Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

Naxçıvanda polis qeydiyyatından kənar oğurluqlar…


-

Naxçıvanda bəzi sakinlər polisin fəaliyyətindən şikayətlənirlər. Onlar bildirirlər ki, müraciət etdikləri polis idarələrində ya ayrıseçkiliklə üzləşirlər, ya da şikayətlərinə baxılmır. Sakinlər deyir ki, ayrıseçkilik əsasən yüksək vəzifəli məmurlarla mübahisələr zamanı baş verir.

Babək rayon Nehrəm kənd sakini Məhəmməd Məmmədov deyir ki, 150 baş qoyun saxlamaqla ailəsini dolandırır. O deyir ki, yazın əvvəlində heyvanlarını Culfa rayonu ərazisində yerləşən yaylağa qaldırıb. Məhəmməd Məmmədovun bildirdiyinə görə, bu yaxınlarda heyvanlarından 10-u yoxa çıxıb. Onun sözlərinə görə, bir müddət sonra eşidib ki, qoyunları yaylaqda otlayan başqa sürünün heyvanlarına qarışıb. Deməsinə görə, soraqlaşa-soraqlaşa həmin sürünün məmurlardan birinə - Naxçıvan asfalt-beton zavodunun müdirinə aid olduğunu öyrənib. Məhəmməd Məmmədov qeyd edir ki, heyvanlarını geri almaq üçün sürü yerləşən ağıla gedib. Fermerin bildirdiyinə görə, burada heyvanları geri qaytarmaq yerinə onun üzərinə silah çəkiblər:

«GÖZÜMLƏ GÖRDÜM Kİ...»

Məhəmməd Məmmədov
Məhəmməd Məmmədov

​«Gözümlə gördüm ki, yoxa çıxan heyvanlarım həmin sürüdədir. İstədim, vermədilər. Mənim üstümə «beşaçılan» silahı çəkdilər. Kor-peşman geri qayıtdım. Culfa Rayon Polis İdarəsinə müraciət etdim. Polislə getdik yenə sürünün yanına. Polis öyrənəndən sonra ki, sürü yüksək vəzifəli məmurundur, məsələni araşdırmaq istəmədi. Dedi ki, yaşadığınız əraziyə müraciət edin. Babək Rayon Polis İdarəsindən yalnız bir heyvanımı geri alıb verdilər, dedilər bəsindir. Şikayətim yüksək vəzifəli məmurdan olduğundan onlar da fikir vermədilər. İndi, 9 heyvanım oğurlanmış sayılır, polisin vecinə də deyil. Əlbirdirlər, ona görə».

Naxçıvan asfalt-beton zavodunun müdiri Yaşar Səfərov isə məsələdən xəbərdar olduğunu bildirsə də özünü təqsirli bilmir:

«MƏN POLİSƏ DEYƏRƏM, HƏR İKİSİNİ APARIB QATAR İÇƏRİ»

«Deyir ki, 10 qoyunum yoxa çıxıb. Ola bilər ki, çıxsın. Ancaq, mənim heyvanlarımın sayı düz gəlir. 1955 heyvanım var, əgər 1 qoyun artıqdırsa, gəlsin aparsın. Mənim heyvanlarım yerindədir. Bu yaxınlarda 50 baş heyvan almışam. Bəlkə də aldığım adamın qoyunlarına qarışıb, o da mənə satıb. Bu mənim problemim deyil. İkisindən biri yalan deyir. Mən polisə deyərəm, hər ikisini aparıb qatar içəri. Polis hərəsinə iki «dubinka» vuran kimi açıb deyəcəklər hamısını. Ona heç kim silah çəkməyib. Sadəcə mənim çobanlarımla mübahisə edib, təhqir edib onları. Deyib ki, gəlib gecə ilə səni oğurlayıb aparacağam. Mənim polislə heç bir əlaqəm yoxdur. Hərdən gəlirlər ağıla, orada oturub çay içirik. Bu, o demək deyil ki, polisi ələ almışam».

Hadisə şahidlərindən Asəf Bağırov isə Məhəmməd Məmmədovun heyvanlarını tanıdığını, həmin heyvanların asfalt-beton zavodunun müdiri Yaşar Səfərovun sürüsündə gördüyünü bildirir:

«YA POLİSİ ƏLƏ ALIBLAR, YA DA VƏZİFƏLİDİRLƏR DEYƏ, POLİS BUNLARDAN ÇƏKİNİR»

«Biz Məhəmmədlə çoban yoldaşıyıq. Onun heyvanlarını tanıyıram. Yaşar müəllimin sürüsündə görmüşəm. Yaşar müəllim deyir ki, həmin heyvanları başqa adamdan alıb. Polisi də yaxına qoymurlar ki, araşdırsın. Ya polisi ələ alıblar, ya da vəzifəlidirlər deyə, polis bunlardan çəkinir».

Təhlükəsizliyi baxımından adının çəkilməsinin istəməyən bir digər Naxçıvan sakininin şikayəti də oğurluq hadisəsinin polis idarəsində qeydə alınmamasındandır. O deyir ki, bir neçə ay öncə tövləsindən 2 inəyi oğurlanıb. İnəyi oğurlayanların kimliyini öyrənib və polisə müraciət edib. Polis onun inəklərini alıb qaytarsa da, hadisə ilə bağlı cinayət işi açılmayıb:

«TAPŞIRIQ VAR Kİ, NAXÇIVANDA CİNAYƏTKARLIQ MİNİMUMA ENDİRİLMƏLİDİR...»

«Mən oğrunun cəzalanmasını istəyirdim. Polis də inəklərimi alıb geri qaytarmaqla kifayətləndi. Dedilər ki, biz bu hadisəni qeydə ala bilmərik. Bildirdilər ki, tapşırıq var ki, Naxçıvanda cinayətkarlıq minimuma endirilməlidir, ona görə də kitaba sala bilmərik. Dedilər ki, biz onun cəzasını başqa cür vermişik. Bir az hay-küy salmaq istədim, dedilər verdiyimiz inəkləri də əlindən alıb, səni içəri basarıq».

Yerli sakinlərin polisdən şikayətlərinə münasibət öyrənmək üçün Naxçıvan Muxtar respublika Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Ancaq suallarımızı eşidən kimi buna cavab verməkdən imtina etdilər.

Nehrəm kənd sakini Məhəmməd Məmmədovun iddiası ilə də bağlı ayrıca Babək Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Cavid Qasımov da suallarımızı cavabsız qoydu.

NAXÇIVANDA CİNAYƏTKARLIQ YOXDUR?

Naxçıvan Daxili İşlər Nazirliyinin 2013-cü ildəki açıqlamasına görə, muxtar respublikada cinayətkarlıq sıfıra yaxınlaşır. Həmin məlumata görə, ötən il Naxçıvanda oğurluq hadisəsi qeydə alınmayıb.

Bəzi mütəxəssislər isə bunu inandırıcı saymırlar. Onlar hesab edir ki, baş verən cinayət hadisələrini qeydə almamaqla muxtar respublikada stabillik görüntüsü yaratmağa çalışırlar.

XS
SM
MD
LG