şəlalə Cavanşir bu məqaləsi ilə Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən polemikaya qoşulur.

Şəlalə Cavanşir

SƏFƏVİ KİMLİYİ VƏ BİZ

Səfəvilərdən öncəki və sonrakı tarix böyük fərqlilik göstərməkdədir.

Bölgəmizdə ən böyük Türk-İslam dövləti Səlcuqlular olmuşdur. Böyük Səlcuqlu imperatorluğunda heç bir qövm və dini qruplar etnik və məzhəbi kimliklərindən dolayı təqibə məruz qalmamış, geniş imperatorluq ərazilərində dini plüralizm mövcud olmuşdur.

Səlcuqlarla başlayıb Səfəvilərə qədər davam edən tarixi sürəcdə insanlar məzhəbi inanclarına görə qətl edilməmişlər.

Milliyyət kimliyinin hələ ortaya çıxmadığı qədim çağlarda ölkələrin sınırlarını dini mənsubiyyət müəyyən edirdi.

Səlcuqluya tabe olub vergi verən müxtəlif dövlətlər var idi. Dostca və qardaşca bir yerdə yaşanılırdı.

İsmaililər kimi terrorist qruplaşmalar istisna edilirsə, Böyük Səlcuqlu ölkələrində barış və dini azadlıq geniş ölçüdə mövcud idi. Səlcuqlular zamanında əsası qoyulan bu barışcıl sürəc Eldəgizlər, Elxanlılar, Çobanilər, Cəlairlilər, Qaraqoyunlular və Ağqoyunlular dönəmində də davam etmişdir.

Bu tarixi sürəcdə kimsənin adı “Ömər”, “Əbubəkr”, “Ayişə” olduğu üçün alçaldılmamışdır.

Özəlliklə Təbriz, Ərdəbil və Qəzvin kimi şəhərlərdə dəyişik dini və məzhəbi axımlar bir yerdə yaşamışdılar.

Bunun da səbəbi hansısa məzhəbi axımı siyasətə arac etməmək idi. Səlcuq oğulları dini qurumu siyasi qurumdan ayırdı.

Abbasi xilafətini dini qurumdan sorumlu olan bir mərkəz kimi müəyyən etdilər və siyasətlə iç-içə olan “xəlifəlik” qurumuna qarşılıq olaraq “sultanlıq” siyasi qurumunu gəlişdirdilər.

Sultanlıq siyasəti dindən və xilafətdən ayıran bir quruluş idi. Böyük Səlcuqluların başarısı da bundan ibarət idi.

Mərkəzi Asiyanı, İranı, İraqı, Suriyanı, Anadolunu içərən imperatorluğun geniş ərazilərində iç barışın bərqərar olmasına səbəb olan da bu idi.

Bağdadda yerləşən xilafətin sultanlıq işlərinə qarışma haqqını əlindən aldılar. Abbasi xilafətinin siyasi din anlayışından azad olan ölkələr öz dini etiqadlarını sərbəst şəkildə yaşamağa müvəffəq oldular.

Böyük səlcuqlu imperatorluğunda yayqın olan sünni təsəvvüf mərkəzləri, ələvi təkkələri buna açıq örnəkdir.

İstər şiə-ələvi, istər sünni sahələrində olsun, İslam dünyasının ən böyük şəxsiyyətləri ancaq və ancaq Səlcuqlar dönəmində meydana çıxdılar. Fəridəddin Əttar Nişaburi, Mövlanə, Yunis İmrə, Hacı Bəktaş Vəli və digərləri Səlcuqlu mədəniyyətinin ürünü olmuşlar.

Səlcuqlu dönəmində belə mədəni inkişafın tək səbəbini sultanlıq qurumu ilə xilafət qurumunun ayrı-ayrı olmalarında görmək mümkündür. Səlcuqlu zamanında əsası qoyulan bu müsbət ictimai sürəc Səfəvilər zamanına qədər davam etmişdir.

Səfəvi dövlətinin qurulması ilə dini və məzhəbi barış anlayışları ortadan qaldırılaraq yerlərini nifrət və kinə buraxmışdır. Elə ki Səfəvi sonrası bölgəmizdə kimsə övladının adını “Ömər”, “Əbubəkr”, “Ayişə” qoya bilməz.

Son 500 ildə bu adda insanlara yaşamaq haqqı tanınmamışdır. Bunun da tək səbəbkarı Səfəvilərin dini siyasəti olmuşdur. Səfəvilər zamanında Kərəki və Məclisi kimi mollalar tərəfindən yazılan kitablar molla eyitim mərkəzlərində gənc molla tələbələrə tədris edilirdi. Sonra bu mollalar bu bilgiləri məscidlərdə xalqın şüuraltına yerləşdirdilər. Bu bilgilər İslamı fərqli şəkildə anlayanları düşmən olaraq göstərirdi.

Bu bilgillərə görə, Öməri, Əbubəkri, Ayişəni aşağılamaq dini vacibat kimi təqdim edilirdi.

