Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:58

Babəki məğlub etmiş Afşini necə edam etdilər? (İbn əl-Əsirin kitabından)


"Babək" filmindən kar - Afşin
"Babək" filmindən kar - Afşin

-

Sərkərdə Afşin İslamı qəbul etmiş, sonra da Babəki məğlub edərək xəlifə Mötəsimin gözündə ucalmışdı.

Amma bundan cəmi 3 il sonra - 841-ci ildə dəhşətli ölümə məhkum edilmişdi.

Afşini xəlifənin hüzurunda qurulan məhkəmədə nədə ittiham edirlər:

- zərdüştiliyi islamdan üstün tutmaqda,
- bütpərəst məbədini məscidə çevirən imamı cəzalandırmaqda,
- sünnət olunmamaqda,
- evində “Kəlilə və Dimnə” kitabı saxlamaqda,
- boğub öldürülmüş heyvanın ətini yeməkdə,
- Təbəristan şahzadəsi Mazyarı Xilafətə qarşı qaldırmaq cəhdində.

Bunları ərəb tarixçisi İbn əl-Əsir “Əl-Kamil fi-t-Tarih” əsərində yazır. O, 9-cu əsrdə baş verən və İslamda sapqınlıq (zındıqlıq) ilə bağlı ən diqqətçəkən hadisələrdən sayılan həmin mühakimə və edamı belə təsvir edir:

Xəlifə Mötəsim Afşinin ona xəyanət etməsi, hətta onu zəhərlətmək istəməsindən şübhələnir. Onu həbs etdirib vəzir-vəkilinin, Təbəristan şahzadəsinin və qazinin iştirakı ilə məhkəmə qurur.

Məhkəmə başlayan kimi içəri pal-paltarı cırıq iki adam girir. Qazi Afşindən onları tanıyıb-tanımadığını soruşur. Afşin cavab verir ki, tanıyır: “Bunlardan biri Uşrusanadakı məscidi tikdirən müəzzin, o biri isə həmin məscidin imamıdır. Hər birinə min şallaq vurdurmuşdum. Səbəbi odur ki, mən fəth etdiyim yerlərdə xalqların öz dinlərinə sərbəst şəkildə sitayiş etmələri ilə bağlı Soğdlu sərkərdə ilə razılıq əldə etmiş və bunun şərtlərini razılaşdırmışdım. Amma bu iki nəfər Uşrusana camaatının bir bütxanadakı bütlərini çölə atıb oranı məscidə çevirməklə əhdimizi pozdular.

Sonra Afşindən soruşurlar ki, “içində allaha küfr olan” “Kəlilə və Dimnə” kitabını evində niyə saxlayır. Afşin cavab verir ki, həmin kitab ona atasından qalıb. Kitabda İran ədəbiyyatına aid parçalarla yanaşı həqiqətən də allaha küfr olan hissələr var. Amma o, yalnız ədəbiyyata aid olanları oxuyur. Bundan başqa düşünmür ki, həmin kitab insanı İslamdan sapdıra bilər.

Bundan sonra içəri bir zərdüşti rahibi girir və Afşinin boğub öldürülmüş heyvan əti yediyini söyləyir. Deyir ki, Afşin boğub öldürülmüş heyvanın ətinin İslam qaydalarına uyğun kəsilmiş heyvanın ətindən ləzzətli olduğunu düşünür və onu da bu cür ət yeməyə məcbur edib: “Hətta bir gün mənə dedi ki, bu qövmün (ərəblərin) ona iyrənc gələn adətlərinə əməl etsə də, zeytun yağı yesə də, dəvəyə və qatıra minsə də, sünnət olunmayıb”.

Afşin bunu da etiraf edir. Deyir ki, əvvəla, rahibin kəsilmiş heyvanın ətini yeməsi onun öz dininə sadiq olmadığını göstərir. Daha sonra rahibdən soruşur: “Səni özünə yaxın bilən, öz sirlərimi bölüşən mənmiydim?” Rahib “əlbəttə” cavabını verir. Onda Afşin belə deyir: “Sən təkcə dininə yox, sözünə də sadiq deyilsən, çünki sənə etibar olunan sirri açırsan”.

