Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:11

Vaqif Sultanlı. Xiffət


Vaqif Sultanlı
Vaqif Sultanlı

-

Vaqif Sultanlı

XİFFƏT

Hekayə

Qaranlıq otaqda uçuşan milçəklərin yalnız səsini eşidirdi; yuxudan tamam ayılmamışdı. Və uçuşan milçəklərin səsini eşidə-eşidə ona elə gəlirdi ki, heç nə eşitmir, mütləq sakitlikdi, çünki qaranlıqsa heç nə eşidilməməlidi – onun təsəvvüründə həyatın, təbiətin məntiqi beləydi. Ona elə gəldi ki, qapı aralandı, otağa kimsə daxil oldu, hətta qapı aralanarkən qaranlığa hücum çəkən soyuq işıq selini də gördü. Torpaq döşəmədə yaş süpürgə gəzməyə başladı. Otağı süpürüb zibili buxarının gözünə tökdü­lər, sonra kölgə necə gəlmişdisə, eləcə də qeyd oldu.

Srağagün gördüyü yuxunun cazibəsindən heç cür qopam­mırdı. Yuxuda görürdü ki, əri çıl-çılpaq pambıq kimi yumşaq qarın içində uzanıb onu səsləyir:

– Çıxar sən də paltarlarını, - deyir, - gəl uzan burda, ya­man sərindi. Orda, istidən, bürküdən nəfəsim çatlayır.

Soyuqdan dişləri taqqıldaya-taqqıldaya ayağının birini gö­tü­rüb o birini qoyur.

– Çıxar, - deyir, - gəl uzan yanımda, bura yaman sərindi, gün bişirdi axı səni. – Əri mismar barmaqlarıyla sümükləri ağa­ran biləyindən yapışmışdı, nə illah eləyirdisə, onun əlindən, bar­maqlarından qopammırdı.

– Burax, - deyirdi, - burax əllərimi, qoy gedim sənə isti pal­tar gətirim, soyuqdu axı...

– Gəlməyəcəksən, - deyir, - bilirəm, getdinsə, gəlməyə­cəksən, yaxşı tanıyıram səni.

Yalvarırdı, yaxarırdı, dartınırdı, mismar barmaqlardan açı­­lammırdı. Dartındıqca barmaqlar sümüklərinə işləyirdi. Və birdən... sol qolu biləyindən qopub ərinin barmaqları arasında qalır, fırlanıb-fırlanıb ağappaq qarın içərisinə yıxılır. Huşunu itirir, handan-hana sağ qoluna dirsəklənib birtəhər ayağa qalxır.

Birdən-birə düzü-dünyanı bürümüş qar nəhri səs eləyə-eləyə əriməyə başlayır və əri bu ucsuz-bucaqsız qar nəhrilə birgə axıb gedir. Uğuldaya-uğuldaya axıb gedən qar selinin dalınca yaşıl bir dünya başlayır. Qışqıra-qışqıra, tövşüyə-töv­şüyə qar selinin dalınca yüyürür.

– Ver mənim əlimi, - deyir, - mən əlsiz neyniyə billəm..

Gözlərini açıb qaranlıqda o yan bu yana göz gəzdirir; üstündən sürüşüb yerə düşən yorğanı götürmək istəyir, bacar­mır. Ağac kimi yanına düşən sol qolunu sağ əlilə yoxlayır.

«– İflic?!..».

Bir andaca gözlərinə qaranlıq çökür.

Yuxarıda yata bilmirdi, xəstələnib yatağa düşəndən yerini aşağı evə köçürtmüşdü. Burda nə uşaqların səs-küyü vardı, nə də gəlib-gedənlərin sual-sorğusu. Bir də buranı ona görə is­təyirdi ki, döşəməsi torpaq idı, ömrünün çoxu bu sayaq evdə keçmişdi; indi oğlunun taxta döşəməli evinə uyuşammırdı.

