Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:06

İŞİD lideri al-Baghdadi barədə ziddiyyətli xəbərlər yayılıb


İD-in lideri Abu Bakr al-Baghdadi
İD-in lideri Abu Bakr al-Baghdadi

-

Birləşmiş Ştatların rəhbərliyi altında beynəlxalq koalisiyanın İraqda islamçı yaraqlıların maşın karvanına ağır hava zərbələri endirməsindən sonra İslam Dövləti təşkilatının lideri, özünü xəlifə elan etmiş Abu Bakr al-Baghdadi-nin taleyi haqqında müxtəlif və ziddiyyətli məlumatlar alınır.

Lakin artıq təsdiq olunmuş xəvbrələr də var. Britaniyada çıxan “The Daily Telegraph” yazır ki, hava zərbələri nəticəsində al-Baghdadi-nin yaxın köməkçisi həlak olub, onun özü isə ağır yaralanıb.

Ləğəbi Abu Suja olan Auf Abdulrahman Elefery cümə gecəsi Mosul yaxınlığındakı İD maşın karvanına koalisiyanın hava zərbələri endirdiyi vaxt aldığı yaralardan ölüb.

Baghdadi-nin özü haqqında isə dəqiq məlumat yoxdur. Sosial şəbəkələrdə onun sözü gedən maşın karvanında olmadığı və ya əksinə, orada olduğu və hətta öldürüldüyü barədə postlar yer alır.

“Mən qətiyyətlə təsdiq edə bilərəm ki, Baghdadi öldürülüb – deyib Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nicholas Houghton, - Daha dəqiq təsdiq üçün yəqin ki, bir neçə gün lazım gələcək”.

Abu Suja – xəlifənin kölgəsi

İraqın təhlükəsizlik strateqlərindən Hisham al-Hashimi “The Daily Telegraph” qəzetinə bildirib ki, Baghdadi-nin yaxın silahdaşı Abu Suja öldürülüb.

Onun sözlərinə görə, ABŞ-ın hava zərbələri nəticəsində İD-in on hərbi maşını məhv edilib.

Hisham al-Hasimi deyib ki, Abu Suja və Baghdadi çox nadir hallarda ayrı olurlar və çox güman, bu raket zərbələri zamanı da bir yerdə olublar.

Bununla belə, cənab Hashimi yalnız Abu Suja-nın ölümünü təsdiq edib. O deyib ki, Abu Suja-nın Mosuldakı qohumları ilə telefonla danışıb və onlar onun öldürüldüyünü təsdiq ediblər.

Bəzi ərəb mediaları Baghdadi-nin ağır yaralandığını xəbər verirlər.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Patrick Ryder bildirib ki, “Mosul yaxınlığında İD liderlərinin keçirdikləri toplantıya” bir neçə raket zərbəsi endirilib.

Bununla belə, sözçü Baghdadi-nin öldürüldüyü barədə xəbərləri təsdiq edə bilməyib. O ümumilikdə raket zərbələri nəticəsində 20-dək İD nümayəndəsinin məhv edildiyini deyib, lakin onların vəzifələri barədə açıqlama verməyib.

Cənab Hashimi deyib ki, Abu Suja İD rəhbərləri arasında ən yüksək vəzifəlilərdən biri idi.

“Şəhidlər və qadınlar üzrə əlaqələndirici”

Strateqin fikrincə İD rəhbərlərinin belə bir maşın karvanı ilə toplantıya getmələri nə isə fövqəladə bir hadisənin baş verdiyinin əlamətidir.

Hashimi-nin fikrincə bu, toplantının çox mühüm məsələyə həsr olunduğundan xəbər verir.

“The Daily Telegraph” yazır ki, Hisham al-Hashimi İD-in vəzifə şəcərəsi üzərində işləmiş təhlilçilərdən biridir və o bildirib ki, Tel Afar şəhərindən olan Abu Suja İD-də “şəhidlər və qadınlar üzrə baş əlaqələndirici” imiş.

Təhlilçi qeyd edir ki, xələfi Abu Musab al-Zarqawi-dən fərqli olaraq Baghdadi hərbi mağazalardan tutmuş yolkənarı bombaların partladılmasınadək bütün sahələri öz müavinlərinə tapşırıb.

“İslam xilafəti”nin paytaxtı elan edilmiş Suriya şəhəri Raqqadakı mənbələr mətbuata deyiblər ki, Baghdadi öldürülübsə, bu xəbər onun postu başqa birisi tərəfindən tutulmayınca gizli saxlanacaq.

