Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:15

MTN 26 İŞİD-çini saxladığını bildirir


İŞİD döyüşçüləri
İŞİD döyüşçüləri

-

Milli Təhlükəsizlik Nazirliyi İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 26 Azərbaycan vətəndaşını saxlaması haqda məlumat yayıb.

Məlumat AzərTAc dövlət agentliyinin saytında yerləşdirilib.

Həmin şəxslərin qanunsuz silahlı birləşmələr və ya qruplar yaratmaqda, onları silahla, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etməkdə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etməkdə və başqa hüquqazidd əməllərin törətməkdə ittiham olunduqları deyilir.

Bununla bağlı MTN İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başladığını bildirir. Həmin 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, saxlanılanlardan ikisi - Firdovsi Yusifov və Taleh Soltanov Pakistanda həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər:

«Firdovsi Yusifov Pakistanda yaradılmış qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ilin ortalarında İrana gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib. Orada «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin «əmiri» təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.

Həmçinin müəyyən edilib ki, Taleh Soltanov da Pakistandakı qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedib. Oradan da qeyri-leqal yolla Pakistana keçib və «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Seyfullah» adlı digər silahlı dəstədə 2013-cü ilin avqustunadək iştirak edib».

MTN-in məlumatına görə, Firdovsi Yusifovla Taleh Soltanov daha sonra Suriyadakı qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər:

«Onlar bu məqsədlə 2013-cü ilin avqustunda Pakistandan İrana qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycana təhvil veriliblər».

YETKİNLİK YAŞINA ÇATMAYAN OĞLUNU SURİYAYA GÖNDƏRİB

Nazirlik Taleh Soltanovun arvadı və qayınanasının, eləcə də yeni doğulan övladının Suriyada qızğın döyüşlərin getdiyi bölgədə qaldığını bildirir.

Təqsirləndirilən digər şəxslərin - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun 2013-cü ildən 2014-cü ilədək Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri deyilir:

«Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. O, yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyadakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriyada qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib».

Saxlanılanlardan biri Elşən Qurbanlının isə başqaları ilə birlikdə Suriyaya gedərək Raqqa şəhərində «İraq-Şam İslam Dövləti» –İŞİD adlı qanunsuz silahlı birləşmələrə qoşularaq dini və hərbi təlimlər keçdiyi deyilir:

«Təlimlər bitdikdən sonra Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan «Xattab» ləqəbli «əmir»in rəhbərlik etdiyi «Azəri camaatı» adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra Elşən Qurbanlı və digərləri İŞİD adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqustunda İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olub, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriyaya qayıdıb».

MTN digər iştirakçıların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirir.

Saxlanılan şəxsləri 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

XS
SM
MD
LG