Günün hansı vaxtı olduğunu bilmirdi, yerindən qalxa bil­səydi, qapını açıb bayıra nəzər salardı. Ancaq... yadına düşdü qa­­pının bayaq açılıb örtülməyi, içəri hucum çəkən soyuq işıq seli. De­məli, gündüzdü, hava işıqdı. İşıqdısa yatmamalıdı, yox­sa uzun gecəni səhər eləyəmməzdi. Qaranlıq otaqda gecəni gün­düzdən seçəm­məsə də, gündüzləri birtəhər başa vururdu, ancaq gecəni yuxu­suz keçirmək əzab idi, işgəncəydi, elə buna görə də bacardığı qədər yuxusunu qoruyub gecəyə saxlamağa çalışırdı.

Milçəklər bayaqkı yorucu səsləriylə vızıldaşa-vızıldaşa uçuşurdular. Ona elə gəlirdi ki, qaranlıq otaqda, yaylı çarpayıda uzanmayıb, sanki dünyanın qurtaracağında sonu-səmti bilin­məyən bir boşluqla üz-üzə dayanıb, yatağında azacıq çevrilsə, dibsiz dərinliyə yuvarlanacaq. Elə bil bu boşluq dünyanın, hə­yatın sərhədiydi, sonuydu, ömür-gün başa vurulanda, insan mütləq bu sərhədə gəlib çatmalıydı, bu boşluqla üz-üzə dayan­malıydı.

İçərisini xəstəlik qovursa da məhəl qoymur, bilir ki, öm­rün, yaşın bu çağında ağrı-acılar yüngül gəlib keçir. Ağrıları öləziyəndə yuxu aparırdı, sonra yenə oyanır və təzədən yuxu; yuxuyla düşüncələri elə qarışır ki, bir-birindən ayıra bilmir. Ona elə gəlirdi ki, hər şey dünən olub, srağagün olub, lap bu ya­xınlaracan uşaq idi, cavan idi, sevirdi, sevilirdi. Aradan keçən illəri görmürdü, duymurdu, ömrün, həyatın belə erkən sovuş­duğunu dərk eləyəmmirdi.

Bağın ətəyindən sakit-səssiz aran çayı axırdı. Gündüzün cürbəcür səs-küyündən çayın səsini eşidəmmirdi, gecələr isə sirli-sirli şırıldayan suyun səsi apaydın eşidilir. Onda yata­ğından qalxıb bağın ətəyinə, çayın sahilinə enmək istəyirdi. Ancaq taqətsizlikdən yatağından qopammır, beləcə çayın sirli nəğməsi səssiz-səssiz oxuna-oxuna gecənin, qaranlığın yadda­şından keçib gedir.

İştahası çəkilib; belə çağlarında insan istəməsə də, yemə­lidi, ömrün, yaşamağın xatirinə. Ancaq yemək istəmirdi, qətiy­yən istəmirdi. Xeyli vaxtdı ki, dərmanları da qurtarmışdı, bu barədə oğluna demək istəmir. Bilir ki, iş adamıdı, şəhərə dər­man dalınca getmək üçün gərək işini-gücünü buraxa. Dərmansız keçinmək də çətindi, gözləyirdi ki, oğlu özü soruşa, maraqlana, ondan da səs çıxmırdı.

Qapı aralanır; yuxuyla oyaqlığın arasındadı. Gözlərini açmasa da, bilir oğludu, çünki həmişə bu vaxtlar gəlir yanına. Gəlib oturur, kötüyə dönmüş əllərini ovcuna alır, dilucu nə isə deyir, soruşur, o da nə isə cavab verir. Bilir ki, burda, mənzilin aşağı qatında yatmağından oğlu narazıdı, hətta bir dəfə ağır xəstə olanda oğlunun çarpayıyla birgə onu yuxarı daşıtdırmağı da yadındadı. Oğlunu başa düşürdü; başa düşürdü ki, hardasa haqlıdı, ancaq özüylə bacarmırdı.

Oğluyla gəlini arabir sözləşirdi, aşağıda hər şeyi eşidir. Aralarında əsən soyuq küləkdən də xəbərdardı, oğlunun alınan, alçalan səsindən də. Ancaq üzə vurmur, ailənin taleyinə kə­nardan əl qatılmamalıdı – bunu təcrübəsindən bilir.

Yuxu tutduğu üçün oğlunun nə vaxt çıxıb getdiyindən xəbəri olmur.

