Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

Azərbaycan hakimiyyəti IREX-ə niyə SPY-REX deyir?


Arxiv fotosu: Azərbaycanda Channel 13 TV-nin komandası texniki avadanlıqlar alınmasında dəstəyə görə İREX-ə təşəkkür edir.
Arxiv fotosu: Azərbaycanda Channel 13 TV-nin komandası texniki avadanlıqlar alınmasında dəstəyə görə İREX-ə təşəkkür edir.

.

AZƏRBAYCANDA KÜLƏKLƏR SƏMTİNİ DƏYİŞƏNDƏ...

ABŞ-ın gəlir əldə etməyi nəzərdə tutmayan Beynəlxalq Araşdırma və Mübadilə Şurası - İREX (International Research and Exchange Board) keçmiş sovet ölkəsi olan Azərbaycanda 16 il elmi mübadiləyə və müstəqil medianın inkişafına xidmət edib. Lakin bu günlər beynəlxalq media müdafiəçiləri üçün Azərbaycanda işləmək asan deyil. Ölkə yerli və xarici vətəndaş cəmiyyəti qruplarını məngənə kimi sıxır və ifadə azadlığının meydanı getdikcə daralır.

İREX Azərbaycanda səmtini dəyişən siyasi küləkləri bu yayın əvvəllərindən hiss etməyə başlamışdı. O vaxt hökumət yönlü qəzetlərdən biri təşkilatı ölkədə mümkün inqilabı maliyyələşdirməkdə ittiham etmişdi.

İREX bildirir ki, o vaxtdan bəri Azərbaycan mediasının və təhlükəsizlik xidmətinin hədəfinə çevrilib: iyul ayında bank hesabı dondurulub. Sentyabrda isə yerli və xarici QHT-lərə qarşı cinayət təhqiqatı çərçivəsində İREX-in də Bakı ofisinə reyd keçirilib.

Leon Morse
Leon Morse

Nəhayət İREX-in Vaşinqton ofisi bu il oktyabrın 8-də qərara gəldi ki, Azərbaycanda 1998-ci ildən başlamış fəaliyyətinə son qoysun:

“Bu qapanış qərarını qəbul etmək İREX üçün asan olmayıb, baxmayaraq ki, bu hadisə bizim üçün gözlənilməz də deyildi. Biz hər hansı bir yerdə müstəqil media layihəsi üzərində işləyəndə, hökumətlər bizi təhlükə şəklində görürlər” – deyir İREX-in direktor müavini və Media Dayanıqlılığı İndeksinin (Media Sustainability Index) menecer redaktoru Leon Morse.

İREX-İ BAĞLAYAN TƏKCƏ AZƏRBAYCAN DEYİL...

Son bir neçə ildə İREX təkcə Azərbaycanda bağlanmayıb. Bundan bir qədər əvvəl keçmiş sovet respublikalarından Belarus və Özbəkistanda da belə addım atmağa məcbur olub.

Avtoritar düşüncəli hökumətlər, və ya hətta söz azadlığının qaydalarını hakimiyyətdə qala bilmələri naminə öz xeyirlərinə dəyişməyə can atan hökumətlər bütün tərəfləri bərabər və ədalətli araşdıran mediaya təhlükə mənbəyi kimi baxırlar

Morse-nin fikrincə, bu meylin arxasında hökumətlərin müstəqil medianı dəstəkləyən layihələrə “məkan vermək istəməməsi” dayanır. Onlar ölkə daxilində baş verənlərin və siyasətin obyektiv və bərabərhüquqlu media tərəfindən işıqlandırlmasından qorxurlar.

“Avtoritar düşüncəli hökumətlər, və ya hətta söz azadlığının qaydalarını hakimiyyətdə qala bilmələri naminə öz xeyirlərinə dəyişməyə can atan hökumətlər bütün tərəfləri bərabər və ədalətli araşdıran mediaya təhlükə mənbəyi kimi baxırlar” – deyir Morse.

İREX NECƏ YARANMIŞDI?

İREX-in dünya boyunca elmi mübadilə və medianın inkişafı sahəsində proqramları uzun tarixə malikdir. Əslində təşkilatın yaradılması 1958-ci ildə qaldırılmış bir təşəbbüsdən qaynaqlanır. O vaxt iki rəhbər – ABŞ prezidenti Dwight Eisenhower və SSRİ Nazirlər Kabinetinin sədri Nikita Khrushchev ölkələri arasında elm və təhsil mübadiləsinə dair sənəd imzalamışdılar.

İREX-ə sələf olan təşkilat 1968-ci ildə formalaşıb və o vaxtdan bəri Sovet İttifaqı və Şərqi Avropa ilə mübadilə fəaliyyətinə başlanıb.

1991-ci ildə SSRİ-nin çökməsindən sonra İREX Azərbaycan da daxil olmaqla, yeni müstəqil ölkələrdə keyfiyyətli jurnalisitika və müstəqil mətbuatın inkişafını dəstəkləməyə başlayıb.

YARDIM PULUNDAN VERGİ TUTMAQ CƏHDİ...

Bu gün bir çox postsovet ölkələrində – Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Moldova və Ukraynada İREX-in ofisləri fəaliyyətlərini davam etdirirlər.

Morse deyir ki, Azərbaycanda hökumətin İREX-ə təzyiqləri yayğın idi: rəsmilər təşkilata əvvəlcə bildirmişdilər ki, onu vergidən yayınma cinayəti iddiası ilə araşdırırlar.

