Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:51

Bu nə puldur? Məni dolamısan?..


Ülviyyə Heydərova
Ülviyyə Heydərova

-

Polis otağa keçən kimi məni cibindon çıxarıb seyfə - silahın üstünə qoydu. Deməli, belə! Paho, məni silaha həvalə etdi?! Silah və mən! Başqa yerdə olsaydıq bizim birləşməyimiz - ölümlə nəticələnərdi...

Ülviyyə Heydərova

PUL

- Ay kişi, mənə pul verəcəksən, ya yox?

- Ay Allah, bu yaramazın əlindən hara baş götütüb gedim ki, bir də ondan pul sözü eşitməyim!

Görürsünüz də günümü? Hər gün bu evdə üstümdə dava düşür. Ər-arvad arasında gedən bu savaş nadir hallarda sülhlə nəticələnər. Zırpı, qara qıvrım saçlı, şeşəbığlı ər arvadının pul istəyinə həmişə etiraz edər, səbr kasası daşanda isə dilinə istirahət verib qara tüklü qollarını, üfunət verən ayaqlarını işə salır. Bəli, sahibim əsl döyüşçüdür.

Bizi cibindən çıxarıb otağın küncünə vızıldadandan sonra şalvarının qayışını çıxarıb arvadına hücum çəkər. Onu yaxşıca kötəkləyəndən sonra divanda oturar. Hirsi soyuyan kimi arvadının için-için ağladığını görəndə - “day yaxşı, az zırılda”- deyib bizi otağın küncündən götürüb ona verərdi. Yəqin bu gün də belə olacaq. Zalım oğluna hərdən lap yazığım da gəlir. Arvadı boş, lazımsız şeylər üçün məni istəyəndə elə özüm də hirslənib coşuram. Amma şeşəbığlı içkili olanda əlləri yanıma titrəyə-titrəyə gəlir. Elə bil əl də utanıb xəcalət çəkir. Düzdür, şəxsən mənə yaxınlaşmırlar, bilirlər ki, toxunulmazam. Çünki şeşəbığlı məni hansısa müqəddəs yerdən gətirib cibinə tullayıb ki, ora həmişə dolu olsun. Bu cibdə məckunlaşandan nadir hallarda yalnız qalıram. Amma tək qalan vaxtlarım da az olmayıb və o zaman yaman darıxıram. Aha, bu dəfə yenə əllər xəcalət çəkir. Demək, şeşəbığlı yenə içkilidir. Yoldaşlarımdan biri barmağa sarılıb bizdən uzaqlaşır.

- Azdır, şoppinqçün bu qədər pul nədir ki? Xəsislik eləmə, deyirlər, təzə jurnal çıxıb gərək ondan da alım- arvadı bunu deyən kimi ərinə macal verməyıb məni caynağına aldı. Əlacım лаcым olsaydı şeşəbığlının çirkli cibindən bərk-bərk yapışıb oradan çıxmazdım. Deyəsən, sahibim istəkli pulunu itirdiyindən xəbərsizdir. Yəqin o qədər içkilidir ki, gözləri məni görmədi.

Eh, nə edim, bilirdim ki, nə vaxtsa bu cibi tərk edəcəm. Amma qadının özünü, daha doğrusu cibini heç arzulamırdım. Çünki bu məxluqa yaxşı bələdəm. Bilirəm ki, ərindən fərqli olaraq pulla insafsızcasına rəftar edir. Şeşəbığlı onu danlayanda həmişə “Dilənçi köpək qızı!” deyib keçmiş həyatından bir fraqmenti söyləməklə arvadının qopub düşmüş yaddaşını yapışdırardı: “Dilənməyini, nə tez unutdun? Qışda nimdaş, cırıq paltoya bürünüb küçənin ortasında əlini açanda barmaqların şaxtadan donurdu. Hələ yalın ayaqlarını demirəm. İndi əlin çörəyə çatan kimi day, bilmirsən pulu nəyə xərcləyəsən... İçməyimi başıma vurursan. Ay axmaq onu bil ki, öz şotuma içmirəm. Qazandığım pulun qədrini bilirəm. Pulu sev ki, o da səni sevsin”. Yəqin bundan sonra nə onların dava-dalaşını, nə də özüm haqqında fikirləri eşitməyəcəm.