Gözlərini yuman kimi qaranlıqda Əzrayılın nəfəsini du­yur­du, küncdə yaş torpağın üstündə bardaşqurma oturub uzun kirpiklərini daraya-araya ona baxır, ruhunu oğurlamaq üçün girəvə axtarırdı. Gözlərini açan kimi Əzrayıl qeybə çəkilirdi. Uzun gecəni səhər eləyənəcən onunku ona dəyirdi. Dəqiqələr, saniyələr yüklü karvan kimi beləcə ağır-ağır çəkilib gedirdi. Səhərin açılmasını toyuq-cücənin, mal-heyvanın səsindən bilir­di. Bilir və rahatlanırdı; bütün gecəni Əzrayılla çarpışmaqdan yorulub tabdan düşmüş bədənini yuxu aparırdı; qaranlıq otaqda oyana-oyana, səksənə-səksənə günortaya kimi yatırdı.

Ötən həftə körpəcə nəvəsi, ayparçası kimi qız gözə gəldi – ikicə günün içərisində çığıra-çığıra canını tapşırdı. «Yatan ölməz...» deyərlər. Bu ölümdən sonra əhvalını da soruşan yoxdu oğlundan savayı; onun da gəlişindən-gedişindən çox zaman xə­bər tutmur­du.

Bayırda külək belədən-belə vıyıldayırdı. Küləyin qarşı­sında ikiqat bükülən üryan budaqların yalvarışlarını eşidirdi. Buxarının nə vaxt yandırılmağından xəbəri yoxdu, ancaq so­yuq­du, yaman soyuqdu, sümükləri sızıldayır, az qala sürünüb oca­ğın gözünə girmək istəyirdi. Bayırda əsən külək burda – qa­ranlıq otaqda içini-içalatını doğrayıb keçirdi. Ona elə gəlirdi ki, içərisinə çökmüş soyuqluğu heç bir şeylə çıxarmaq olmaz.

Axşama doğru yüngülləşməyə başladı, qalxıb yatağının içərisində oturdu. Yuxunun əks-sədası qulaqlarından çəkilib getmək bilmirdi. Səs onu sehr kimi, tilsim kimi işığa çağırırdı. Səs qulaqlarında əks-səda verə-verə uzaqlaşdıqca ürəyi bu səsə qoşulub getmək istəyirdi. Səs gedirdi, gedirdi, onu arxasınca çəkib aparmaq üçün qayıdır, yenidən gedirdi. Nə illah elə­yirdisə, səsin sehrindən, tilsimindən açılammırdı... Birdən-birə elə yüngüllük duydu ki, elə bil təzəcə anadan olmuşdu. Çar­payının millərindən tutub qalxdı; bu bir ildə ilk dəfəydi ki, ayağa dururdu.

Qapını aralayıb bayıra çıxdı. Üfüqdə əriyən günəşin so­yuq şəfəqləri gözlərini qamaşdırırdı. Həyətdə heç kəs gözə dəy­mirdi, təkcə yuxarı otaqdan oğlu ilə gəlininin səsi gəlirdi; nə barədəsə mübahisə edirdilər.

Bayırda dayanıb dünyanın genişliyinə tamaşa eləmək is­tə­yirdi, ancaq ayaqları onu evin qənşərindəki qarağacın altına çəkirdi. Qarağacın dibindəki sal daşın üstündə oturub kürəyini ağacın çopur-çopur gövdəsinə söykədi. Onu xəstə yatağından qoparıb işığa, günəşə çağıran səs qarağacın içindən gəlirdi. Qışın soyu­ğunda yarpaqlayan ağacın yaşıl budaqlarına baxdı. Qarağacı ilk dəfəydi ki, ilin bu vədəsi beləcə yarpaqlayan görürdü. Qara­ğacın içindəki apaydın səs ruhuna, varlığına yuxu kimi yayılırdı və bu səsin ağacın özəyindən, qabığından ağrıya-ağrıya necə çıxıb gəldiyini bütün əzalarıyla duyurdu.

Başını qaldırıb bir də budaqlara baxdı. Gözlərinə inan­madı; qarağacın yaşıl yarpaqları sızıldaya-sızıldaya qopub don­muş torpağın üstünə tökülürdü.

1985, Bakı

XS
SM
MD
LG