Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Ramiz Mehdiyev KİV rəhbərlərinə xəbərdarlıq edib


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

-

Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev redaktorlar, televiziya və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə görüş keçirib.

Dövlət İdarəçilik Akademiyasında 3 saata yaxın davam edən görüş barədə AzərTAc məlumat yayıb.

Məlumata görə, Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. Görüşdə Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub.

Agentlik yazır ki, Ramiz Mehdiyev son illər prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd edib. O, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb. Administrasiya rəhbəri, həmçinin, ölkədə söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində uğurlu siyasətin həyata keçirildiyini bildirib:

«O, qeyd edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək. Cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaq. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcək».

CƏBHƏDƏKİ SON HADISƏLƏRDƏ BƏZİ SAYTLAR QANUNLARI POZDU, MƏTBUAT XİDMƏTLƏRİ YAXŞI İŞLƏMƏDİ…

Administrasiyanın rəhbəri avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginliklə bağlı məlumatların yayılmasında neqativ halların olduğunu deyib. O, həmin ərəfədə bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyət göstərdiyini vurğulayıb. Ramiz Mehdiyev həm də aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin də öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilmədiyini qeyd edib. O, cəbhə xəttindəki vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrin dislokasiyası, hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi barədə faktları misal çəkib.

PREZİDENTİN UĞURLU SİYASƏTİ DAHA GENİŞ VƏ OBYEKTİV İŞIQLANDIRILMALIDIR

AzərTAc-ın məlumatına görə, Ramiz Mehdiyev xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edildiyindən həmin məlumatların yayılması qanuna müvafiq məsuliyyət yaradır:

«Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır».

Son 11 ildə Azərbaycanın hər bir vətəndaşın fəxr edə biləcəyi inkişaf yolu keçdiyini bildirən Ramiz Mehdiyev deyib ki, KİV-lər ölkədə görülən işləri, Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.

Agentliyin yaydığı məlumata görə, görüşdə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Səadət Yusifova, dövlət orqanlarının mətbuat xidmətlərinin və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

XS
SM
MD
LG