Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Solaxay mif yaratmaq cəhdi


Azad Yaşar
Azad Yaşar

-

Azad Yaşar yazıçı H.Herisçinin yeni romanı haqda:

Əsərdəki ən absurd məqamlardan biri də anaxronizm (zaman uyumsuzluğu) ilə bağlıdır.

Hamının öz mətnlərini artıq bilgisayar və ya mobil telefon klaviaturasında yığdığı bir dövrdə bu işi hansı əllə görməyin sən deyən bir əhəmiyyəti qalmayıb.

Əsərdəki uğurlu məqamlar: Havadan təxribat qoxusu gəlirdi. Xarici mətbuat tumanını başına çəkmişdi...

AzadlıqRadiosunun “Oxu zalı”nda yaziçi Həmid Herisçinin “Solaxay” romanının müzakirəsi davam edir. Romandan parçanı burda oxu.

Azad Yaşar

SOLAXAY MİF YARATMAQ CƏHDİ

Rusiya ərazisində fəaliyyət göstərən türk inşaat şirkətində çalışdığım illərdə bir müdirimiz vardı, ABŞ-ın nüfuzlu Kolumbiya Universitetinin məzunu idi.

İş yoldaşları arasında özü ranqda ali təhsil diplomu alan bir rəqib görmədiyindən keyfi bir azca durulan kimi Amerikadan, amerikalılardan danışar, sonra isə həmsöhbətinin düz gözlərinin içinə baxaraq, deyirdi:

«Mən – masonam».

Onun bu gözlənilməz «etiraf»ından tikintidə çalışanların əksəriyyəti xəbərdar idi və işçilər bunu öz aralarında bir lağlağı mövzusuna çevirmişdilər.

Günlərin bir günü, artıq növbəti və bilmirəm neçənci dəfə, mənə bu naqolay etirafını təkrarlayanda, özümü saxlaya bilməyib dedim:

«Ola bilər. Ancaq mənim oxuyub-eşitdiyimə görə, əsl masonlar hətta dəriləri soyulsa və dərilərinə saman təpilsə belə, əsl kimliklərini… qolay-qolay, həm də hər qarşılarına çıxana etiraf eləmirlər».

Müdir, aydın məsələdir ki, bu sözümdən möhkəmcə tutulub pörtdü və bir daha (ən azından, mənim yanımda!) standart «etirafını» dilə gətirmədi…

Dövlətlər özlərinin siyasi, iqtisadi, strateji və kəşfiyyat xarakterli sirrlərini (əlbəttə, həmin sirrin ehtiva etdiyi bilgidən, sirrdən asılı olaraq) 20, 30, 50, hətta 100 il də qorumağa məcburdurlar.

Həmid Herisçinin «Solaxay» romanındakı ayrı-ayrı məqamlarla tanışlıq zamanı nədənsə o türk müdirimiz və onun «masonluğu» vaxtaşırı yadıma düşürdü.

Geridə buraxdığımız 20-25 illik çalxantılar və keçid dövrü məlum miflərin yıxılması, dağılması və toz-duman olub, havaya yayılması ilə yadda qalıb.

O vaxtdan bəri yeni miflərin yaradılması yönündəki cəhdlər adətən puça çıxıb, elə buna görə də onları yaratmağa iddialı olanlar bir qayda olaraq, fentezi janrına müraciət ediblər, çünki uşaqlıq və yeniyetməlik dövrümüzün «Baharın on yeddi anı», «Mayor Vixr», «Nəyin bahasına olursa, olsun» (Polşa) və bu kimi filmlər, onlar üçün xarakterik gedişlər çağdaş insana haradasa «Məlikməmməd» nağılı qədər köhnə görünür.

Həmid Herisçi
Həmid Herisçi

Hətta 1964-cü ildə soydaşımız, kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi «Sehirli xalat» filmi də onlarla müqayisədə xeyli dərəcədə aktualdır, çünki hazırda «ağıllı» telefonlarda və bukriderlərdə istifadə olunan touch (taç = toxunmaya / təmasa hesablanmış) ekranlara ilk dəfə biz həmin filmdəki dərsliklərdə rast gəlmişdik.

