Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:42

Cənubi Afrikanın Azərbaycana silah satışı qalmaqala səbəb oldu


Arxiv fotosu. Bu il sentyabrın 12-də Bakıda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilən Azırbaycan istehsalı snayperlərdən biri.
Arxiv fotosu. Bu il sentyabrın 12-də Bakıda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilən Azırbaycan istehsalı snayperlərdən biri.

Pretoriyadan alınan xəbərlərdə deyilir ki, Cənubi Afrika Respublikası Azərbaycana ümumi dəyəri 340 min dollar olan 40 snayper tüfəngi və 1 milyon dollarlıq sursat alıb.

Bu barədə məlumatı Cənubi Afrika Respublikasında Adi Silahların Satışına Nəzarət Komitəsi (The National Conventional Arms Control Committee - NCACC) ölkə parlamentinə təqdim edib.

Ötən həftə millət vəkili David Maynier silah satışına dair sorğu məktubu ilə adı çəkilən komitənin sədrinə müraciət etmişdi.

Məktubda ümumiyyətlə CAR-ın xarici silah satışının təfərrüatları barədə suallar var idi.

Cavab məktubunda sədr ölkənin 2012-2013-cü illərdə ümumiyyətlə 340 milyon dollarlıq silah və sursatın ixrac olunduğu bildirirdi.

Azərbaycan üzərinə embarqolar yada düşüb

Cənubi Afrikanın xəbər agentlikləri xatırladırlar ki, Azərbaycan 1992-ci ildən bəri ATƏT-in silah embarqosu altındadır.

Bu da bəlli olub ki, CAR həmçinin Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana ümumi dəyəri 40 min ABŞ dolları olan 100 ədəd əl pulemyotu satıb.

Millət vəkili Maynier deyib ki, o komitədən Azərbaycan və Ermənistana satışlar barədə daha müfəssəl məlumat istəyəcək.

“Biz qəti əmin olmalıyıq ki, Cənubi Afrikanın satdığı adi silahlardan Dağlıq Qarabağ və ya Ermənistan-Azərbaycanda sərhədində istifadə olunmur və bu, regional sabitliyi pozmur” – deyib millət vəkili.

İnsan haqları da şərtmiş

Hazırda Cənubi Afrika Respublikasının hökuməti həmçinin daha bir keçmiş sovet respublikasına, Türkmənistana silah satdığına görə ciddi tənqid olunur.

CAR parlamentində müzakirələr zamanı Türkmənistana bu il 50-dək snayper tüfəngi satıldığı barədə məlumat verilib. Bir sıra millət vəkilləri bildiriblər ki, CAR qanunları insan haqlarını kobud şəkildə pozan ölkələrə hər hansı silah satışını qadağan edir.

David Maynier parlamentdəki çıxışında həmçinin Rusiyaya iki hava müşahidəsi aparatının satılmasını tənqid edib.

Cənubi Afrika mətbuatı yazır ki, ölkənin Azərbaycanla silah alveri snayper tüfəngləri ilə bitmir və artıq heç bir sirr təşkil etmir.

Xəbər verilir ki, Cənubi Afrikanın “Paramount” Qrupu Azərbaycanla müştərək qaydada 2009-cu ildən bəri zirehli maşınlar istehsal edir və elə sentyabrın 11-də Bakıda keçirilən silah sərgisinin gedişində qrup Azərbaycanla helikopterlərin təkmilləşdirilməsi işi üçün yeni kontrakt imzalayıb.

Mətbuat bildirir ki, NCACC hələlik bu barədə məlumatların açıqlanması üçün parlamentin göstərişini yerinə yetirməyib.

Dövlər sirrini dövlət yayırsa…

Cənubi Afrika Respublikasından fərqli olaraq Azərbaycanda bu kimi xəbərlərə dövlət sirri kimi baxılmır və yerli saytlar elə bu ilin 3 ayı ərzində Bakının Cənubi Afrikadan 13 milyon dollarlıq silah aldığı barədə xəbərlər yayıb.

İslam.az saytı yazır: “Hesabatda Azərbaycanın konkret olaraq hansı silahları alması barədə məlumat verilməsə də, Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu bildirir ki, Azərbaycan CAR-dan 2011-ci ildə etdiyi sifariş əsasında 30 “Marauder” və 30 “Matador” tipli minaya qarşı nəqliyyat vasitələri alıb”.

Maraqlısı isə budur ki, ən azı Azərbaycan üzərindəki beynəlxalq silah embarqolarına görə dövlət sirri olan məlumatların əksəriyyəti Fövqəladə Hallar Nazirliyinin saytında və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qəzetində dərc olunub.

XS
SM
MD
LG