Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:23

Azərbaycan cəbhəyə əlavə hərbi texnika cəmləşdirir


Foto: Arxiv
Foto: Arxiv

-

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində son 4 gündə azı 12 Azərbaycan hərbçisinin öldüyü bildirilir.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

---------------------------------------------------------------------

Fotoreportyor Abbas Atilay: «Texnika çıxdı qarşımıza. Bərdədən Ağdam istiqamətinə gedən tanklar idi».

MOSKVA TƏCİLİ TƏDBİRLƏR GÖRMƏYƏ ÇAĞIRIR

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənləri atəşkəs sazişinin kobud pozulması kimi dəyərləndirir.

apa-nın xəbərinə görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti direktorunun müavini Maria Zakharova çıxış edib.

Cəbhə xəttində döyüşlərin getdiyi ərazilər

Cəbhə xəttində döyüşlərin getdiyi ərazilər

«Bölgədə gərginliyin artması yolverilməzdir. Tərəfləri güc tətbiqindən imtina etməyə və durumun sabitləşməsi üçün təcili tədbirlər görməyə çağırırıq», - deyə o vurğulayıb.

DÖYÜŞ TƏYYARƏLƏRİ HAVAYA QALDIRILIB

Azərbaycan Ordusunun ağır artilleriyasının Ermənistanla sərhəd bölgəsinə yığılması barədə sosial şəbəkələrdə məlumatlar yayılır.

​Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, Azərbaycan «öz ərazisində istənilən yerdə hərbi texnikasının yerdəyişməsini edə bilər».

Mətbuat xidməti onu da əlavə edib ki, nazirlik döyüş planına hazırlıqla bağlı hərbi təyyarələrini cəbhə xətti boyu havaya qaldırıb.

Müdafiə naziri Zakir Həsənovun özü Ağdamdadır. O, hərbi hospitala baş çəkib. 4 yaralı helikopterlə Bakıya gətirilib.

20-DƏK ERMƏNİ HƏRBÇİSİ ÖLDÜRÜLÜB

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin itkiləri barədə məlumat açıqlayıb.

Nazirliyin baş qərargahından ANS-ə verilən məlumata görə, ötən gecə [avqustun 2-də] baş verən döyüşdə Ermənistan ordusunun 20-dək hərbçisi öldürülüb, onların arasında Ermənistan xüsusi təyinatlıları da olub.

Serzh Sarkisian və İlham Əliyev
Serzh Sarkisian və İlham Əliyev

«Ermənistan tərəfi son iki gündəki itkilərinin real həcmini gizlədir» - MN bildirir.

«Dağlıq Qarabağ Respublikası»nın Müdafiə Nazirliyi, öz növbəsində, bəyan edir ki, Azərbaycanın çox sayda erməni hərbçisinin həlak olması ilə bağlı yaydığı xəbərlər əsassızdır.

Armtoday.info xəbər verir ki, erməni tərəfi 1 hərbçi itirib, 3 yaralı var. Ölən 25 yaşlı Zorik Gevorkian-dır.

Ermənistan mətbuatı ötən gecə [avqustun 2-də] Azərbaycanın 7 hərbçisinin həlak olduğunu, 10-dan çox adamın yaralandığını yazır.

ABŞ PREZİDENTLƏRİN GÖRÜŞMƏSİNİ İSTƏYİR

ABŞ cəbhə bölgəsində zorakılığın artmasından narahatlığını bildirib.

Bu barədə ABŞ-ın Dövlət Departamenti bəyanat yayıb:

«Həlak olanların, yaralıların ailələrinin dərdinə şərikik, biz tərəfləri yubanmadan gərginliyi azaltmalı və atəşkəs rejiminə əməl etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli mümkün deyil. Cavab atəşləri və sonrakı zorakılıqlar sülh danışıqlarını daha da çətinləşdirəcək».

Dövlət Departamenti Azərbaycan-Ermənistan prezidentlərini əsas məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda görüşməyə çağırıb:

«Biz həm də tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin sülh razılaşmasına kömək edəcək təkliflərini qəbul etməyə çağırırıq».

«ABŞ Minsk Qrupu prosesini dəstəkləyir və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırdır», - deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

CƏBHƏ XƏTTİ BİR GÜN ÖNCƏ...

Azərbaycanın Ermənistanla sərhəd kəndlərində atəşkəs pozulub. Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirirlir. AzadlıqRadiosunun müxbiri iyulun 31-də Tovuzun Koxanəbi kəndində olub.

Cəbhə xətti bir gün öncə... [Video]
Gözlə

No media source currently available

0:00 0:09:10 0:00

ATIŞMA SƏNGİMİR

Avqustun 1-dən 2-nə keçən cəbhə xəttində daha 4 Azərbaycan hərbçisi ölüb.

Müdafiə Nazirliyi bildirir ki, gizir Pərvin Əliyev, kiçik gizir Rahil Hüseynov, kiçik gizir Elçin Əhmədov, əsgər Sərxan Quliyev həlak olub.

Nazirliyin avqustun 2-də yaydığı məlumata görə, erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində Azərbaycan postlarına növbəti dəfə basqın etməyə cəhd göstərib:

«Düşmən itki verərək geri çəkilməyə məcbur edilib».

01.08.2014

CƏBHƏ XƏTTİNDƏ GƏRGİNLİK

Hərbi ekspertlər Üzeyir Cəfərov, Cəsur Sümərinli, siyasi şərhçilər Yeganə Hacıyeva və Elxan Mehdiyev bu haqda danışırlar.