...Qadının plaşının cibi ətir saçsa da, bundan bihuş olmuram. Bircə istəyim budur ki, onun cibindən tezliklə uzaqlaşım… Cansıxıcı gəzintidən lap bezara gəldim.

- Allah balalarını saxlasın ay bala, xalaya bir nəzir ver!

Yəqin bu sözləri eşidəndən sonra ürəyi dözməz, məni o qadına verər. Hə, yumşaq əlini mənə toxundurmağından belə məlum olur ki, dilənçiyə vermək niyyətindədir. Elədir ki, var. Nəhayət, onun cibindən uzaqlaşıram... Ааааа, нə oldu, dilənçinin yanından ötəndə niyə məni ona vermədi? Təəssüf, yenə də onun cibinə qayıtmalı oldum. Vəssalam, indi də var gücüylə məni və yoldaşlarımı əzişdirir. Deyəsən, bizi əzməklə keçmişindən intiqam almaq istəyir. Ola bilər. Yəqin düşünür ki, cibim pulla doludur, varlılar kimi mən də güclüyəm. Dilənçi, indi baxa-baxa qal!.. Ay- hay, səfeh bir düşüncə?!

Dikdaban çəkməsinin takkıltısı dayandı. Məni dərhal cibindən çıxarıb əlində saxladı.

- Salam, qəzetçi oğlan! Yadında, dünən podruqamla bura gəlmişdik. Aldığı o jurnaldan mənə də ver!
- Mən bu köşkdə gündə min cür qəzet- jurnal satıram. Nə bilim hansı jurnalı deyirsən?
- İşşş, adı da yadımdan çıxdı! Adı dilimin ucundadı... Rəngi də sarı idi, üstündə də lüt qız şəkli var.
- Hə bildim, “World of sex” jurnalını deyirsən. Götür!
- Hə, elə bu jurnaldır. Neçəyədi?

Deyəsən məni bu porno jurnala dəyişəcəklər. O dilənçi qadına qısmət olsaydım bundan yaxşı idi. Hə olardı, bir möcüzə baş verərdi. Bu qadından canım qurtulaydı. Deyəsən, külək səsimə səs vermək istəyir... Nə yaxşı oldu, mən asanlıqla onun əlindən qurtuldum. O qadından uzaqlaşıb dilənçinin yanına gedirəm. Külək bu işdə yaman kömək edir. Qadın ayaqqabısını çıxarıb mənə sarı qaçır. Ay, tuta bildin ha?! Vay, dilənçiyə yox, başqasına əlinə keçdim.

- Ay camaat, ay polis, tutun o oğrunu! Pulumu oğurlayıb!

Hə, mən bir kişinin əlində harayasa sürətlə gedirəm... Kişi tövşüyür, əlinin içində islansam da, məni bərk-bərk sıxıb. Onu itələyib qolunu burdular. Polis onu yaxaladı. Məni kişinin əlindən alıb dərhal öz cibinə qoydu.

- Nə olar, məni tutmayın! Vallah, bilərəkdən olmadı. Cibinə girməmişəm ki, havada tutmuşam. Uşağın dərman pulusu çatmırdı...

- Kəs səsini, alçaq! Bunları orada deyərsən! Axmağın biri! - deyə polis əlini mənə yaxınlaşdırdı. Əvvəlcə hamarladı, daha sonra sığal çəkdi. Yəqin yerimi rahatlamaq istəyir. Eh, soyuq, daş kimi əlin içində nə dinclik?! Hiss edirəm ki, fikri heç də kişini tutmaq deyil, sadəcə, məni əldə etməkdir. Cibindən qaçıb qurtulmaq ağlasığmaz iş olar. Oğruyla birgə mən də özümü zindanda hesab edirəm. O, əli qandallı, mənsə polisin dəmir barmaqları arasında.