Onun sözlərinə görə, halbuki İREX iki ölkə arasında bağlanmış ikitərəfli razılaşmaya əsasən Azərbaycanda vergidən azad idi. Onun bütün əməliyyatları ABŞ-ın USAİD yardım təşkilatı tərəfindən maliyyələşdirilirdi:

- Biz yalnız USAİD tərəfindən maliyyələşdirilən layihələri həyata keçirirdik və belə düşünürdük ki, yardım pulu vergiyə məruz qalmamalıdır.

Əlbəttə heç kəs kamil deyil. Lakin demokratik ideya, demokratiyanın məqsədi ABŞ-ən etdiyi səhvlərə görə iflasa uğramır.

Morse-nin sözlərinə görə, elə həmin arada İREX adının başqa bir cinayət işində hallandığından da xəbər tutub.

İREX Azərbaycanda təzyiqə məruz qalan yeganə xarici QHT deyil. Azərbaycan rəsmilərinin çoxdandır ki, şübhə ilə yanaşdıqları başqa Qərb QHT-ləri də ölkəni tərk etmələri üçün təzyiqlərə məruz qalır.

İyulun əvvəllərində ABŞ-ın demokratik inkişafı dəstəkləyən Milli Demokratiya İnstitutunun (National Democratic Institute) Bakıda 1995-ci ildən fəaliyyət göstərən ofisi bağlanıb. Transparency International, “Açıq Cəmiyyət” İnstitutu (Open Society Foundation) və lap bu yaxınlarda Amerika hökumətinin Amerikanın bütün dünyada xoş məram və zərif qüvvəsini təbliğ edən Sülh Korpusu da eyni taleyi yaşayıb.

SPY-REX NƏ DEMƏKDİR?

Azərbaycanın QHT-ləri bağlamaq qərarı Bakı ilə Vaşinqton arasında onsuz da çətin münasibətləri daha da gərginləşdirib. Prezident Barack Obama sentyabrın 23-də Nyu Yorkda etdiyi çıxışında deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.

Müəllifin əlaqə yaratmağa çalışdığı Azərbaycan rəsmiləri İREX və başqa beynəlxalq QHT-lərin üzləşdikləri təzyiqlər barədə şərh verməkdən imtina ediblər. İREX barədə rəyi soruşulan bir keçmiş Azərbaycan diplomatı isə telefon zənginə cavabında “belə təşkilatlar barədə şərh vermədiyini” deyib və İREX-i “Spy-REX” (spy- casus deməkdir) adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə ötən həftənin əvvəlində Azərbaycanda işləyən ABŞ QHT-lərindən giley edən 60 səhifəlik məqaləsində Vaşinqtonu “prezident İlham Əliyevi devirmək cəhdində” ittiham edib.

İNDİ NƏ BAŞ VERİB?

Richard Kauzlarich
Richard Kauzlarich

"Zəmanə o vaxt dəyişdi ki, 1990-cı illərdən başlayaraq ABŞ QHT-ləri birbaşa keçmiş Sovet məkanında fəaliyyətə başladılar", - deyir ABŞ-ın Azərbaycandakı səfiri olmuş Richard Kauzlarcih: "Başlanğıcda bu layihələrə ona görə tolerantlıq göstərilirdi ki, bunu ABŞ-ın yenicə müstəqil olmuş ölkələrin gələcəyində maraqlı olmasının işarəsi kimi görürdülər.

İndi isə, həmin qurumlara ABŞ-ın bu ölkələrdəki mövcud siyasi rejimləri yıxmaq niyyətinin əlamətləri kimi baxırlar.

Biz bu ölkələrdə demokratiyanı, ifadə azadlığını və insan haqlarını müdafiə etmək üçün yeni, müxtəlif mexanizmlər tapmalıyıq.”

Kauzlarich bildirir kİ, o, uzaq perspektiv üçün narahat deyil. Onun fikrincə, ortaya hətta bəziləri yerli qaydada maliyyələşdirilən başqa proqramlar çıxacaq. Lakin indiki ara müddətdə, “hamı üçün çətin olacaq” – deyir keçmiş səfir.

İREX-in rəhbərlərindən Leon Morse də qeyd edir ki, təşkilat hələ də Azərbaycanda işləməyə hazırdır: “Əgər bizə vəsait ayırsalar və Azərbaycanda hüquqi təqibə son qoysalar, biz ora mütləq qayıdarıq”.

O əlavə edir ki, ABŞ həmişə olduğu kimi yenə də dünya boyunca demokratik islahatlar uğrunda mübarizə aparan fərdlərin dəstəklənməsi ideyasına sadiqdir:

“Bəzən belə söhbətlər eşidirəm ki, “Amerika özünə baxsın. Özünün Milli Təhlükəszilik Agentliyi casus qalmaqallarına düşüb, Quantanamoda dustaq saxlayır və bunlar o deməkdir ki, ABŞ demokratiyanı yaymağa layıq deyil”.

Əlbəttə ki, heç kəs kamil deyil. Lakin demokratik ideya, demokratiyanın məqsədi ABŞ-ən etdiyi səhvlərə görə iflasa uğramır.

ABŞ yeganə demokratiya deyilidir və ABŞ-ın və hər hansı başqa ölkənin etdiyi səhvlər demokratiyanın əhəmiyyətini azaltmır.”

XS
SM
MD
LG