Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

«Heydər Əliyev Nobel Sülh Mükafatını Azərbaycana gətirə bilərdi»


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

Əkrəm Əylisli Nobel Sülh Mükafatı barədə fikirlərini AzadlıqRadiosuna açıqlayıb. Yazılı açıqlamada deyilir:

Əvvəla, məmləkətimizin kütləvi informasiya şəbəkəsində Nobel Mükafatı mövzusu ətrafında gedən söz-söhbətə mən də öz tərəfimdən bir qədər aydınlıq gətirmək istəyirəm və bəri başdan deməyi lazım bilirəm ki, bu mükafata kiminsə namizəd göstərilməsi ölkələr, dövlətlər, rəsmi və yaxud qeyri-rəsmi təşkilatlar tərəfindən icra edilmir.

Bu məsələ yalnız və yalnız ayrı-ayrı müstəqil ekspertlərin vahid qrup halında Nobel Komitəsinə müraciəti əsasında həyata keçirilir.

Dəqiqliyinə zəmanət vermirəm, ancaq mənim bildiyimə görə, bu müraciət azı 10 nəfər ekspert tərəfindən imzalanmalıdır və bu adamların hər biri ən azı professor dərəcəsində elmi-pedaqoji statusa malik olmalıdır.

«Bunu ermənilər təşkil elədi» və yaxud «burada yəhudi barmağı var» deyənlər, sadəcə, hər şeyə qulp qoymağa adətkərdə olan savadsız, məlumatsız, qeybətcil və şayiəbaz adamlardır.

«BİRİNCİLİK QAZANMAĞIM... XALİS MÖCÜZƏ OLARDI»

Mükafatın kimə verilməsini, söz yox ki, Nobel Komitəsinin özü müəyyənləşdirir. Ancaq ekspert qrupuna daxil olan şəxslərin ictimai avtoriteti və elmi sanbalı da bu işdə əsaslı rol oynayır.

Mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürən 13 nəfərdən ibarət ekspert qrupunun tərkibinə, əsasən, ABŞ, İngiltərə və Rusiyanın elm və sənət adamları daxil idi. Bunların bir qisminin İsveç Kral Akademiyasında da tanınan simalar olduğunu güman etdiyimə görə, mən özümü bu mükafata az-çox şanslı sayırdım. Builki sülh mükafatına daha kimlərin namizəd göstərildiyini biləndən sonra, açığını deyim ki, bu şansın məndən ötrü çox minimal şans olduğunu başa düşdüm. Roma Papası, BMT-nin baş katibi, Almaniya kansleri və daha kimlər və kimlər...

Bu favorit namizədlərin arasında mənim birincilik qazanmağım, əlbəttə, xalis möcüzə olardı və bu möcüzə, bildiyimiz kimi, baş vermədi. Mən bu fikrimdə hələ də israrlıyam ki, belə bir sanballı-avtoritetli mükafata namizəd göstərilmək elə özü-özlüyündə də xırda məsələ deyildi.

Mənim keşməkeşli taleyimin bu da belə bir fəsli, mövsümü idi. Mövsüm keçdi, fəsil arxada qaldı, amma həyat davam edir. İndi məni düşündürən budur ki, görəsən, başqa bir mötəbər ekspert qrupu bizlərdən kiminsə bu mükafata təqdim edilməsinə yaxın gələcəkdə imza atacaqmı?

«NOBEL SÜLH MÜKAFATI... AZƏRBAYCANA GƏLƏ BİLƏRDİ»

Görəsən, Nobel Mükafatı Azərbaycana haçan gələcək və ümumiyyətlə, gələcəkmi?

Heydər Əliyevin portreti
Heydər Əliyevin portreti

Ədəbiyyat və elmimizin indiki səviyyəsi bu barədə nikbin düşünməyə, təəssüf ki, heç bir əsas vermir.

Ancaq burası da var ki, Nobel Sülh Mükafatı hələ ötən əsrin 90-cı illərində Azərbaycana gələ bilərdi. Onu Dağlıq Qarabağda gedən döyüşlərin ən təhlükəli mərhələsində atəşkəsə qərar verib, bu qərarı həyata keçirməyi bacaran Heydər Əliyev Azərbaycana gətirə bilərdi.

Bu məsələ indi, uzaqdan-uzağa, bizə asan görünür. Əslində isə bu qərarı qəbul etmək və onu həyata keçirmək o zaman dövlət başçısından böyük siyasi iradə, risk, cəsarət, fenomenal təşkilati səriştə tələb edirdi. Bu, həm də Nobel Sülh Mükafatının ənənəvi prinsiplərinə hər bir cəhətdən uyğun gəlirdi.

«MƏN İLK DƏFƏ VƏ TAM MƏSULİYYƏTLƏ BƏYAN EDİRƏM Kİ...»

Nobel Mükafatını Azərbaycana gətirə biləcək bu yeganə real namizəd o vaxt nədənsə gündəmə gəlmədi. Ancaq gündəm dəyişsə də, məncə, bu şans hələ ki, qalır. Ona görə qalır ki, atəşkəsin məntiqi davamı böyük sülh sazişidir. Və bu gün mən ilk dəfə və tam məsuliyyətlə bəyan edirəm ki, əgər ölkəmizin indiki prezidenti cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında belə bir sazişin imzalanmasına nail olub, iki qonşu xalq arasında normal münasibətlərin bərpa edilməsinə rəvac verərsə, o zaman Nobel Sülh Mükafatının Azərbaycana gəlməsi həqiqətən labüd və qaçılmaz olacaq.

P.S.: Mənim idealist olduğumu çoxdan iddia eləyənlər özlərinin bu iddiasını bir daha təsdiq etməyə tələsməsinlər. İstərdim bu adamlar bilsinlər ki, mən idealist olduğum qədər də realistəm.

XS
SM
MD
LG