Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Xədicə İsmayılın vəkili təcridxanaya girməkdən imtina edib


Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

.

Həbsdə olan jurnalist Xədicə İsmayılın vəkili Yalçın İmanov yanvarın 14-də qanunsuz daxili yoxlamalara etiraz olaraq Bakı İstintaq Təcridxanasına girməkdən imtina edib. Bu haqda AzadlıqRadiosuna vəkilin özü məlumat verib. O bildirir ki, yoxlamalar davamlı xarakter aldığından bununla bağlı iradını bir neçə dəfə təcridxana rəhbərliyinə çatdırıb. Vəkil deyir ki, iradları nəzərə alınmadığından bu cür addım atmağa məcbur olub:

“Bir neçə aydır ki, siyasi məhbusların vəkilləri təcridxanaya girişdə və çıxışda qanunsuz olaraq uzun-uzadı yoxlanır, kitabçalarında ciddi-cəhdlə nələrsə axtarılır. Bu gün Xədicə İsmayılla görüşmək üçün təcridxanaya getdim. İradlarıma baxmayaraq yenidən üzərimdə yorucu axtarışlar aparmağa başladılar. Buna etiraz olaraq təcridxanaya girməkdən imtina etdim”.

Yalçın İmanov deyir ki, yoxlamaların yalnız siyasi məhbus vəkillərinin üzərində aparılması digər niyyətlərdən xəbər verir:

“Söhbət təcridxanaya qanunla qadağan edilmiş hər hansı əşyanın qarşısını almaqdan getmir. Ümumi qapının girişindən keçərkən bu cür əşyalar dərhal üzə çıxır. Burada məqsəd siyasi məhbusların mediaya göndərdiyi informasiya olub-olmadığını araşdırmaqdır. Bu cür işləmək artıq mümkünsüzdür. Burada digər məqsəd də vəkilləri bezdirməkdir. Bütün hallarda itirən müdafiə tərfi olur”.

Yalçın İmanov Xədicə İsmayıl da daxil olmaqla siyasi məhbus kimi tanınan bir neçə şəxsin vəkilidir.

Media ilə təmaslarına görə Xədicə İsmayıl bundan əvvəl də təcridxanada cəzalandırılıb. Təcridxana rəhbərliyi yeni illə bağlı təbriklərini mediaya göndərməsinə görə ona xəbərdarlıq elan edib.

Hələlik jurnalistin saxlandığı təcridxananın rəhbərliyi vəkilin bugünkü iddiaları ilə bağlı hər hansı açıqlama verməyib.

Xədicə İsmayıl keçən il dekabrın 5-də həbs olunub. O, Tural Mustafayev adlı şəxsi özünüöldürmə həddinə çatdırmaqda ittiham olunur. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa/Azadlıq Radioları korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan məmurlarının qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

XS
SM
MD
LG