Polis otağa keçən kimi məni cibindon çıxarıb seyfə - silahın üstünə qoydu. Deməli, belə! Paho, məni silaha həvalə etdi?! Silah və mən! Başqa yerdə olsaydıq bizim birləşməyimiz - ölümlə nəticələnərdi. İndi isə qaranlıq, soyuq yerdəyik. Yanımızda kağızlar, hətta möhür də var. Hər halda, kağızlar uzaq qohumlarım hesab olunurlar və ona görə də bəd ayaqda onlarla ortaq məxrəcə gələ bilərəm. Ancaq silah nə qədər təhlükəli olsa da, özümü ona təslim etmərəm. Çünki mən ondan daha qüdrətliyəm. O yalnız ölüm, hədələmək, qorunmaqçün yaranıb, mənsə gündəlik qayğılar, yaşamaq, bir sözlə həyat üçün lazımam. Amma bir şey də var ki, mən olmasam, o da mövcud olmaz axı. Görəsən, mən yaranmasaydım həyat necə olardı? Müharibələr yenə də olardımı? Dünya aclıq keçirərdi, yoxsa bolluq içində yaşayardı? Yəqin ki, elə əmin-amanlıq olardı. Əgər iki qardaş mənim üstümdə bir-birinə bıçaq qaldırırsa, demək, olmamağım məsləhət imiş... Eh, niyə özümü belə qınağa çəkirəm, bəyəm, nəfisi də pulla satırlar? Bu qırğınların hamısına səbəb elə o nəfisdir. Amma o da var ki, həsrətimi çəkən minlərlə yoxsul mənə görə acından dünyalarını dəyişirlər. Pul əl çirikidir. Bunu şeşəbığlıdan eşitmişəm. Hər dəfə bu sözü deyəndə qalın dodaqlarını mənə yapışdırardı. Əgər çirkinəmsə niyə həmişə əzizlənirəm? Amma yoxsulun cibində olmayanda özümü həqiqətən də murdar hesab edirəm.

Nə isə... Bu həyasız silah susur... Yəqin içi boşdur. Yoxsa çoxdan özünü öyərdi...

...Seyfın qapısı açılır. Deyəsən, azadlığa çıxmaq vaxtım yetişdi. Yanılmamışam. Urra, həmin polis məni "həbsdən" qurtarır! Bu dəfə ürəyinin başına - köynəyinin cibinə yollanıram. Burada yalnız olsam da iki qonşum- tütünün qırıntıları öz qoxusu, polisin ürəyisə döyüntülərilə məni darıxmağa qoymur. Ürək elə tez-tez döyünür, sanki bu dəqiqə yerindən qopacaq. Görəsən, məni görüb həyəcanlanır, yoxsa? Yoxsa, nə? Əlbəttə hər şey mənə görədir.

...GəIib qırmızı dəmir qapıya yaxınlaşdıq. Polis gah əlindəki topa açarla qapını döyür, gah da zəngi çalır.

- Nə olub, gəlirəm də! - Zərif, qıvrım sarı saçlı qız qapını açdı- Haradaydın? Dedim gəlməzsən.

- Axı demişdim məni gözlə, gələcəm... Üzümə niyə baxmırsan? – Polis dəhlizə girər-girməz qızı acıladı. Qızsa öpüşləriylə onu cavablandırıb yataq otağına çəkdi. Polisin ürəyi elə döyündü ki, köynəyin altında əzilməyə başladım. Polis köynəyini tez-tələsik çıxarıb şeşəbığlı kimi otağın bir küncünə vızıldatdı...

Hələ ki, lazımsız əşyayam, yada düşmürəm. İniltilər, pıçıltılar qurtaran kimi yenə məndən söz düşəcək. Hər şey mənim üstümdə qurulacaq, planlaşacaq...

...Qız pərdəni çəkib günəşin işığını otağa buraxanda bildim ki, səhər açıldı.

- Nə yatmısan? Dur! Gedəsi yerlərim çoxdur...

- Gəl yanıma! Hara tələsirsən?

