Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

Babəkin türk olub-olmaması üstündə mübahisə etdilər


Guntay Genalp
Guntay Genalp

-

"Güntay Gəncalp:

- Mənə görə Babək bir qəhrəmandır, türk deyil, Abbasi imperatorluğunun təcüvüzünə qarşı mübarizə aparırdı.

Ceyhun Bayramov:

- Babəkin ölüm anında gülərək Anadolu türkcəsində “asan ya” (asan imiş ki) ifadəsini işlətdiyi deyilir".

İslam ordusuna qarşı döyüşdüyü üçün ateist sovet dövlətinin məqsədli şəkildə qabartdığı tarixi şəxsiyyət, yoxsa uzun əsrlər mollaların yalnız kafir kimi xatırlanmasına imkan verdiyi əsl milli qəhrəman?
Kimdir Babək?

Babək haqda kitab müəllifi, tarixçi Ceyhun Bayramov, din tarixçisi Enur Nəsirli və Finlandiyada yaşayan azərbaycanlı tarixçi Güntay Gəncalp AzadlıqRadiosunun «Pen klub» proqramında bu suala cavab axtarırlar.

Səadət Akifqızı

Səadət Akifqızı
Səadət Akifqızı

- Ceyhun bəy, belə bir fikir də var ki, Babəki sovet ideoloji maşını şişirdib, buna münasibətiniz necədir?

Ceyhun Bayramov

- Bilirsiniz, tarixə ağ-qara yanaşma olmamalıdır. Bizim bu günkü həyatımız nə qədər rəngarəngdirsə, sabah o, tarixə çevriləcək və eyni dərəcədə rəngarəng qalacaq.

Doğrudur ki, kommunist ideologiyası özünü təsdiqləmək üçün tarixi şəxsiyyətlər və təlimlərdən istifadə edirdi.

Buna uyğun olaraq Azərbaycanın müəyyən xalq qəhrəmanlarından, həmçinin Babəkdən istifadə cəhdləri olub. Sovet dövründə Babəki anti-islamçı, bəzən ateist, bəzən atəşpərəst, bəzən xalq kütlələrinin başçısı kimi təqdim edirdilər. Əsl həqiqət isə hansısa ictimai quruluşun maraqlarından çox-çox dərindədir.

Səadət Akifqızı

- Ceyhun bəy, siz öz kitabınızda Babək haqqında məlumatları təhrif edilmiş tarix adlandırıbsınız. Babəklə bağlı verilən məlumatlar arasında nələr təhrif olunub?

Ceyhun B.

- Çox şeylər təhrif olunub. Babək haqqında tarixi mənbələrin çoxu xürrəmilərin əleyhinə olan Abbasi xəlifələrinin yazdırdığı tarix kitablarıdır. O mənbələr Babəki kafir, zındıq olaraq təqdim edir.

Bir çox hallarda xürrəmilər Abbasi xəlifələrinə qarşı çıxış etmiş başıpozuq kütlə kimi göstərilir, onların arasından əsl Babəkin kimliyini tapıb göstərmək çətindir. Bundan əlavə o zaman bölgədə baş verənləri araşdırmaq üçün Bizans mənbələrinə müraciət etməliyik.

Səadət A.

- Babəkin daha çox zərdüştilik dininə mənsub olduğu haqda fikirlər var. Hər-halda onun İslamı qəbul etdiyini demək olmaz.

Ceyhun B.

Ceyhun Bayramov
Ceyhun Bayramov

- Ərəblərin Azərbaycanı işğal etməsindən Babək hərəkatının başlanğıcına qədər təqribən iki əsr vaxt keçib. Demək olmaz ki, bu keçən dövr ərzində xalqın dəstəklədiyi bir zərdüşti hərəkatı baş versin. Məhəmməd ibn Şəhistani yazır ki, Babək imamın qeyb olan ruhunun yenidən qayıdacağına inanırdı. Bu on iki imamçı düşüncəydi.

İstəxri yazırdı ki, Babəkin yaşadığı keçilməz dağların arasında, onun doğma kəndində məscid vardı və onlar quran oxuyurdular. Yaqut əl Həməvi yazırdı ki, Xürrəmilər İmam Mehdinin zühurunu gözləyirdilər. Bu halda Babəkin atəşpərəst olmasını demək mənimçün çox gülüncdür.

