Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:44

Fuad Ələsgərov: «Azərbaycan Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır»


Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

-

«Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır». Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov belə deyib. O bu fikri «İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu» mövzusunda beynəlxalq konfransda səsləndirib:

«Şübhə etmirəm ki, bu konfrans əlavə tədbirlərin müəyyən edilməsində vacib rol oynayacaq».

Fuad Ələsgərov tədbirdə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın prioritetlərini sadalayıb: «Korrupsiya sahəsində əməkdaşlıq vasitəsilә qanunun aliliyinin genişlәndirilmәsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirmə.

Bugünkü konfrans Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq, dövlətimizin Avropa Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir».

Fuad Ələsgərov deyib ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir. Onun sözlərinə görə, Konvensiya üzv dövlətlərdən pozuntuların qarşısının alınması üçün səmərəli tədbirlərin görülməsini tələb edir. Bu tədbirlər məhkəməyə verilən şikayətlərin azaldılmasına və nəticədə işinin azalmasına gətirib çıxara bilər.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu yöndə atdığı addımlardan da danışıb:

«Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda qanunvericilik təkmilləşdirilir, hakimlər üçün təlimlər keçirilir, məhkəmə infrastrukturu təkmilləşdirilir. İnsan hüquq və azadlıqlarının təmin edilməsinə əsas rol məhkəmələrə məxsusdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə işlərinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Məhkəmə Hüquq Şurası, Ədliyyə Akademiyası yaradılıb. Azərbaycanda hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurlar ən yaxşı təcrübələrdən biri kimi qəbul edilib».

Fuad Ələsgərovun sözlərinə görə, bugün Azərbaycanda hakimlər korpusunun 60 faizini şəffaf prosedurla qəbul olunan hakimlər təşkil edir.

«ƏN ÇOX ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU POZULUR»

«Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, 2002-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan ünvanlanan işlərə baxır. 2002-ci ildən 2014-cü ilin oktyabrın əvvəlinədək Azərbaycan üzrə baxılan işlərdən cəmi 85-də İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının pozulması müəyyən edilib».

Ali Məhkəmənin sədri Ramiz Rzayev
Ali Məhkəmənin sədri Ramiz Rzayev

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin təşkilatçılığı ilə Avropa İnsan Haqları Konvensiyasının tətbiqinə dair tədbirdə söyləyib. Onun sözlərinə görə, elə ölkələr var ki, orda bir il ərzində 200, 300 belə pozuntudan söhbət gedir.

Ali Məhkəmənin sədri bildirib ki, 12 ildə 85 iş üzrə Konvensiyanın pozulması faktı yüksək rəqəm deyil. Ramiz Rzayevin sözlərinə görə, Azərbaycan bu yöndə işlər aparır, seminarlar keçirir:

«Pozuntu hallarına yol verilən işləri təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır. Məhkəmə sonuncu instansiya olduğu üçün bütün icra qurumlarının yol verdiyi halların qarşısını gərək məhkəmə alsın. Nəticədə nöqsanı məhkəmə qərarında tuturlar. İkinci pozuntu Konvensiyanın Əlavə Protokolunun birinci maddəsi - mülkiyyət hüququ ilə bağlıdır. Əsasən pozuntu bu iki halla bağlıdır».

XS
SM
MD
LG