- Bura bax, heç olmasa bu dəfə mənə pul verəcəksən?

Nəhayət ki, yada düşdüm. Polis əsnəyə-əsnəyə məni köynəyin cibindən ayırıb könülsüz qıza uzatdı. Qızın mavi gözləri elə böyüdü ki, az qala hədəqəsindən çıxacaqdı.

- Bu nə puldur? Məni dolamısan? İnsanam ey, heyvan deyiləm!- deyib acıqla məni onun əlindən aldı. İti addımlarla mətbəxə keçib tikə-tikə doğrayandan sonra zibil yeşiyinə atdı. Vay, mən nə günə düşdüm? Kartof, soğan qabıqlarına qonşu düşməyim bir yana, indi bu görkəmdə kimə gərək olacam? Polis də qapını zərblə çırpıb getdi. Əlvida həyat!

Deyəsən, qız pəncərənin qapısını açır axı? Elədir ki, var. Hə, indi o, zibil yeşini bayıra tullayacaq. Əhsən! Qız elə bil səsimi eşitdi. Qismən də olsam azadlığa çıxdım. Göydən yerə endikcə dünyayla birgə fırlanıram. Elə göydə qalsaydım, nə yaxşı olardı? Bax, belə naqislərin əlinə keçməkdənsə, göydə qalıb hamıya yuxarıdan aşağı baxmaq daha yaxşıdır. Tikələrim həyətin dörd bir yanına səpələndi. İndi kimə lazımam? Dilənçini arzulaya-arzulaya onun vəziyyətindən də pis günə düşdüm. Arzulayırdım ki, o, qadına həyat olam. İndi kimsəsiz küçədə həyatımın son dəqiqələrini yaşayıram...

Aha, deyəsən, kimsə məni yerdən toparlayır. Görəsən, əziyyətinə dəyəcəkmi? Əgər bu vəziyyətdə ona yardım ola biləcəyəmsə, demək yaşamağa dəyərəm. Kaş ki, bu belə olaydı.

Qoca məni evinə gətirib masanın üstünə qoyur. Eynəyini taxıb diqqətlə mənə baxır. Yapışqan götürüb ehtiyatla məni yapışdırdı. “Ya Allah!” deyib ayağa qalxdı. Məni nimdaş pencəyinin cibinə qoyub yola düşdü. Əlini cibinə salıb məni əzizləyərək yapışdırdığı yerlərə sığal çəkdi. Dükanda satıcı qızı görcək əlləri özündən ixtiyarsız əsməyə başladı:

- Xanım, çörək, bir də çay verə bilərsinizmi? - deyib məni satıcıya uzadır. Qız mənə baxıb heyrətləndi:

- Bağışlayın, verə bilməyəcəm! Bir pula baxın?

Qoca məyus-məyus mənə baxır. Qırışdan kiçilmiş gözləri elə qəmli idi ki. Nə cavab versin?

Satıcı qız rəhmli insana oxşayır. Çörəyi qocaya verib:

- Çayı verməyə imkanım yoxdur, öz çörək payımı sizə verərəm – dedi.

Qoca qürurunu əymir. Bir söz demədən məni cibinə qoyub kor-peşman evinə yollandı. Dəhlizdə cibindən çıxarıb o tərəf, bu tərəfimə baxdı. Bir qədər bundan əvvəl mən onun ümidi idim. İndi isə... Eh!

Otağına keçir. Köhnə kitab götürüb divanda əyləşir. Bəs məni niyə əlində tutub? Bundan sonra nəyinə lazımam? Bir az mütaliə etdi. Deyə bilmərəm, oxuduğu əsərəmi, yoxsa mənə görəmi yaman kövrəldi. Gözündən yaş gilələri kitabın səhifəsinə töküldükcə, əlinin içində özümə yer tapa bilmirəm. Birdən məni kitabın içinə qoyub yavaşca örtdü.

Vəssəlam! Bu da sonum. Daha bundan sonra ciblərin deyil, kitabın yoldaşına çеvriləcəm!

XS
SM
MD
LG