Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

«Hacı Məmmədovun işindən bəzi sənədlər götürülüb»


Vəkil Adil İsmayılov deyir ki, prosesin gedişində hər şey aydınlaşacaq
Vəkil Adil İsmayılov deyir ki, prosesin gedişində hər şey aydınlaşacaq

Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin (BCAİ) keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun məhkəməsi ilə bağlı son vaxtlar səslənən fikirlər arasında diqqət çəkən daha bir məsələ var. BCAİ-nin keçmiş rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov iddia edir ki, Hacı Məmmədovun istintaqa verdiyi ifadələrin bəziləri ittihamnaməyə əlavə olunmayıb. Belə ki, istintaq qarşısına müəyyən məqsədlər qoyub, ondan kənara çıxan məqamlar isə açıqlanmayıb. Cənab İsmayılovun sözlərinə görə, işin içindən müəyyən sənədlər götürülsə də, diqqətdən yayınanı da olub ki, bu da deyilənləri təsdiqləyir: «Ancaq bu da hamısı deyil. Biz istintaq materialları ilə tanış olanda məlum oldu ki, nəinki sənədlər götürülüb, hətta aid olmayan sənədlər işə əlavə edilib. Yəni cinayət işinə bir cild sonradan əlavə olunub».


Adil İsmayılov bildirir ki, əgər işin içindən müəyyən sənədlər götürülürsə, deməli, orada deyilənlərlə bağlı ittihamlar da məhkəmədə səslənmir. Bu isə əlbəttə ki, məhkəmənin ədalətli nəticəsinə birbaşa təsir edən amildir. Məhkəmədə Hacı Məmmədovun özü də istintaq zamanı onun danışdıqlarının çoxunun yazılmadığını bildirib.


Məhkəmə dəhlizlərində bir sıra sənədlərin bəzi məmurların maraqlarına toxunduğu üçün işə əlavə olunmadığı barədə fikirlər də səslənir. Adil İsmayılov deyir ki, nəinki bu proses kimlərinsə maraqlarına toxunur, hətta Hacı Məmmədovun və onun dəstəsinin əməllərinin üstünün açılmasından indi peşman olanlar da var.


İstintaqı aparmış Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev isə deyir ki, Hacı Məmmədov və onun dəstəsinin məhkəmə prosesi davam etdiyinə görə, bu məsələlərə şərh vermək mümkün deyil: «Sadəcə, onu deyə bilərəm ki, məhkəmənin bütün məsələlərə aydınlıq gətirəcəyinə və ədalət mühakiməsinin öz yerini tutacağına ümid edirəm».


Vəkil Adil İsmayılov isə əlavə edir ki, prosesin gedişində hər şey aydınlaşacaq. Bu məsələ ilə bağlı bəzi vəkillərin də deyəcəkləri sözlər var.


XS
SM
MD
LG