“Gözəgörünməz şeyx” haradadır?

Qərb təhlilçiləri yazırlar ki, “gözəgörünməz şeyx” ayaması ilə tanınan “xəlifə” Baghdadi öldürülübsə, bu, ABŞ prezidenti Barack Obama üçün çox şad xəbər olacaq.

Prezident müttəfiqləri tərəfindən İD-ə qarşı hava zərbələrinin səmərəsizliyinə görə tənqid edilir.

Vaşinqton Abu Bakr Baghdadi-nin başına 10 milyon dollar mükafat qoyub və o, indi əl-Qaeda lideri Ayman al-Zawahiri-dən daha qüdrətli hesab edilir.

“The Guardian” qəzeti də yazır ki, Abu Suja-nın hava zərbələrinə tuş gəlmiş karvanda olması Baghdadi-nin də orada olması ehtimalını artırır.

Bununla belə, İD-in kommunikasiya qruplarının müşahidəsi al-Baghdadi-nin öldürüldüyünü göstərən əlamət aşkar etməyib.

İraq kəşfiyyatı bildirir ki, Baghdadi-nin öldürüldüyü barədə heç bir məlumata malik deyil və vaxt keçdikcə belə bir məlumatın alınacağı ehtimalı azalır.

“The Guardian” yazır ki, cihadçı internet forumlarında “nisbi sakitlikdir”. Qəzet bildirir ki, Baghdadi-nin ölümü kimi xəbəri hətta ən güclü İD senzurası şəraitində də gizli saxlamaq mümkün olmazdı.

Baghdadi yaralanıb?

Bu arada İraqlın hərbi rəsmilərindən biri Sky News agentliyinə bildirib ki, İraq kəşfiyyatına al-Baghdadi-nin yaralandığı barədə məlumatlar daxil olub.

Adının çəkilməsini istəməyən rəsmi Baghdadi-nin nə dərəcədə yaralı olduğu barədə məlumat verməyib.

İraqın müdafiə naziri Khaled al-Abadi bazar günü özünün Facebook hesabında yazıb ki, Abu Bakr al-Baghdadi ötən cümə Amerikanın Mosul yaxınlığındakı raket zərbələri zamanı yaralanıb.

Eyni zamanda İD-in sözçülərindən olduğu düşünülən Abu Muhammad Al-Adnani tvitter hesabından “xəlifə”nin yaralandığını təsdiq edib.

“Siz yəqin belə düşünürsünüz ki, xəlifənin şəhidliyi ilə Xilafətə son qoyulub. İslam millətini əmin edirəm ki, əmir Abu Bakr al-Baghdadi, Allaha şükr yaxşıdır və biz ona tez bir zamanda sağalmasını arzu edirik” – yazıb Adnani.

Mosul şəhərindəki morqun işçiləri bildiriblər ki, ABŞ-ın hava zərbələrinin dərhal ardınca ora 50-dək cihadçının meyiti gətirilib.

Obama hücuma keçir

Bazar günü Barack Obama İraqa əlavə olaraq 1500 əsgərin göndərilməsi barədə qərarını bir daha müdafiə edib.

Prezident deyib ki, o, bu addımı ilə İD-ə qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə - hücum mərhələsinə daxil olduğunu göstərib.

CBS-ə müsahibəsində prezident deyib ki, hava zərbələrinin səmərəsi artıb və indi növbə İraq hökumətinin quru qoşunlarınıdır.

Suriyanın Kobani şəhəri uğrunda gedən döyüşlərdə indiyədək əksəriyyəti cihadçılar olmaqla 1000 nəfər həlak olub.

Amerika koalisiyasının havadan dəstəyinə baxmayaraq Kobanidəki kürd döyüşçülər İD-i hələ də şəhərin həndəvərindən çıxara bilməyiblər.

İraq rəsmiləri bildirirlər ki, şənbə günü İraq qoşunları tərəfindən Suriya ilə sərhəddə yerləşən əl-Qaim şəhərində aparılan döyüşlərdə İD-in iki vəzifəli rəhbəri öldürülüb.

Bunlar İD-in Anbar əyaləti üzrə başçısı Adnan Latif al-Suweidi və təşkilatın Fərat vadisindəki nümayəndəsi Bashar al-Muhandi-dir.

XS
SM
MD
LG