Robert Ladlemin yaddaşını itirmiş CİA casusundan bəhs edən romanının motivləri əsasında 2002-ci ildə çəkilən «Bornun identifikasiyası» və o silsiləyə aid digər filmlər («Bornun üstünlüyü», «Bornun ultimatumu» və «Bornun təkamülü») ilə Herisçi öz romanı arasında müəyyən bağlantılar qurmaqla, həm özünü, öz keçmişini, hətta ailə (nəsil) təmsilçilərinin həyat və fəaliyyətini də mifikləşdirməyə ciddi cəhdlər göstəribdir.

Bir çox hallarda hətta öz oxucusunu buna inandırmağa da nail olubdur, çünki həqiqi faktların harada bitdiyi, uydurmanın harada başladığı bəlli olmur.

Bəlkə elə fikşn janrının başlıca şərti də məhz budur. «Romanın ilk baxışdan bəlkə də Den Braunun romanlarına bənzədiləcəyini» gözə alan Həmid qapaqdakı tanıtım yazısında oxucularına xəbərdarlıq edir ki:

«Bu, tam orijinal bir əsərdir və dünya ədəbiyyatı hələ ki bu cür mövzulara keçməyib».

Ancaq 1950-60-cı illər nəslindən olan və analitik düşüncə tərzinə malik oxucular üçün bunların heç də hamısı keçərli sayılmaya bilər, çünki onlar həmin dövrün canlı şahidləridirlər, o vaxtlar nəyin necə cərəyan etdiyini hələlik yaxşı xatırlayırlar.

Həmid isə aradan 46 il (yarıməsr!) keçəndən sonra özünü «dünyanın gərdiş mərkəzlərindən biri» elan edir, hətta onun saf-sadəlövh iddialarından belə çıxır ki, 1968-ci ilin avqustunda nəhəng SSRİ dövlətini məşğul və narahat edən cəmi 2, həm də mahiyyətcə bir-birinə tam zidd məsələ var imiş: bunlardan biri siyasi (sosialist Çexoslovakiyasına ordu yeridilməsi), digəri isə humanitar xarakterli (7 yaşlı istedadı, gələcək yazarı ölümcül xəstəliyin cəngindən qurtarmaq).

Bunlardan birincisiylə bağlı Sov.İKP arxivlərində, aşkarlıq dövrü nəşrlərində, Sovetlərin dövri mətbuatında istənilən qədər material tapılar, ikinci məsələ ilə əlaqədar isə heç bir dəlil-sübut ələ düşməz yəqin. Əks halda, Həmid bu mənbələrin siyahısını mütləq kitabın sonunda verərdi.

Tarixə ekskurs: Solaxaylar Bayramı

Britaniya Solaxaylar Klubu ilk dəfə 1992-ci il avqust ayının 13-nü "Solaxaylar günü" kimi ölkə miqyasında təntənə ilə qeyd etdi.

O vaxtdan bəri bu bayram hər il daha geniş miqyas qazandı və artıq "Beynəlxalq Solaxaylar Günü" kimi bütün dünyada bayram edilməkdədir.

Bilirəm, yazının bu yerinə çatanda: "Bu xaricilər də hər şeydən bayram düzəltməkdən başqa bir şey bacarmırlar, vallah!" deyəcəksiniz, amma onu da unutmayın ki, Yer kürəmizdə məskunlaşan əhalinin təxminən 10 faizini məhz solaxaylar təşkil edirlər.

Müxtəlif xalqlarda solaxaylara qarşı münasibət həmişə bir-birindən xeyli fərqlənib.

Məsələn, müsəlmanlar arasında əsrlər boyu sol əl, sol tərəf, ümumiyyətlə uğursuz (!) sayıldığından bu əldən və tərəfdən başqalarıyla müqayisədə daha sıx-sıx yararlananları da xeyirgətirməz, nəhs bir varlıq kimi dəyərləndiriblər.

İslam dünyasında hər işə sağ əllə, sağ ayaqla başlamaq, bir işi bitirərkən, bir məkandan çıxarkən bu işləmi sol əl və ya ayaqla icra etmək uğurlu qəbul olunub və hələ də olunur.

