Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

İlham Əliyev: «Minimum 45 milyard dollar sərmayə qoyulmalıdır»


Azərbaycan prezidenti İ.Əliyev və Macarıstanın baş naziri Viktor Orban. Macarıstan.2014-cü il
Azərbaycan prezidenti İ.Əliyev və Macarıstanın baş naziri Viktor Orban. Macarıstan.2014-cü il

-

Macarıstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban noyabrın 11-də mətbuata birgə bəyanatlarla çıxış ediblər.

“VACİBDİR Kİ, AZƏRBAYCAN QAZI AVROPAYA NƏQL EDİLSİN”

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, ölkə üçün prioritet enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdır.

“Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik.

45 MİLYARD DOLLAR SƏRMAYƏNİN BÖYÜK HİSSƏSİNİ AZƏRBAYCAN ÜZƏRİNƏ GÖTÜRÜB

Azərbaycan prezidenti İlham Əliyev isə bəyanatında deyib ki, “Cənub” qaz dəhlizi ilə bağlı Azərbaycanın konkret iş qrafiki var.

“Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb. “Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir”.

TƏLƏBƏLƏR ÜÇÜN 200 TƏQAÜD AYRILIB

“Əlbəttə, enerji məsələləri çox vacibdir. Ancaq humanitar sahə də çox böyük önəm daşıyır. Fürsətdən istifadə edərək, cənab baş nazir, sizə minnətdaram ki, azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırmısınız. Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcəkdir. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir. Eyni zamanda, azərbaycanlı tələbələr Macarıstanda oxuyarkən sizin qədim tarixinizi daha da dərindən biləcəklər. Onlar bir növ Macarıstanın və Azərbaycanın səfirləri olacaqlar və öz gələcəklərini bundan sonra Macarıstanla bağlayacaqlar. Bu da insanlar arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər - turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək.

XS
SM
MD
LG