Səadət A.

- İndi telefon xəttində araşdırmaçı Güntay Gəncalpdır. Güntay bəy, siz necə düşünürsünüz Babək haqda indiyə qədər deyilənlər təhrifdir, yoxsa həqiqətdir?

Güntay Gəncalp

- Ceyhun bəyin söylədiyi imam Mehdi məsələsi tamam yanlışdır, çünki o zaman hələ şiəliyin səkkizinci imamı Rza hələ həyatdaydı. Mənə görə yanlış bilgilər hər zaman sıxıntı yaradar, doğru bilgilər inkişafın önünü açar. Babəklə bağlı mövcud fikirlərin çoxu yanlışdır. Babəkin etnik kimliyindən asılı olmayaraq onun böyük bir lider və savaşçı olmasını qəbul etməliyik.

Onun müsəlman olub-olmamasının bir önəmi yoxdur. Həzrəti Hüseynin şəhid edilməsindən sonra İslam dini böyük aşınmaya uğramışdı, Abbasilər müsəlman dövləti deyildi, sözdə müsəlman idilər. İmperatorluq qurmuşdular, yeni ölkələr işğal edib, qadınları kölə kimi daşıyaraq satırdılar. Bunun İslamla bir əlaqəsi yox idi. Babək buna qarşı çıxırdı. Babək inanc və ideya baxımdan islamla əlaqədar olmamışdır. Xürrəmilik Sasanilər dövründə ortaya çıxmış məzdəkçiliyin davamı olaraq meydana çıxmışdı. M. Ə. Rəsulzadə yazır ki, 19-cu əsrə qədər Azərbaycanda Babəkilik söyüş kimi istifadə olunurdu. Çünki, Babək məğlub edildikdən sonra ona qarşı çox mənfi təbliğat apardılar.

“Məcmə-üt-təvarix” kitabında deyilir ki, Məzdək Ənuşirəvan Sasanilər tərəfindən öldürüldükdən sonra onun Xürrəmə adlı qadını bu soyqırımdan canını qurtararaq Rey şəhərinə qaçmış, orda əhalini məzdəki inancına dəvət etmişdi. Ancaq məzdəkilik yasaq olduğu üçün, Xürrəmə adıyla yeni bir təlim meydana çıxır. Xürrəmiliklə məzdəkilik arasında çox dərin bağlar vardı. Bakıxanov “Gülüstani-İrəm” kitabında yazır ki, böyük ehtimala görə, Azərbaycan sözü Azərbabəkan sözünün ərəbcələşmiş formasıdır. Əbu Hənifə yazır: Babək Əbu Müslüm Xorasaninin qızı Fatimənin nəvəsidir.

Əbu-Müslüm Əməviləri devirmiş və onun hesabına Abbasi xilafəti qurulmuşdu. Abbasilər xilafəti qurulduqdan təqribən 60-70 il sonra Babək meydana çıxmışdı. Əbu Müslüm Xorasaninin qızı Fatiməni Xorasaninin tərəfdarları imam olaraq qəbul edirdilər. Bu cərəyana “Müslümüyyə” deyirdilər. Bu hərəkatın Babək hərəkatında böyük rolu vardı. Bu bir növ intiqam hərəkatı idi. Nə Əbu Müslüm Xorasaninin, nə də Babək Xürrəmdinin türklüklə yaxından-uzaqdan bir əlaqəsi olmamışdır.

Səadət A.

- Bəs Babəkin milliyyəti nə idi?

Güntay G.

Güntay Gəncalp
Güntay Gəncalp

- Biz Babəkin məğlubiyyətindən sonra bu torpaqlara gəlmişik. Mənbələrdə yazılır ki, zatən Babəki məğlub edən ordular türklər idilər. Babəklə vuruşmaq üçün, kiçik Asiyadan, Xorasandan türklər gətirmişdilər. Böyük Buğa, kiçik Buğa, Afşin, Aşnaq o ordunun başında idilər. Babəkin ordusunda yerli millətlərin hamısından vardı, kürd vardı, talış vardı, erməni vardı, amma türk yox idi.

Ceyhun B.