Qədim ink tayfalarında isə solaxaylıq – bir Tanrı vergisi qədər yüksək qiymətləndirilirmiş. Digər Şərq xalqlarının inanclarında sol əllə iş görənlər əsasən ürəyiaçıq, səxavətli adamlar hesab edilirlər.

Məsələn, Rusiyada solaxaylara həmişə kəc baxıblar, onların şeytanla, qara qüvvələrlə bir əlaqələri olduğu düşünülüb. Hətta məhkəmədə də onların şəhadətinə sən deyən etibar bəslənməyib. Bu gün slavyanların böyük qismi hesab edir ki, şeytan özü də (!) solaxaydır, insanoğlunu hər vəchlə Haqq yolundan çıxarmaqdan ötrü şeytan daim onun sol çiynində qərar tutur, elə buna görə də insan özünü xətadan-bəladan, gözdəymədən, nəzərdən, qara qüvvələrin olumsuz təsirindən qorumaq məqsədiylə vaxtaşırı özünün sol çiyni üzərindən kənara tüpürməlidir.

Eskimos tayfalarının inanclarına görə, solaxay birisi mütləq cadugərdir və onunla davranışlar zamanı ehtiyatı bircə anlığa da əldən qoymamalısan.

Qədim adət-ənənələrini bu gün də qoruyub-saxlayan Yaponiyada isə gələcək xanımının solaxay olduğunu bilmədən onunla ailə quran kişiyə bu özəllikdən xəbər tutan kimi həmin qadını sorğu-sualsız boşama haqqı tanınırdı.

Elmin daha da inkişafı, xalqların və mədəniyyətlərin daha sıx təmaslara keçməsi sayəsində sırf mövhumatla bağlı bənzər inanclar yavaş-yavaş arxivə göndərilib və çağdaş psixoloqlar etiraf etməyə məcbur olublar ki, solaxayların cinlə, şeytanla əlaqəsi əsassız bir uydurmadır, sadəcə olaraq onlarda ekstrasensor qabiliyyətlər başqalarına nisbətən daha çox inkişaf edib.

Hətta son vaxtlar yeni nəslin nümayəndələri arasında solaxayların bolluğunu ana bətnində olan uşaqların cinsinin və sağlamlığının diaqnostikası məqsədiylə istifadə olunan cihazla, ultrasəs müayinə (USM) aparatının tətbiqi və təsiri ilə bağlayanlar da tapılır.

Daha çağdaş yanaşım tərzinə görə isə tapşırılan və görülməsi lazım gələn işi insanın sağ və ya sol əliylə deyil, necə, hansı keyfiyyətdə yerinə yetirilməsiylə bağlıdır və bundan ötrü insanda aşağılıq kompleksi formalaşdırmaq, onu gözümçıxdıya salmaq, illah sağ əllə iş görməyə məcbur eləmək mənasızdır.

Psixoloji araşdırmalar da sübuta yetirir ki, sol əllə çalışan kəslər daha güclü xarakterə və güclü yaradıcılıq potensialına malik olurlar. Orijinal düşüncə tərziylə çevrədəki insanlardan bir baxmaqla seçilən bu adamlar hər şeyə yaradıcı şəkildə yanaşmağa daim üstünlük tanıyırlar. Ən fərqli elm və sənət sahələrində yüksək nailiyyətlərə imza atmış dahilər arasında solaxaylar istədiyiniz qədərdir.

Haşiyə:

Ana tərəfdən rəhmətlik babam Nəcəfqulu kişi doxsan ildən çox ömür sürdü, oxuma-yazma bilməsə də, təsəvvüf elmi (sufizm) ilə bağlı bir çox ilkin bilgiləri mən məhz ondan eşidib, öyrənmişdim.

Babam həmişə vurğulayırdı ki, sol əl və ayaq bədənin mübarək orqanları sayılmırlar, bir məkana (otağa) qədəm basarkən sağ ayaqla girmək, çıxanda isə sol ayağa üstünlük vermək məsləhətdir. Hətta ürəyə birbaşa bağlılığı olsa belə, sol əlin ən başlıca funksiyası – tualetə çıxandan sonra… yanı yumaqdır. Başqa sözlə desək, sol əl – tənbəl əldir, hər zəhmətə qatlaşan sağ əlin kölgəsində dolanan, onun çörəyinə şərik olan, haqqına yerikləyən, «ortada yeyib, qıraqda gəzən» əldir.