Afşini həm də onda ittiham edirlər ki, fəth etdiyi ərazilərdə yerli xalqlar ona “tanrılar tanrısı” kimi müraciət edirlər. “Müsəlman olan kəs belə ifadəni özünə rəva bilərmi? Fironluq iddiasınamı düşmüsən?” Afşin cavab verir ki, bu, həmin xalqların onun atasına, sonra isə onun özünə müsəlmanlığı qəbul etməmişdən əvvəl etdiyi müraciət forması olub, sadəcə, itaətkarlıq bildirir.

Afşin Babəklə danışıqlar aparır. Qədim miniatür
Afşin Babəklə danışıqlar aparır. Qədim miniatür

Sonra şahzadə Mazyar önə çıxır. Afşindən “bu adama məktub yazmısanmı” soruşurlar. “Xeyr” cavabı verir. Onda Mazyardan soruşurlar: “Bu adam sənə məktub yazıbmı?”. Şahzadə “bəli” deyir: “Onun qardaşı mənim qardaşım Kuhyara məktub yazmışdı ki, “məndən, səndən və Babəkdən başqa bu Bəyaz dinə (zərdüştiliyə) yardım edən qalmayıb, amma Babək axmaqlığı ucbatından özünü öldürtdü, mən ölümü hər vəchlə ondan uzaqlaşdırmağa çalışdım, amma o yenə də axmaqlığından qalmadı və özü-özünü ölümün girdabına saldı. Əgər mən həqiqətən ona qarşı olsaydım, indi mən, mənimlə bərabər süvarilərim və nəcdədlilər sənə tərəf olmazdıq. Əgər biz bir olsaq, bizimlə savaşacaq yalnız üç toplum qalar: ərəblər, məğriblilər (?) və türklər. Ərəblər .... (təhqiramiz ifadə işlədir – red.) kimidirlər, önünə qır-qırıntı atarsan, sonra da başını kəsərsən. Məğriblilər də onun başını yeyərlər. Türklərə gəlincə, onlar oxları bitincəyə qədər bir fəlakətdirlər. Oxları bitəndən sonra da atları ilə sel kimi axıb-gələrlər”.

Afşin deyir ki, qardaşının kiminsə qardaşına məktub yazmasının ona aidiyyatı yoxdur, əgər məktubu onun özü yazsaydı, onda həmin adamı öz tərəfinə çəkər, sonra da tutub xəlifənin hüzuruna gətirərdi.

Və sünnət olunmamaq ittihamı. Afşindən soruşurlar ki, sünnət olunubmu. Afşin cavab verir ki, “xeyr”. Bunun səbəbini xəbər aldıqda isə deyir ki, “qorxdum ki, bədənimdən bir parçanı qoparsam, ölərəm”. Onda ona deyirlər ki, “necə olur ki, sən oxla yaralanırsan, qılınc zərbəsi alırsan və bütün bunlar sənin müharibədə iştirak etməyinə mane olmur, amma xırdaca bir dəri parçasının kəsilməsindən şikayətlənirsən...”.

“Amma bu dedikləriniz müharibədə məcburən olur, biri də var bunu öz istəyinlə etmək”.

Bundan sonra qazi üzünü məhkəmədə iştirak edənlərə tutaraq “bu adamın işləkləri sizin önünüzdə məlum oldu” deyərək Aşfinin həbsə atılması barədə qərarını elan edir. Xəlifə isə əmr edir ki, Afşinə o qədər az yemək verilsin ki, həbsə ölsün.

Afşinin evindəki axtarış zamanı, deyilənə görə, qiymətli daş-qaşla bəzədilmiş bütlər, “Kəlilə və Dimnə” kitabı və “onun gerçək inanclarından xəbər verən” başqa kitablar çıxır. Aclıqdan öləndən sonra başqalarına görk olsun deyə onun meyiti əvvəl asılır, sonra isə evindən çıxdığı deyilən bütlər də üzərinə atılaraq yandırılır.

Ahmet Yaşar Ocak-ın “Osmanlı toplumunda zındıqlar və mülhidlər” kitabından

XS
SM
MD
LG