Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:45

Fərhad Əliyev ABŞ və Türkiyə xüsusi xidmət orqanlarının istintaqa cəlb olunmasını istəyir


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçisi olmaqda ittiham edilən sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev bu istintaq-araşdırma işlərinə ABŞ və Türkiyə hüquq-mühafizə orqanlarının cəlb olunmasının tərəfdarıdır. Bundan öncə Elmar Hüseynov Fondu ölkə başçısına müraciət edərək jurnalistin ölümünü araşdıran istintaqı sürətləndirmək və birgə istintaq qrupu yaradılması məqsədilə xarici xüsusi xidmət orqanları əməkdaşlarının prosesə cəlb olunmasını xahiş etmişdi. Fərhad Əliyev isə ölkə ziyalılarına və millət vəkillərinə ünvanladığı müraciətdə fikrini onunla əsaslandırır ki, Elmar Hüseynov qətlə yetiriləndən dərhal sonra ABŞ və Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları da istintaq-axtarış prosesinə cəlb olunmuşdular: «Mən buna hazıram. Qoy mənə qarşı böhtan irəli sürənlər də buna hazır olub-olmadıqların bildirsinlər».


MTN isə iki gün öncə sentyabrın 26-da Elmar Hüseynov Fondunun eyni istəyinə cavab olaraq bildirib ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlığa zərurət olarsa, bu addım atılacaq. Amma ölkə qanunvericiliyi başqa ölkənin hüquq mühafizə orqanları ilə birgə istintaq qrupunun yaradılmasına imkan vermir.


«Monitor» jurnalının redaktoru Elmar Hüseynov bir il öncə öldürülüb. Çoxsaylı adam oğurluğu və qətllərdə ittiham olunan, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov isə jurnalisti məhz Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin öldürdüyünü bəyan edib. Fərhad Əliyev isə bu ittihamı qəbul etmədiyini deyir. Bununla bağlı istintaq aparan MTN ötən həftə sabiq nazirlə keçmiş əməliyyat müvəkkilini üzləşdirib.


XS
SM
MD
LG