Əlbəttə ki, bu şərt ambidekstrlər üçün keçərli deyildir. Kitabın səhifələrində tibbi termin olan «ambidekstriya» tez-tez işlənir. O, iki ayrı latın sözündən əmələ gəlib: «ambi» (hər iki) + «dexter» (sağ). Mənası da «hər iki əldən sağ (işlək, alışılmış, çalışqan, işləməyə alışmış) əl kimi yararlanmaq» deməkdir. Bu, insanların cəmi bircə faizində anadangəlmə özəllikdir, qalanları isə (H.Herisçi də daxil) bu vərdişi sonradan qazanırlar. Ona sahib olan şəxs hər iki əlindən eyni sürətlə və effektivliklə yararlanır ki, buna səbəb də onun beyin yarımkürələrinin eyni səviyyədə inkişafıdır.

Həmid Herisçinin uşaqlıq fotosu
Həmid Herisçinin uşaqlıq fotosu

Buna baxmayaraq, ambidekstr uşaqlarda sağ və sol əllərindən yararlananlarla müqayisədə dil problemlərinə, diqqətsizlik sindromuna və hiperaktivliyə daha sıx rastlanır. Yəni, qısaca desək, Yaradan bir şeyi, özəlliyi bəndəsinə gen-bol verəndə, digərini ondan əsirgəyir ki, hər şeyə rəğmən, dünyadakı mizan-tərəzi pozulmasın.

Ya da bu, heç də belə deyildir, sadəcə insan bu faktı belə ümumiləşdirib. Axı, Tanrının məntiqi insanın məntiqiylə üst-üstə düşməyə məcbur deyil…

Həmid bu son romanı ilə bağlı etirafında yazır: «İndiyə qədər yazdığım bütün kitabları sağ əllə yazsam da, bu dəfə bundan imtina etdim, «Solaxay»ı sol əllə yazdım».

Əsər boyu aramsız təkrarlanan «sol», «sol» kəlimələrini yazarın bütün ömrü boyu solçulara, solçuluğa dərin rəğbəti ilə də izah eləmək olar, ancaq önəmli olan nə ilə, hansı tərəf ilə yazmaqla əsla bağlı deyil, necə yazmaqdır. Hamının öz mətnlərini artıq bilgisayar və ya mobil telefon klaviaturasında yığdığı bir dövrdə bu işi hansı əllə görməyin sən deyən bir əhəmiyyəti qalmayıb.

Yazıçı Həmid Herisçinin «Solaxay» romanı «Azadlıq radiosu» tərəfindən müzakirəsinə cəlb olunduğum sayca üçüncü əsərdir. Digər iki müəllifdən fərqli olaraq (hər halda xətirlərinə dəyməz), bu dəfə yetkin yazı üslubu və intellektual yönü güclü bir yazarla, çoxqatlı struktura malik nəsr əsəriylə üz-üzəyəm.

Həmidlə mən 2000-ci illərin əvvəllərində yaradılan Azad Yazarlar Ocağının dörd qurucusundan ikisi olmuşuq.

Onunla ilyarım «Space TV»-nin «Gecə kanalı» proqramında redaktor kimi çiyin-çiyinə işləmişik. O dövrdə hər gün iş şəraitində görüşdüyümüz üçün yeni yazılarımızı, ədəbiyyat, sənət, tarix və dünyanın gedişatıyla bağlı fikirlərimizi paylaşmaq, intellektual mübahisələr aparmaq üçün yetərincə vaxtımız olub və bütün bunlar sayəsində bir-birimizi yaxşıca tanımışıq. (Ardı aşağıda)

Sonrakı on il ərzində Həmidlə üst-üstə uzaqbaşı 10 kərə görüşmüşük, buna rəğmən, o köhnə və sınanmış dostluğumuz hələ də dünən ayrılıbmışıq kimi öz sıcaqlığını qoruyur.

