Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

Toy və yas mərasimlərində Naxçıvan nümunəsi


Arxiv foto
Arxiv foto

-

Qafqaz Müsəlmanları İdarəsi toy və yasla bağlı Naxçıvan nümunəsinə üstünlük verir.

Qafqaz Müsəlmanları İdarəsi toy və yas mərasimlərindəki israfçılığın əleyhinə çıxır. İdarə bununla bağlı 3 il əvvəl vətəndaşlara etdiyi müraciəti avqustun 21-də təkrar paylaşıb.

İdarənin Qazılar və Elmi-Dini Şuralarının hazırladığı həmin müraciətdə Naxçıvan nümunəsini dəstəklənir.

«Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq».

Müraciətdə deyilir ki, toy və ehsan verilməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir, o halda ki, israfçılığa yol verilmir:

«Qurani-Kərimin Əraf surəsinin 31-ci ayəsində insanlara: «…Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!» - hökmü buyrulmuşdur. Məhz bu ayənin hökmünə əsasən insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır, yalnız istər toy, istərsə də yas mərasimlərində israfın və ifrat dəbdəbənin Allah tərəfindən bəyənilməyən bir əməl olduğu təsbit olunur».

Qafqaz Müsəlmanları İdarəsi toylardakı israfçılığın bir sıra fəsadlarına toxunur.

«Əvvəla, bu məclislər sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur».

İdarə bunun qarşısını almaq üçün ictimai qınağı olduqca vacib sayır.

Müraciətdə bildirilir ki, dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur.

«Ehsan hərfi tərcümədə «yaxşılıq etmək, gözəl iş görmək» mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətcə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək üçün borc-xərclə məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə, günahı ilahi ədalətsizlikdə axtarır».

Qafqaz Müsəlmanları İdarəsi bu baxımdan Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəklədiyini bildirir. İdarə ümid edir ki, dövlət və din xadimlərinin birgə səyi ilə digər bölgələrdə də toy və yas mərasimlərindəki israfçılığa son qoyulacaq.

Müraciətdə qəbirüstü abidələrin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişinin heç də yas və toy mərasimlərindən geri qalmadığı deyilir.

XS
SM
MD
LG