Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Ermənistan qaçqını 1-ci ledinin yubileyinə hazırlaşır və...


Nisə Abdullayeva
Nisə Abdullayeva

-

Kirayədə qalan Ermənistan qaçqını Nisə Abdullayeva prezidentin həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 50 illik yubileyinə hazırlaşır.

İşsiz xanımın sözlərinə görə, məqsədi illərdir üzləşdiyi problemləri həm də millət vəkili olan Mehriban Əliyevaya çatdırmaq və bir ay əvvəl ona verdiyi məktub ucbatından üzləşdiyi təzyiq və hədə-qorxuları 1-ci ledinin diqqətinə yetirməkdir:

«ƏMİNƏ XANIM DUL QADINLARIN EVLƏ TƏMİNAT MƏSƏLƏSİNİ QALDIRIB...»

«Avqustun 26-da Mehriban xanımın 50 yaşı tamam olur. Yubiley tədbirlərin harada keçirildiyini də bilirəm. Lap məni öldürsələr də, üzləşdiyim bütün problemdən danışacağam. Həyat yoldaşımı itirmişəm, bir əlil övladım var. Kirayədə qalıram, evlərdə uşaq saxlayıram. Banklardan kredit götürüb özümə ev tikmək, ev qurmaq istəyirəm. Nə vaxtadək kirayələrdə qalacağam? Axı mən də Azərbaycan vətəndaşı, Azərbaycan qadınıyam. Ölkə konstitusiyasına görə, mənim və uşağımın yaşamaq, ev sahibi olmaq hüququ var. Dul qadınam, necə yaşamalıyam? Yəqin baxmısınız, Türkiyənin baş naziri Recep Tayyip Erdoğan-ın xanımı Emine Erdoğan-a Leyla adlı bir dul qadın qışqıra-qışqıra dərdini deyib... Ondan sonra Emine xanım dul qadınların evlə təminat məsələsini qaldırıb. Görün bu necə gözəl təşəbbüsdür. Nə olar ki, bizdə də dul qadınları nəzərə alsınlar. Ona bir ay əvvəl Bakı Funikulyorunun qarşısında məktub vermişdim. Orda qeyd etmişdim ki, Mehriban xanım, bir günlük Emine xanım olun. Bu dəfə də çalışacağam görüşüm. Ondan soruşacağam, nə günahım var ki, prezidenti və onun xanımını çox istədiyim üçün mənə hədə-qorxu gəlirlər? Deyəcəyəm ki, Mehriban xanım, sizinlə görüşəndən sonra xəbəriniz olmadı, məni polis maşınına mindirib apardılar, dedilər, başqa yerə də apara bilərik. Niyə, mən nə etmişəm? Mən hüquqlarımı yaxşı bilirəm, niyə ayaq altında qalmalıyam? Məni heç kim qorxuda bilməz. Getsinlər kimi qorxuda bilirlər, onu qorxutsunlar. Mənim qorxacaq bir işim olmayıb».

«BİLİRSİNİZ DƏ, O BANKLAR ONLARA AİD BANKLARDIR...»

Nisə Abdullayeva deyir ki, Arif Paşayevlə də görüşüb, ondan «Kapital» bankından və «Paşa Bank»dan kredit götürməyə yardım istəyib:

«Bilirsiniz də, o banklar onlara aid olan banklardır. Kirayədə yaşayıram, heç olmasa, ordan kredit götürməyə mənə yardım etsinlər. Belə olsa, kirayəyə verdiyim pulu elə banka ödəyərəm. Bu məsələni bir ay əvvəl Mehriban xanıma verdiyim məktubda da yazmışam. Sonra mənə kredit təklifi gəldi, amma məbləğ çox az, faiz isə çox yüksək olduğundan imtina etdim».

Vaxtilə «İdeal» qəzetində satıcı-menecer çalışdığını deyən Nisə Abdullayeva prezidentə və onun xanımına şeir həsr etdiyini də sözlərinə əlavə edir:

«XALQ ARTİSTİ ƏLİ ZEYNALOVUN BACISI GƏLİNİ OLMUŞAM...»

««İdeal»da işləyəndə Prezident Administrasiyasına pulsuz qəzet aparır, tədbirlərə gedirdim. Hamını tanıyırdım. O vaxt avqustun 26-da Mehriban xanıma şeir yazmışdım. Mən «Bir qalanın sirri» filmində əsas ifaçılardan xalq artisti Əli Zeynalovun bacısı gəlini olmuşam. Şeir yazmağı, pafosla şeir söyləməyi o, öyrədib mənə».

Nisə Abdullayeva deyir ki, həmin şeirdən sonra rayon icra hakimiyyəti onun yoldaşının dəfnini təşkil edib və məzarının üstünə qara mərmərdən başdaşı qoyub.

«SƏNİ DÜŞÜNÜRƏM, İLHAM, AY İLHAM!»

Qaçqın xanım prezidentə də şeir həsr etdiyini deyərək ucadan oxuyur:

Özüm də bilmirəm nə sirdir bu,

Gecələr gözüməyə getmir yuxu.

Oyanır qəlbimdə incə bir duyğu,

Qayğın üstümdədir, getsəm hayana

Səni düşünürəm, İlham, ay İlham!

Hamının yanında etibarın var,

Pozulmaz andın var, düz ilqarın var.

Dağdan əzəmətli bir vüqarın var,

Hanı yer üzündə sənə tay, İlham!

Səni düşünürəm, İlham, ay İlham!

Bütün sahələri çox gözəl bilən

Yaxşını yamandan düzgün ayıran

Qanunla işləyib, qanunla duran,

Bu gözəl insana qoy əhsən olsun.

Bu dünya durduqca

O da var olsun, oda var olsun!

«BU İŞLƏR... DÖVLƏT SƏVİYYƏSİNDƏ HƏLL OLUNMALIDIR»

Nisə Abdullayevanın sözlərinə görə, mərhum yoldaşı 20 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyi üçün evlə bağlı o nazirliyə də neçə dəfə üz tutub:

«Yoldaşım vəfat edəndən sonra dəfələrlə onun işlədiyi nazirliyə müraciət etdim ki, ev problemimizin həllinə yardım etsinlər. Çağırıb-dedilər, bizdə ev tikilmir. Bir-iki dəfə 50-100 manat yardım etdilər. Məsələ bununla da bitdi. Bu işlər belə yox, dövlət səviyyəsində olmalıdır».

XS
SM
MD
LG