Haşiyə:

Bir dəfə gözəl şairimiz, AYO-nun qurucularından olan Murad Köhnəqala ilə telefon söhbəti zamanı Həmiddən söz düşəndə zarafatla dedim ki:

«Həmid bir ara konspiroloq (eyni adda kitabı var) idi, sonradan bu sözdəki «kons»u atdı, oldu piroloq (ANS telekanalındakı «Gizli Azərbaycan» verilişində ölkəmizdəki pirlərin kəraməti haqda tanıtımlarını nəzərdə tuturdum).

Həmidin bu cür vaxtaşırı mübarizə konsepsiyalarını və üsullarını dəyişməsi, postmodernizmi gah Azərbaycana gətirməsi, qəflətən onu vaxtı keçmiş, köhnəlmiş cərəyan elan eləməsi və hətta həmin dövrü öz «fərmanıyla» qapatması, «AYO-nun postmodernizmdə çox ilişib qaldığını» iddia eləməsi və sair, əlbəttə ki, ədəbi mühitdə, ən çox da AYO-ya müxalif çevrələrdə birmənalı qarşılanmayıb, adətən çaşdırıcı təsir doğurub.

Həmidin qismən qəhrəmanlığa (Çe Gevaraçılığa), permanent inqilabçılığa (Trotskiçiliyə), qismən filosofluğa (Nitsşeçiliyə, Derridaçılığa), qismən nihilizmə (Şimali Azərbaycanın Güneylə müqayisədə geridəqalmışlığına), qismən dinə (çünki pirlərin təbliği - aşkar dini inanca söykənməlidir) və sairə və ilaxıra meyl eləməsi ondakı enerjinin, istedadın, əqli potensialın, fantaziyanın gücündən xəbər verir.

Bütün hallarda Həmid də - AYO-nun Azərbaycan mədəniyyətinə bəxş etdiyi digər təkrarsız, universal, yenilikçi, yaradıcı və ilk baxışda ziddiyyətli şəxslər qədər - içində yetişdiyi toplum üçün maraqlı insandır, çünki mistik ölkələrdə bu cür insanların nəinki yetişməsi, sadəcə varlığı istər-istəməz toplumdakı ümumi ab-havaya müəyyən rəng qatır, həyatın axarını yeknəsəqlikdən qurtarır.

«Solaxay»dakı bir çox məqamlarla (atası, əmisi, Moskvada tibb institutunda müalicə alması, Berlinə səfərləri və sairlə) bağlı xatirələrini Həmid hələ telekanalda işlədiyimiz vaxtlarda mənə danışmışdı və hələ onda fərqindəydim ki, gec-tez bütün bunlar maraqlı bir kitab şəklində oxucuların ixtiyarına veriləcək.

Həmidin əvvəlki nəsr əsərlərindən fərqli olaraq, «Solaxay» sanki daha rahat oxunur, bəlkə də bunun səbəbi – adi oxucuda maraq doğuracaq çoxsaylı intriqaların əsərdə gen-bol olmasıdır. Həmid hər zamankı kimi, oxucusunu ən müxtəlif məsələlər baxımından maarifləndirməyə çalışır, görünən və ya bilinən olayların arxasındakı gizli mahiyyətləri gün işığına çıxarmağa çalışır, sirrləri bir növ faş eləyir.

Əsərdəki uğurlu məqamlar

Moskvalı telejurnalist Stanislav Rassadinin Küveytin xarici işlər nazirindən aldığı müsahibənin üç gün sonra, həm də Sovet Ordusunun Əfqanıstana girdiyi gün efirə verilməsi, nazirin Kremlin müsəlman aləmində yeritdiyi siyasəti ağızdolusu tərifləməsi həm yerinə düşən siyasi gediş, həm də yazarın uğurlu tapıntısıdır.

Boğazım lap quruyub. Ağzım palçıq dadı verir

Kreml həmişə saray estetikası ilə idarə olunub (təlxəklər və münəccimlər nəzərdə tutulur)

Gecənin xain vaxtı

Əsl sirr aşkarda, zahirdə gizlədiləndir

Sözbaz adama oxşamır. Dodaqları yoxdur sanki.

Bir dəfə basdırılan xəzinə day yerini dəyişməz (M.Ə.Rəsulzadənin məşhur «Bir kərə yüksələn bayraq bir daha enməz» devizinin postmodern versiyasıdır). «Pul axar, seyfini tapar» cümləsi də oxşar üslubdadır.