- Güntay bəyin fikirlərində bəzi həqiqətlər olsa da, xeyli təhrif olunmuş fikirləri də var. Güntay bəyin yəqin sünni hədis kitablarından, orda İmam Mehdinin əvvəlcədən gözlənilməsindən xəbəri yoxdur. Güntay bəyin dediyi Xürrəmdin adını ancaq bir neçə fars tarixçisi istifadə edir.

O deyir ki, xürrəmilər Fatiməni özlərinə imam seçmişdilər, ancaq islamda qadının imam seçilməsi heç vaxt məlum deyil, qadını uzaq başı övliya hesab edərdilər. İmam sözünün özü artıq İslama inancın olduğunu göstərir, çünki başqa dinlərdə belə sözə rast gəlinmir. Babəkin türklüklə əlaqəsi yoxdur deməsi də absurddur, Babəkin qoşunlarında farslar, ermənilərin olması haqda heç bir məlumat yoxdur, yalnız İsmət əl Kurdi adlı bir kürdün adı çəkilir.

Babəkin ölüm anında gülərək Anadolu türkcəsində “asan ya” (asan imiş ki) ifadəsini işlətdiyi deyilir. Bu, sırf türk dilində işlədilmiş bir sözdür. Əlavə olaraq Təbəri yazır ki, Afşinin qoşunları qalanı ox yağışına tutanda, qalanın bürclərində Babəkin əmri ilə qopuz çalınırdı. Qopuz türklərə məxsus bir musiqi alətiydi.

Səadət A.

- Güntay bəy, siz necə bilirsiniz, xürrəmilər hərəkatı bir üsyan idi, yoxsa bir dövlətin öz ərazisini ərəb işğalından qorumaq üçün bir müharibə?

Güntay G.

Babək
Babək

- Ceyhun bəyin söylədiklərinin Babəklə heç bir əlaqəsi yoxdur. O deyir ki, Babəkin dövründə Azərbaycanda İmamzadə tikilmişdi. Babəkin sağlığında 11-ci imam sağ idi, imamlar özləri yaşaya-yaşaya imamlığın bir mənası olmazdı ki. İmamlıq ancaq imamlar öldükdən sonra ortaya çıxmış bir anlayış idi. Ədalət uğrunda vuruşmaq üçün mütləq müsəlmanmı olmaq lazım idi? Niyə axı Babəki zorla müsəlman kimi təqdim etməyə çalışırsınız?

Səadət A.

- Güntay bəy, Babək hərəkatı ideoloji hərəkat idi, yoxsa milli azadlıq mübarizəsi?

Güntay G.

- Mənə görə Babək bir qəhrəmandır, türk deyil, Abbasi imperatorluğunun təcüvüzünə qarşı mübarizə aparırdı.

Elnur Nəsirli

- Babək hərəkatının milli-azadlıq mübarizəsi ilə heç bir əlaqəsi yox idi, tamamilə o dövrdəki siyasi vəziyyətlə bağlı meydana çıxmış bir üsyan idi Xürrəmi üsyanı. Bu, Abbasilər dövründə baş vermiş yeganə üsyan deyil. Ondan bir müddət sonra İraq ərazisində Babək hərəkatından da böyük Zənc üsyanı meydana çıxacaqdı. Xürrəmi hərəkatının təməlində müəyyən iqtisadi, ictimai səbəblər də dururdu. Tarixdə Babəkin Bizans imperatoru Feofillə məktublaşdığı və gizlində xristian olduğu haqda məlumatlar da var. Babəkin ətrafında çoxlu müsəlmanlar da vardı.

M. Ə. Rəsulzadə yazır ki, Dağıstanın azadlıq carçısı Şamillə, Gəncənin igid müdafiəçisi Cavad xandan bəhs olunmur, Azərbaycan tarixinin dərinləri araşdırılıb ordan Babək kimi adamlar çıxarılır. Babək İslamiyyətin düşməni idi. Bu da kommunizmə əngəllər törətmir. Daha sonra yazır ki, 19-cu əsrə qədər “babəki” sözü azad düşüncəli, dinə inanmayan adamlara qarşı söyüş kimi işlədilirdi, indi isə qəhrəmanlıq simvoluna çevrilib.

Ceyhun B.

- Babək üsyan başçısından çox dövlət hökmdarı idi. Babək hərəkatı istiqlaliyyət mübarizəsi idi...

Debatın videoyazısı

XS
SM
MD
LG