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

AMERİKALI HƏMSƏDR NARAHATDIR

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick öz «twitter» səhifəsində cəbhə xəttində döyüşlərdən narahatlığını dilə gətirib:

Azərbaycan və Ermənistan ordularının qrafik müqayisəsi

Azərbaycan və Ermənistan ordularının qrafik müqayisəsi

«Biz təmas xəttində zorakılığın artmasından ciddi narahatlıq keçiririk. Tərəflər atəşkəsə riayət etməlidir».

​MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

«3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub».

Müdafiə Nazirliyinin avqustun 1-də axşamüstü yaydığı açıqlamada belə deyilir.

Açıqlamada son üç gündə cəbhə xəttində şiddətli döyüşlərin getdiyi bildirilir.

«Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələri bütün həmlələri dəf edib,.. ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur olublar», - məlumatda bildirilir.

AZTV SUSUR

Bakı vaxtilə 17:00-a olan məlumata görə, Azərbaycanın dövlət televiziyası və AzərTAC informasiya agentliyi hələ ki Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər barədə susur.

AzTV-nin 17:00-dakı xəbərlərindəki əsas mövzu İtaliyadakı etirazlar və s. məlumatlar olub.

ÜZEYİR CƏFƏROVUN ŞƏRHİ

«Bu, atəşkəs dövründə verdiyimiz ən böyük itkidir».

Bunu hərbi ekspert Üzeyir Cəfərov «Facebook» səhifəsində yazıb:

«Hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur. Azərbaycan Müdafiə Nazirliyinin dediyi kimi, qarşı tərəf hücuma keçibsə, onların verdikləri itkilər ən azı neytral ərazidə qalmalı idi».

Üzeyir Cəfərov baş verənlərdə başqa səbəblər də axtarır:

«Postlarda bəzi əsgərlər 2-3 saat əvəzinə, 5-6 saat durur. Bu isə onların həm özlərinin, həm də «qeydiyyatdan keçən» digər adı olub, özləri arxa cəbhədə xidmət edən əsgər və çavuşlara görə növbədə durmaqlarıdır. Bu da bəzən xoşagəlməz hallara gətirib çıxarır».

RAYON KOMİSSARLIQLARI ƏSGƏRLƏRİN ÖLÜM XƏBƏRİNİ TƏSDİQLƏYİRLƏR

Salyan rayon hərbi komissarlığından rayonun Kiçik Sadıqlı kəndindən Səftər Məmmədovun cəbhədə həlak olduğunu təsdiqləyiblər:

«Hazırda hamımız əsgərin cənazəsini gözləyirik. İndi əlaqə saxlamışıq, artıq onu gətirən maşın Şirvana çatıb. Səftər Məmmədov 2013-cü ilin oktyabrında hərbi xidmətə çağırılmışdı. Ailədə 5 uşaqdırlar. O, ailədə yeganə oğlan olub».

Cəbhədə həlak olan Mustafa Əlicoşqunov bu ilin yanvarında Xaçmaz rayonundan hərbi xidmətə çağırılıbmış.

Quba hərbi komissarlığı da Elnur İbrahimovun həlak olmasını təsdiqləyib.

Tovuz rayonundan hərbi xidmətə çağırılan və Tərtər istiqamətində gedən döyüşdə həlak olan Vüqar Poladov avqustun 1-də doğulduğu Aşağı Öysüzlü kəndində dəfn olunub. Rayon komissarlığından verilən məlumata görə, o, oktyabrda xidmətini başa vururmuş.

ERMƏNİSTAN TƏRƏFİ 14 HƏRBÇİNİN ÖLDÜYÜNÜ İDDİA EDİR

«France-Presse» agentliyinin verdiyi məlumata görə, avqustun 1-nə keçən gecə Dağlıq Qarabağ yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələri arasında döyüş olub.

Agentlik yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi intensiv atışma olduğunu desə də, Azərbaycan tərəfdən neçə nəfərin həlak olduğunu bildirmir. Ancaq Ermənistanın Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmisi «France-Presse»ə deyib ki, Azərbaycan 14 hərbçisini itirib.

Azərbaycanın APA agentliyi 8 əsgərin həlak olduğunu bildirir.

«France-Presse»ə adının çəkilməməsi şərtilə müsahibə verən erməni rəsmisi deyib ki, Azərbaycanın sabotaj qrupları Dağlıq Qarabağ ərazisinə girmək istəyib və pusquya düşüb.

Həmin rəsminin sözlərinə görə, Azərbaycan tərəfdə çoxlu yaralanan var, erməni tərəfdə isə itki yoxdur.

Ancaq AzadlıqRadiosunun erməni xidməti Dağlıq Qarabağdakı «Müdafiə Nazirliyi»nə istinadla xəbər verir ki, erməni tərəfdən 2 əsgər ölüb. Onların adları da açıqlanır.

Məlumatda deyilir ki, erməni hərbi birləşmələri Azərbaycan tərəfdən çoxlu miqdarda silah və texnika ələ keçirib. Məlumata görə, hazırda həmin döyüş olan əraziyə erməni qüvvələri nəzarət edir.

MÜDAFİƏ NAZİRLİYİ NƏ TƏSDİQ, NƏ TƏKZİB EDİR

İyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan hərbçiləri Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirlik bildirir ki, cavab atəşi nəticəsində qarşı tərəf geri çəkilib.

Müdafiə Nazirliyi Azərbaycan ordusunun itki verdiyini bildirir, amma həlak olan hərbçilərin sayını göstərmir.

APA 8 hərbçinin həlak olduğunu deyir. Müdafiə Nazirliyi isə hələlik bunu nə təsdiq, nə təkzib edib.

Dünən axşam saatlarında Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində də atışma olub. Nazirliyin məlumatına görə, 41 yaşlı gizir İsa Almazov həlak olub.

Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı münasibət bildirməyib.

XS
SM
MD
LG