Havadan təxribat qoxusu gəlirdi.

Qapıların qulaqcırmaqlayan cırıltısı.

Ağzındakı paslı kilid açıldı.

Siqaretin acı tüstüsü gözlərimi yeyirdi.

Mən heç kimlə ciddi danışmıram. Mən ancaq ciddi susuram.

Saatın narahat kəfkiri

Xarici mətbuat tumanını başına çəkmişdi.

Əsərə yaraşdırmadığım məqamlar

Cavan xanım Olqa Baskinanın hər hansı maneə tanımadan Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun qəbuluna düşməsi və orada ətrafa cilvələr saçaraq, vaxtilə çar Rusiyasının Beytül-müqəddəsdə saldığı bağlarda bitən ləziz portağalları 5-6 il boyu Moskvaya göndərməsinə qarşılıq SSRİ rəhbərinin həmin əraziləri yəhudilərə qaytarmaq təklifinə razılıq verdiyi bölümü oxuyanda yadıma İran ədəbiyyatının klassiki Hafiz Şirazinin aşağıdakı məşhur misraları düşdü:

Satdı gülzari-behişti iki buğdayə babam,

Satmasam naxələfəm mən onu bir arpayə.

(Farscadan tərcümə – Mirzə Ələkbər Sabirindir)

Bu fakt hər nə qədər absurd, alınan tarixi qərar «təsadüfi» xarakter daşısa da, bir şeyə şübhə bəsləmirsən: Fələstin torpaqlarını 3-5 anbar portağala görə İsrailə «verən» Xruşşov bir mənada sonradan xələfi olacaq M.Qorbaçovun elə mənəvi atasıdır ki var, çünki o da xanımı Raisaya peşkəş edilən hansısa brilyant üzük qarşılığında Dağlıq Qarabağın ermənilərə aid olduğu «fikrini» həqiqət kimi ölkə ictimaiyyətinə sırımışdı.

Mirzə İbrahimov
Mirzə İbrahimov

Əsərdəki ən absurd məqamlardan biri də anaxronizm (zaman uyumsuzluğu) ilə bağlıdır: müəllifin atası yerindəki və yaşıdıymış kimi sadəcə adıyla çağırdığı xalq yazıçısı Mirzə İbrahimov Həmidə tapşırır ki, gecə facebook-dakı profilində vacib bir suala cavab axtarsın. Halbuki M.İbrahimov 1993-cü ilin sonlarında dünyasını dəyişib, facebook isə Mark Çukerberq tərəfindən 04.02.2004-cü ildə təsis edilib.

Bütün şüurlu həyatını Kommunist Partiyasının sadiq əsgəri kimi yaşamış xalq yazıçısı ölümündən 11 il sonra (!) meydana çıxacaq virtual sistem barədə əcəb «öncəgörənlik» edibmiş amma…

Maştağalı Hacı (?!) Mirzakirin nəşə çəkməsi və həyətində çətənə kolları əkməsi oxucuya absurd görünür.

Mətndə sıx işlənən bəzi söz və terminlərin yanlış yazılması sürətli oxu prosesinə maneə törədir. Gələcək nəşrlərdə ortadan qaldırılması məqsədiylə onlardan bəzilərini burada sadalamağa gərək duyuram:

pilləka(ə)n, po(a)lindrom, krant (t hərfi artıqdır), dikta(o)fon, instit (institut), XX-ci qurultay (Ərəb rəqəmlərinin Roma rəqəmlərindən başlıca fərqi məhz sıra şəkilçisiz yazılmalarıdır), Krasna(o)vodsk, Ku(ü)veyt, ded(t)ektiv, sente(i)mental, tarazılıq (tarazlıq), ha(o)rmon, Zorq(g)e, Britan(i)ya, X(H)onekker, fato (foto), Çörçil(l), Leon Feytxvanqer (Lion Feyxtvanger), Vora(o)şilov, hövalnak (hövlnak), ka(o)styum, məcara (macəra), fotomakina (dilimizdə belə söz yerli-dibli yoxdur, fotoaparat və fotokamera var, «makina» sözü isə sadəcə «yazı makinası» və «çap makinası» ifadələrində qalıb), təəcüb (nədənsə bir «c» hər yerdə düşüb), eyni mənzərə ilə tuşlaşmaq (bəlkə «rastlaşmaq»), konspe(i)rativ, əhvə(a)lat, k(g)ömrük, «Ra(o)dopi» siqareti, Kisse(i)ncer, maqnita(o)fon, Özbəkistanın baş (birinci - olmalıdır) katibi Rəşidov, Çexosla(o)vakiya, Pona(o)maryov, ko(a)rdiologiya, mütəhhimlər (müttəhimlər), «DEFO» kinostudiyası («DEFA» olmalıydı) və sair.