Səfəvilərdən sonrakı 500 illik təbliğat nəticəsində bu nifrət və kin xalqın şüuraltına yeridildi. Artıq İslam bir yanda qalmış və xalq İslam böyüklərinə söyüş söyməyi İslam kimi qəbul etmişdi.

Səfəvilərdən sonra Quran İslam kitabı olmaqdan çıxarılaraq yan bir söyləmin kitabı kimi təqdim edildi. Bu prosesə İranda ilk etiraz edən böyük mütəfəkkir və sosioloq Əli Şəriəti olmuşdur. Əli Şəriəti “Əli Şiəsi və Səfəvi Şiəsi” adlı kitabında Səfəvilərin gətirdiklərinin şiəliklə əlaqədar olmadığını yazar. Şəriətiyə görə, İslam asan bir dindir və İslamı anlaşılmaz duruma gətirən iki cərəyan olmuşdur: Əməvilik və Səfəvilik.

Şəriəti Əməviliklə Səfəviliyi eyni nifrət və anti-islam ideologiyasının iki təzahür şəkli olaraq görər. Əli Şəriəti “Əli Şiəsi və Səfəvi Şiəsi” adlı kitabında tam olaraq bunları yazır:

“Əli şiəsi-birləşdirər, Səfəvi şiəsi-parçalar.

Əli şiəsi-sevgi, Səfəvi şiəsi nifrət.

Əli şiəsi-ədalət, Səfəvi şiəsi zülm.

Əli şiəsi Allaha tapınar, Səfəvi şiəsi pirlərə, məzarlara və bütlərə.

Əli şiəsi hərəkət, Səfəvi şiəsi durğunluq.

Əli şiəsi-məsuliyyət, Səfəvi şiəsi- anti-məsuliyyət.

Əli şiəsi-hərəkətdə olan iman, Səfəvi şiəsi- sönmüş iman.

Əli şiəsi- İslam və Muhəmməd, Səfəvi şiəsi-Sasani və şüubiyyə.”

Əli Şəriətinin fikirlərini burada daha da geniş şəkildə vermək olar. Lakin Səfəvi mirası olan nifrət və kinə sadəcə Əli Şəriəti qarşı çıxmamışdır.

İran İslam inqilabının ideoloqlarından olan Ayətullah Mütəhhəri də müsəlmanların sayqı duyduğu “Əbubəkr”, “Ömər”, “Ayişə” adlarına söyüş vermənin doğru olmadığını yazmışdır.

İran rəhbəri Ayətullah Xamneyi də Sünnilərin sayqı duyduğu bu adlara söyüş söymənin dini baxımdan caiz olmadığını vurqulamışdır.

Ancaq bütün bu xəbərdarlıqlara baxmayaraq Səfəvilərdən sonra xalqın bilincaltına yerləşdirilmiş olan bu ədəbsizlik hələ də davam etməkdədir. Çünkü bir sürü savadsız mollanın cibləri, ancaq Səfəvi mirası olan bu nifrət və kin qusma yoluyla dolmaqdadır.

Azərbaycan Cümhuriyyətində, sanki tarix Səfəvilərdən başlayırmış kimi, bir yanaşma şəkli mövcuddur. Səfəvi-qızılbaşların türk olmaları üzərinə israrla durmağa çalışırlar.

Türk olmanın nə önəmi var? Türk olsalar da, olmasalar da, doğru olmayan bir gələnəyin əsasını qoymuşlar. İnsanın heysiyyətinə zərər verən nifrət və kin dolu ənənənin əsasını qoymuşlar. Bu ənənə içərisində barış sevən, cahanşümul şəxsiyyət yetişdirmək mümkün ola bilməz. Necə ki, mümkün olmamışdır.

Tarixi öyrənmək günümüz üçün barış və güvənlik gətirmirsə, onun heç bir önəmi yoxdur. Səfəviyyət bizi birinci növbədə İslam dünyasından, sonra da bütün dünyadan təcrid edərək dar nifrət dünyasında həbs etmişdir.

Bu ideoloji zindandan insanların şüuru azad edilməzsə, bölgə və dünya barışının sağlanmasında heç bir rolumuz ola bilməz, tam tərsinə, barış üçün hər zaman təhdid təşkil edərik.

Səfəviyyətin Hz.Hüseyn üçün yas saxlaması da çox komikdir. Hz.Hüseyn ədalət və İslam yolunda şəhid edilmişsə, onu anarkən baş yarıb kəndinə zərər vermənin İmam Hüseynin şəhadət və etiraz fəlsəfəsi ilə nə əlaqəsi ola bilər? İran İslam İnqilabının rəhbəri mərhum Ayətullah Xomeyni baş yarmaq kimi Səfəvi bidətlərini yasaqlasa da, insanlar Səfəviliyin gətirdiyi alışqanlıqlarından bir türlü vaz keçə bilmirlər.

İndi isə Səfəvi kimliyinin bölgəni necə bir qaranlığa batırdığına tanıq olmaqdayıq. Modern müsəlman gənclik bu qaranlığa gömülmüşlükdən azad olmanın bir yolunu tapmalıdır.

XS
SM
MD
LG