Həmid dilimizə kifayət qədər gözəl bələd olduğunu yaxşı bildiyimdən aşağıdakı yanlış ifadələri və köntöy cümlələri ona heç cür yaraşdırmıram:

Dayımın iti gözləri sifətimə sancılıb oradan qopmaq (?!) istəmədi.

Yazılı şəkildə müraciət edimmi sənə, yoxsa şifahi? (birinci qismdəki -mi şəkilçisi yersizdir)

Dayanmır, fasilə vermir özünə (?!)

İkinizdən birinizi seçməliydik («birini» daha lakonik səslənərdi)

Atamın sol qaşı (?!) təəccüblənib azca yuxarı dartınır («təəccübdən» deyilsəydi, daha uyğun olardı)

Çətin olsa da, bir an azca (?) gülümsəməyi bacardım – Yəqin ki müəllif: «Çətin olsa da, candərdi gülümsəməyə çalışdım» demək istəyib.

Dayım əl atıb boğazımı qucaqladı («boğazımı qucaqladı» daha uyğundur, ya da «Dayım boynuma sarıldı»)

Sağ-sol beyin kürələri («yarımkürələri» olmalıydı – səh.349)

«əmin olunca» feilindən əvvəlki isimlər hər yerdə nədənsə yönlük haldadır, halbuki çıxışlıq halda olmalıdır: Nina yatdığıma (yatdığımdan) əmin olunca…

Yenə təzədən…

Mülayim səslə Minaya ünvanlandım (bu feil «üz tutdum, müraciət elədim» mənasını vermir)

Söhbətin (?) nəyə işarə vurduğunu havadaca qapan dayım… mövzunu özü davam etdi (?). – Olmalıydı: Nəyə işarə etdiyimi havadaca qapan dayım… mövzunu özü davam etdirdi.

Sözləri daxilimdə özümə (?) pıçıldayıb… (daxili nitqi başqasına da pıçıldamaq olar ki!)

Sonra bütün bədənimi sıxdı sinəsinə… (nə baş verdiyi anlaşılmır, sanki bunu danışan şəxs yumaq boyda imiş)

(ona) İcazə verdim son göz yaşlarına qədər (?!) ağlasın.

- Kim? – sualımı dodaqlarımdan qaçırdım (qısa bir cümlədə mənsubiyyət şəkilçilərinin ard-arda işlənməsi bezdiricidir, həm də «ağzımdan qaçırdım» daha doğru olardı)

- Dayı, sən bilərsən, Nikolay vaxtlarında Bakı şəhər bankı harda olub? – Nə bilim. Öncəgörmələr sənin peşəndi. (Buradakı «öncəgörmələr» sözü yanlış işlənib, çünki söhbətin getdiyi vaxt çar Nikolay gələcəkdə, öndə deyilmiş, keçmişdə, geridə qalıbmış, yəni tarixə qovuşubmuş. Bəlkə «gerigörmə», «keçmişəbaxma» (retrospektiva) termini daha doğru olardı).

Yekun rəy yerinə

Qələm dostum romanın bir yerində yazır: «Burda nə varsa, təcrübəvidi, kütləvi deyil». Lakin Həmid Herisçinin romanı təcrübəvi olduğu qədər də, kütləvidir, yəni kütlənin marağını qazanmağa hesablanıb, bu isə təbiidir. Ona görə də yuxarıda açıqlanan və bir dost səmimiyyətiylə açıqlanan nöqsanlardan «Solaxay» romanının xali olması məqsədəuyğundur.

XS
SM
MD
LG